Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan rəhbəri Anar Məmmədlinin və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrlik etdiyi iclasda Anar Məmmədlinin vəkili Elçin Sadıqov baxış iclası zamanı müdafiə etdiyi şəxsin barmaqlıqlar arasından çıxarılması, vəkillərinin yanında oturması barədə vəsatət verib. Hakim vəsatəti təmin edib. Bildirilib ki, A. Məmmədli baxış iclası zamanı vəkillərinin yanında əyləşəcək.
E. Sadıqov daha sonra prosesdə jurnalistlərə çəkiliş aparılmasına şərait yaradılması, cinayət işinə xitam verilməsi, A. Məmmədlinin digər vəkili Fariz Namazlı isə müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və prosesdə əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər veriblər.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hazırlıq iclasının qərarı elan olunub.
Qərara əsasən, əlavə şahidlərin dindirilməsi barədə vəsatət təmin olunub, digərləri isə rədd edilib.
Baxış iclası aprelin 28-nə təyin edilib.