Nəqliyyat naziri hansı səbəbdən Kəmaləddin Heydərovun hədəfinə gəlib?
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan qəzet və saytlara nəqliyyat naziri Ziya Məmmədovla bağlı xüsusi tapşırıq verilib. “Azadlıq”a sızan məlumata görə, tapşırıq Ziya Məmmədov barədə tənqidi materiallara geniş yer verilməsi barədədir.
“Həmin media orqanlarının rəhbərlərinə tapşırılıb ki, Ziya Məmmədov barədə hətta başqa qəzet və saytlarda dərc olunan tənqidi materialları da gözdən qaçırmamalı, onları dərhal tirajlamalıdırlar”, – deyə məlumatda bildirilir.
Ziya Məmmədovun hədəfə gəlməsinin dəqiq səbəbi bəlli deyil. Lakin müəyyən ehtimallar var. Bəzi versiyalara görə, “yuxarılar” artıq artıq Ziya Məmmədovla vidalaşmağı düşünür. Lakin bu ehtimal bir qədər inandırıcı görünmür. Çünki elə bir neçə gün əvvəl Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu “Qaran Holding”in hüquqşünası Ruslan Məmmədov media holdinq yaratmaları barədə açıqlama verib. Əgər Ziya Məmmədov “vurulursa” o zaman nə üçün ona media holdinq yaratmasına icazə verilir? Başqa versiyaya görə, Ziya Məmmədovun hədəfə gəlməsi onun daha yüksək posta təyin olması ilə bağlı ola bilər. Nəqliyyat naziri baş nazir postuna iddialı məmurlardan biridir. Bundan əvvəl Rövnəq Abdullayevin bu posta təyin olunacağı deyilirdi. Və maraqlıdır ki, elə həmin ərəfədə onun media holdinq yaratması barədə məlumat yayılmışdı. ARDNŞ prezidenti bu məlumatlardan sonra gəlmişdi. Xüsusilə Kəmaləddin Heydərovun nəzarətində olan media orqanlarında Rövnəq Abdullayevin tənqidinə yönəlik materiallar yer aldı. Indi oxşar proses Ziya Məmmədovla bağlı gedir.