İlham İsmayıl: «Məlum olur ki, onları koordinasiya edən müəyyən bir mərkəz var və bu mərkəzin tapşırığı ilə hərəkət edirlər»
Son günlər ölkədə vəhabilərin aktivləşməsi müşahidə olunur. Belə ki, iki gün öncə günorta saatlarında vəhhabi təriqətinə mənsub olan 40-dək şəxs Siyəzən Rayon Icra Hakimiyyətinin binası qarşısında aksiya keçirdi. Verilən məlumata görə, onlar dini icmaya imam təyin olunmasını tələb ediblər.
Bu dini təriqətə mənsub insanların daha bir aksiyası isə Bakının Sabail rayonu ərazisində qeydə alınıb. Günorta saatlarında vəhhabilərlə polislər arasında insident yaşanıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, sələfilər Içərişəhərdə “Ləzgi məscidi” kimi tanınan “Aşurbəy” məscidində kütləvi şəkildə namaz qılmaq istəyiblər. Namaza çox insan qatıldığı və məscid çox darısqal olduğu üçün insanlar məscidin kənarına çıxaraq küçədə ibadət etmək istəyiblər. Bu zaman hüquqmühafizə orqanları sələfilərə məscidin içərisinə girməyi və çöldə ibadət etməməyi məsləhət biliblər. Sələfilər isə öz növbəsində polislə mübahisə edib və onlara müqavimət göstərib. Nəticədə insident baş verib.
Son günlər ölkəmizdə reallaşdırılan bəzi səfərlərin də vəhhabiliklə bağlı olduğu bildirilir. Bir neçə gün öncə Rusiyanın Daxili Işlər Naziri Vladimir Kolokotsev Quba rayonunda səfərdə oldu. Daha çox səsləndirilən fikir bundan ibarət oldu ki, səfərin məqsədi vəhhabiliklə bağlıdır. Yəni Rusiya vəhabilyə qarşı Azərbaycanla birgə əməkdaşlıq etmək istəyir. Daha sonra Səudiyyə Ərəbistanın sərhəd xidmətinin baş direktoru Azərbaycana səfər etdi. Xatrıladaq ki, bu ölkə vəhabiliyin əsas dayaqlarından hesab olunur.
Təhlükəsizlik üzrə ekspert Ilham Ismayıl bildirdi: “Təbii ki, Rusiya rəsmisinin Azərbaycana səfəri zamanı vəhabilərlə bağlı müzakirə aparıla bilərdi. Çünki Rusiya da radikal vəhhabilikdən əziyyət çəkir. Vəhhabilərin Siyəzəndə və Səbaildəki aksiyalarına gəlincə, onlar qeyri-qanuni tələblər səsləndirməyiblər və QMI-dən məscidə imam təyin etməyi tələb ediblər. Ancaq məlum olur ki, onları koordinasiya edən müəyyən bir mərkəz var və bu mərkəzdən belə bir tələbin səsləndirilməsi tapşırığı verilib. Indiki halda onlar yanlış bir iş etməyiblər. Ümumilikdə isə onların qanunsuz hərəkətlərinin qarşısı alınmalıdır”.
Akif