İttihamları rədd edən AXCP funksionerinin üzünə üç polis əməkdaşı durub
Arif Hacılı isə dünən vəkili ilə görüşüb
2 aprel mitinqi ilə bağlı həbs edilən AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənli aksiyadan bir gün əvvəl onu saxlayan polislərlə üzləşdirilib. Vəkil Mənsum Bayramovun sözlərinə görə, Şəmkir polisində baş tutan üzləşdirmə təxminən 2 saat davam edib. Prosesdə Ş.Həsənli ittihamları birmənalı şəkildə rədd edib:
“Üzləşdirmədə üç polis əməkdaşı iştirak edirdi. Şahin Həsənli ona qarşı irəli sürülən ittihamların qondarma olduğunu, ona böhtan atıldığını dedi. Bildirdi ki, silahla heç bir əlaqəsinin olmadığını hamı bilir. Yarızarafat onu da dedi ki, nə yaxşı hələ ”hörmət edib” narkotik qoymayıblar. Prinsipial məqam odur ki, polislər onu həbs edərkən kompüterdə işlədiyini, Şahin bəy isə həmin vaxt yatdığını deyir. Bir sözlə, polislər üzə duraraq öz fikirlərində qaldılar”.
Ş.Həsənli ilə təkbətək görüşdüyünü deyən vəkil AXCP funksionerinin səhhəti və saxlanma şəraitindən heç bir şikayət etmədiyini bildirib: “Həbsinin siyasi motivli olduğunu, məhz mitinqlə bağlı həbs edildiyini bildirdi.
Amma özünü yaxşı hiss edir, hamıya salam göndərdi, ailəsinə də mənim vasitəmlə çatdırmaq istədiyi sözləri dedi. Üzləşdirmənin nəticəsi ilə bağlı atacağım addımlar istintaqın mahiyyətinə aid olduğu üçün hələlik bu barədə açıqlama vermirəm”.
2 saylı Gəncə Istintaq Təcridxanasında saxlanılan Ş.Həsənli barəsində CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilən Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Bölməyə aparılarkən isə gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb. Gəncə Apelyasiya Məhkəməsi həbs-qətimkan tədbirindən verilən şikayəti təmin etməyərək birinci instansiyanın qərarını qüvvədə saxlayıb. AXCP funksioneri ona qarşı irəli sürülən ittihamın absurd və qondarma olduğunu bildirərək polislərlə üzləşdirilməsini tələb etmişdi.
2 aprel mitinqində saxlanılan Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı isə dünən vəkili Yavər Hüseynlə görüşüb. Bu barədə APA-ya məlumat verən vəkil bildirib ki, A.Hacılının saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Onun səhhəti normaldır.
Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbayel Rayon Məhkəməsi A.Hacılı ilə bağlı 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Gültəkin