Baş Prokurorluq rəsmi məlumat yaydı; jurnalist ittihamları rədd etdi; vəkil həbslərin davam edəcəyini söylədi
Baş Prokurorluq Türkiyədən deportasiya olunaraq həbs edilən “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Rauf Mirqədirovla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib:
“Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.
Rauf Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Rauf Mirqədirov tutulduğu andan hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin olunub. Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir”.
“Bu, deportasiya yox, ekstradisiyadır”
Bu arada Rauf Mirqədirovun vəkili Fuad Ağayev mətbuat konfransı keçirib. Vəkil bildirib ki, ermənilər Rauf Mirqədirovun həbsini bayram edir: “Çünki onlar özlərinin ən güclü, savadlı, bu sahə üzrə tam peşəkar olan rəqiblərini sıradan çıxarıblar”. Fuad Ağayev aprelin 21-də Rauf Mirqədirovla MTN-nin təcridxanasında görüşdüyünü deyib. Vəkilin sözlərinə görə, jurnalist ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. “Mənə dedi ki, bu cür ağır cinayət suçlamalarını qəbul etmir, absurddur, o, heç bir cinayət əməli törətməyib, hamısı böhtandır. Daha sonra mənim iştirakımla Raufu Nəsimi rayon məhkəməsinə aparıblar və orada barəsində 3 aylıq həbs qətimkan tədbiri seçiblər”, – Fuad Ağayev əlavə edib.
Vəkil Rauf Mirqədirovun bu şəkildə Azərbaycana verilməsinə görə Türkiyə dövlətini qınayıb və deyib ki, jurnalistin hüquqları pozulub: “Türkiyə Rauf Mirqədirova qarşı Azərbaycan dövləti ilə birlikdə hüquqpozmalara şərik olub. Onun Azərbaycana bu şəkildə verilməsi qanunsuzdur, bu, deportasiya yox, ekstradisiyadır. Rauf polis tərəfindən saxlanarkən, tələb etməsinə baxmayaraq, onu vəkillə təmin etməyiblər. Dostları vəkillə polisə gələrkən isə, Raufu oradan çıxarıblar. Türkiyə Raufu Bakıda tutacaqları ilə bağlı əvvəlcədən məlumatlı olub”.
Fuad Ağayev Rauf Mirqədirovla guya əməkdaşlıq edən tanınmış ermənilərdən birinin adını da çəkib: “Bu, Laura Bağdasaryandır. Onun 2001-ci ildən Leyla Yunusla ortaq layihələri var. Guya Rauf maddi marağa görə Bağdasaryan vasitəsilə erməni xüsus xidmət orqanlarına məlumatlar ötürüb. Bu fakt da onu göstərir ki, Azərbaycan iqtidarı Raufla durmayacaq, başqalarını da bu işə qoşmağa çalışacaq”. Vəkil onu da deyib ki, Rauf Mirqədirova işgəncə verilməyib, onunla nəzakətlə davranıblar. “Raufun saxlanma şəraitindən də heç bir narazılığı yoxdur”, – deyə Fuad Ağayev əlavə edib.
Jurnalist teleaparıcının ifadəsi əsasında həbs olunub?
Rauf Mirqədirovun həbsinin səbəbləri barədə müxtəlif versiyalar irəli sürülür. Axar.az-ın yazdığına görə, həbsdə olan teleaparıcı Ilham Mirzəyev Rauf Mirqədirovun əleyhinə ifadə verib. Sayt Ilham Mirzəyevin AST Şirkətlər Qrupunun prezidenti Telman Ismayılov və baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqələrinin, Türkiyədə “Mardan Palace” hotelində təmənnasız dincəlməsinin, Telman Ismayılovla görüşlərin koordinatorluğunu Rauf Mirqədirov edib.
Qeyd olunur ki, 2013-cü il seçkiləri ərəfəsində Rusiyanın dəstək verdiyi “Milyarderlər Ittifaqı”nın Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün Türkiyədə apardıqları danışıqların təşkilatçılarından biri də Rauf Mirqədirov olub.
Ilham Mirzəyevin vəkili Xanlar Ələkbərzadə bu iddialarla bağı “Yeni Müsavat”a danışıb. Vəkilin sözlərinə görə, teleaparıcının həbs edilən jurnalistlə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, Ilham Mirzəyevlə görüşüblər və Rauf Mirqədirovla bağlı hər hansı söhbəti olmayıb.
Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov məsələyə münasibət bildirib. O, Rauf Mirqədirovu tanımadığını, Ilham Mirzəyevi isə yalnız televiziyadan tanıdığını söyləyib: “Ilham Mirzəyevi televiziyadan tanıyıram. O, televiziyada camaatı ağladırdı. Ilham Mirzəyev məşhur adamdır, əgər nə deyibsə də, eybi yox, desin. Mən ona durub nə cavab verim? Onunla heç bir tanışlığımız yoxdur”.
Jurnalistin xanımından müraciət
Rauf Mirqədirovun xanımı Adilə Babaxanova həyat yoldaşına görə pul yığılması ilə bağlı Facebook-da yayılan elanla əlaqədar KIV-ə müraciət edib.
“Naməlum adamlar bizim adımızdan elan yayaraq pul toplamağa çağırış ediblər. Biz heç kimə müraciət etməmişik və heç kimə pul toplamaq üçün səlahiyyət verməmişik”, – deyə o, bildirib.
Adilə Babaxanova öz uşağıyla birlikdə artıq Ankaranı tərk etdiyini və hazırda Türkiyədə olmadığını da deyib.
“Gəlib məni həbs etsinlər”
“Rauf Mirqədirov 2001-ci ildən etibarən hər il mənim, rəhbərlik etdiyim Sülh və Demokratiya Institutunun xətti ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edir”.
Bu sözləri isə Modern.az saytına açıqlamasında Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirovun həbsinə münasibət bildirərkən deyib. O bildirib ki, Rauf Mirqədirovun həbsində heç bir məna yoxdur. Leyla Yunus hüquq-mühafizə orqanlarını jurnalisti həbsdən azad etməyə çağırıb.
“Rauf Mirqədirovu niyə tutublar anlamıram. Gəlib məni həbs etsinlər”. Institut rəhbəri bu vaxta qədər Ermənistanda keçirilən tədbirlərin NATO-nun Qafqaz ofisinin sponsorluğu ilə gerçəkləşdiyini bildirib: “Biz həmin tədbirlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bəyan edirik. Həmişə Gürcüstan və Azərbaycan nümayəndə heyəti birgə bəyanatla çıxış edir. Indi buna görə Rauf Mirqədirova dövlətə xəyanət maddəsi ilə cinayət işi açmaq çox gülməlidir. Mən ermənilərlə hər gün ünsiyyətdə oluram. Mən və ya Rauf Mirqədirov onlara hansı məlumatlar verə bilərəm?! Bizdə hansı dövlət sirri var ki?!”.
Leyla Yunus jurnalistin həbs edilməsini pisləyən bəyanat yayıb. Bəyanatda Rauf Mirqədirovun cinayət tərkibi ola biləcək hər hansı addım atmadığı bildirilib.
“Inanmıram ki, o dövlətə xəyanətə yol versin”
Azərbaycan Milli Istiqlal Partiyasının (AMIP) lideri Etibar Məmmədov deyib ki, “Ayna-Zerkalo” qəzetinin Türkiyədə fəaliyyət göstərən əməkdaşı Rauf Mirqədirovun tutulması ona da təəccüblü gəlir. O, modern.az-a açıqlamasında Rauf Mirqədirovun dövlətə xəyanət edəcəyinə inanmadığını da bildirib. “Mən özüm də prosesləri yaxından izləyirəm. Mənim üçün həqiqətən maraqlıdır ki, Rauf Mirqədirovun həbsinə səbəb nədir. Çox güman ki, hər şey yaxın vaxtlarda aydınlaşacaq. Amma mən inanmıram ki, o elə bir cinayət eləmiş olsun, dövlətə xəyanətə yol versin”.
Rauf Mirqədirov vaxtilə Etibar Məmmədovun sədrlik etdiyi AMIP Mərkəzi Şurasının üzvü olub. Bundan başqa, hər iki şəxs yaxın əlaqələri ilə tanınıblar.
Milli Məclisin vitse-spikeri Bahar Muradova da Türkiyədən Rauf Mirqədirovla bağlı məsələyə münasibət bildirib.
“Bu mövzunun mahiyyəti mənə bəlli deyil. Onunla hüquq-mühafizə orqanları məşğul olur. Buna görə də sözügedən məsələyə şərh vermək, hər hansı fikir söyləmək istəmirəm. Rauf Mirqədirov mövzusu müvafiq qurumların işidir”.