Ukrayna ordusu ölkənin şərqində əməliyyata başladı

Bir aerodrom geri qaytarıldı; separatçıların baza-şəhəri mühairəyə alındı

Maydan fəallarından formalaşdırılmış Milli Qvardiyanın ilk batalyonu şərqə göndərildi

Kiyev hökuməti günlərdir Ukraynanın şərqində yaşanan gərginliklə bağlı nəhayət sərt addım atmağa qərar verib. Müvəqqəti prezident Aleksandr Turçinov Donetsk vilayətində antiterror əməliyyatının başlandığını açıqlayıb: “Əməliyyat mərhələli, məsuliyyətlə və ölçülüb-biçilmiş şəkildə həyata keçiriləcək. Məqsəd Ukrayna vətəndaşlarını müdafiə etməkdir”.
A.Turçinov şərq vilayətlərində milis orqanlarının yenilənməsi prosesinin getdiyini də söyləyib. Qeyd edək ki, aprelin 14-də A.Turçinov “Terror təhlükəsinin qarşısının alınması və Ukraynanın ərazi bütövlüyünün qorunması üçün təxirəsalınmaz tədbirlər haqqında” Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının icraya yönəldilməsi barədə fərman imzalayıb. Bu qərara əsasən antiterror əməliyyatına Ukrayna Silahlı Qüvvələri də qoşulacaq. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy Maydan hərəkatının fəallarından formalaşdırılmış Milli Qvardiyanın ilk batalyonunun şərqə göndərildiyini açıqlayıb. Ilkin məlumatlara görə, Donetsk vilayətinin Kramatorsk şəhərinin milis idarəsini ələ keçirmiş naməlum şəxslər artıq binanı tərk ediblər.
Ukrayna ordusu Kramatorsk şəhəri yaxınlığındakı aerodromun azad olunması üçün hücuma keçiblər. Rusiyanın RIA Novosti agentliyi isə əməliyyat zamanı iki nəfər separatçının yaralandığı haqda məlumat yayıb. Kramatorsk özünümüdafiə dəstəsinin nümayəndəsi ölənlərin ola biləcəyini də istisna etməyib. Sonra Ukrayanın hökumət qoşunları Slavyansk şəhərinin ətrafına keçid ediblər. Slavyanskın şimalında  zirehli maşınlar və tanklar karvanı gözə dəyib. Hökumət qoşunları Slavyanskı mühasirəyə alıblar. Buna cavab olaraq şəhərdə inzibati binaları tutan rusiyapərəst qüvvələr barrikadalar qurublar. Ukrayna prezidenti vəzifəsini icra edən Turçinov parlamentdə elan edib ki, Ukrayna ordusu Kramatorskda hərbi hava limanını nəzarətə götürüb. Turçinov deyib ki, Ukrayna xüsusi təyinatlıları hava limanını azad edib.

“Putinin planı Kiyevi işğal etməkdir”

“Azadlıq” fraksiyasının lideri Oleq Tyaqnibok Ali Radanın dünənki iclasında Ukrayna hökumətini və ölkənin güc strukturlarını sərt tənqid edib. O bildirib ki, əslində iclas qapalı şəraitdə keçirilməli, bura güc strukturlarının rəhbərləri və ya onların müavinləri çağırılmalı idi: “Biz bilməliyik ki, vəziyyət nə yerdədir, antiterror əməliyyatı necə keçirilir. Bu gün gündəliyə başqa məsələnin salınması o deməkdir ki, biz sadəcə ətəyimizi silməklə məşğuluq. Daxili Işlər Nazirliyi əməkdaşlarının bu şəraitdə necə işlədiyini də bilməliyik. Hanı Milli Qvardiya? Biz onu niyə yaratmışıq? Niyə Silahlı Qüvvələrə 7 milyard qriven ayırdıq? Konkret addımlar görməliyik. Başa düşmək olmur ki, Milli Təhlükəsizlik Xidməti Rusiya ilə sərhədi bağlamaq qərarını niyə verdi? Sərhəd niyə indiyə qədər bağlanmayıb? Əgər icra olunmayacaqdısa, niyə yalan-böhtan yayan Rusiya kanallarının yayımının dayandırılmasına qərar verildi? Aydın məsələdir ki, Putin seçkiləri pozmaq istəyir. Bizsə həmin seçkiyə qədər sağ qalmaya bilərik. Onların planı Kiyevi işğal etməkdir. Kiyev müdafiəyə hazır olmalıdır. Bütün administrasiya rəhbərlərinə blok-postların qurulması barədə göstəriş verilməlidir. Qoy, xalqı ayağa qaldırsınlar və vətəndaşları təşkilatlandırsınlar. Əgər hakimiyyət bunu indi etməsə, dəyərini itirəcək”.
Bununla yanaşı, Tyaqnibok silahların lüstrasiyası və qeydiyyatı haqda qanunun qəbulunun da zəruri olduğunu deyib: “Elə bilirsiniz bu qanun olmadan Ukraynanı qoruyub saxlamaq mümkün olacaq? Əgər hakimiyyət bunun öhdəsindən gəlmirsə, niyə dinc sakinlərin silahlanmasına və özünü müdafiə edə bilməsinə şərait yaradılmır? Ukrayna xalqı bizdən konkret və qətiyyətli addımlar gözləyir”.

