Sülhəddin Əkbər: «Əsasən İsraillə Azərbaycan arasında məxfi əməkdaşlıq məsələləri müzakirə olunub»
WikiLeaks saytı Azərbaycanla bağlı daha bir sənəd açıqlayıb. Israilin “Haaretz” qəzetinin dərc etdiyi sənəddə Azərbaycana aid məqamlar da özünə yer alıb. Sənəddə söhbət Azərbaycan-Israil münasibətlərinin gizli məqamlarından gedir. 2007-ci ildə ABŞ-ın Bakıdakı səfiri Enn Dersinin göndərdiyi teleqramda deyilir ki, həmin il fevralın 16-da Israilin Bakıdakı səfiri Artur Lenk onunla görüş zamanı Azərbaycan-Israil təmasları barədə məlumat verib.
Məlumata görə, Ilham Əliyevin təhlükəsizlik məsələləri üzrə köməkçisi general Vahid Əliyev müalicə almaq üçün Israildə olub və fürsətdən istifadə edərək yəhudi dövlətinin müdafiə naziri Efraim Snehin təmsilçisi, habelə “Mossad” təmsilçiləri ilə görüşüb. Teleqramda həmçinin Israilin Azərbaycanla diplomatik və iqtisadi əlaqələr saxladığı qeyd edilir. Israil mətbuatının yazdığına görə, 2009-cu ildə prezident Şimon Peresin Bakıya səfəri zamanı Azərbaycan ərazisində elektron kəşfiyyat şəbəkəsinin yaradılması barədə razılaşma əldə edilib.
Qeyd edək ki, ara-sıra mətbuatda ölkə başçısının mühafizəsinin təşkilində Israil də yer alıb. WikiLeaks-in yaydığı son sənəd də bu məlumatlarda həqiqətin olduğunu deməyə əsas verir. Belə olan halda prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi Vahid Əliyevin “Mossad” təmsilçisi ilə görüşündə hansı məsələlər müzakirə oluna bilərdi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər yəhudi lobbisi ilə hələ Heydər Əliyev zamanında əlaqələrin qurulduğunu deyir. Həmçinin zaman-zaman Azərbaycan hökuməti Israil xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
Ekspertin fikrincə, Iranın Azərbaycana basqıları, təzyiqləri artdığı bir vaxtda Milli Təhlükəsizlik Nazirliyi xətti ilə deyil, məhz Vahid Əliyevin vasitəsilə əlaqə saxlanıla bilərdi. Bu yolla da əlaqələrin gizlinliyini, qapalılığını qoruyub saxlamağa çalışıblar: “Bu görüşlərdə əsasən Israillə Azərbaycan arasında məxfi əməkdaşlıq məsələləri müzakirə olunub”.
Fizzə