Kiyevdə Turçinovun və Avakovun istefası tələb olundu

Ukrayna Ali Radasının qarşısında bir neçə yüz nəfərin iştirakı ilə keçirilən piketdə də hökumətin fəaliyyətindən narazılıq ifadə olunub. Etirazçılar Ali Rada tərəfindən təyin edilən Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov və daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakovun istefasını tələb ediblər. Etiraz aksiyasının iştirakçıları hakimiyyəti ölkənin şərqindəki yaranan vəziyyətə görə fəaliyyətsizlikdə günahlandırıblar.

Timoşenko xalq müqaviməti hərəkatı yaradır

Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko xalq müqaviməti hərəkatı yaradaraq ona başçılıq etməyə hazırlaşır. Məlumata görə, hərəkata hərbçilər və keçmiş xüsusi təyinatlılar da daxil olacaq. Timoşenko bildirib ki, bu hərəkat üçün əlindən gələni əsirgəməyəcək.

Abdulla Gül: “Türkiyə heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq”

“Türkiyə heç vaxt Krımı Rusiya ərazisi kimi tanımayacaq. Ankara Krımda keçirilən referendumun nəticələrini də tanımır”. Bu fikir Ukraynada prezidentliyə namizədliyi irəli sürülən Pyotr Poroşenko ilə Türkiyə prezidenti Abdulla Gül arasında keçirilən görüşdə səsləndirilib. Regional təhlükəsizliyə həsr olunmuş bir saatlıq görüşdə əsas diqqət Krım tatarlarının hüquqlarının müdafiəsinə yönəlib. P.Poroşenko görüşün yekunlarına əsaslanaraq gələcəkdə tərəflərin birgə səyləri ilə Krımın əvvəlki statusunun qaytarılacağına əminliyini ifadə edib. Tərəflər Ukraynadakı prezident seçkilərindən sonra Ukrayna-Türkiyə danışıqlarına başlamaq haqda razılıq da əldə ediblər.

Türkiyə Mustafa Krımoğlunu təltif etdi

Dünən həmçinin Türkiyə prezidentinin iqamətgahında Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Abdulcəmil Krımoğluna Türkiyənin Cümhuriyyət Nişanının təqdim edilməsi münasibətilə rəsmi mərasim keçirilib. Krımoğlunun bioqrafiyası və onun Cümhuriyyət Nişanı ilə təltif edilməsi haqqında Türkiyə Nazirlər Kabinetini qərarı oxunub. Sonra prezident Abdulla Gül Mustafa Krımoğluna Cümhuriyyət Nişanını təqdim edib. Gül bildirib ki, bu nişan dövlət başçısı olmayan bir xarici ölkə vətəndaşına verilən ən yüksək mükafatdır: “Bu nişanı ömrünü Krım tatarlarının haqlı mübarizəsinə həsr edən hörmətli Krımoğluna təqdim etməkdən çox böyük qürur duyuram”. M.Krımoğlu aldığı mükafatdan məmnun olduğunu söyləyərək bunun çətin günlərində Türkiyənin Krım tatarlarına verdiyi dəstəyin bir nişanəsi olduğunu vurğulayıb. Mərasimdə Türkiyə baş nazirinin müavinləri Bülənt Arınç və Əmrullah Işlər, Krım Tatar Məclisinin sədri Refat Çubarov və digər rəsmi şəxslər iştirak edib.
Sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan öz iqamətgahında Mustafa Krımoğlunu qəbul edib. Görüş qapalı keçdiyindən müzakirə olunan məsələlər barədə məluamt verilməyib.

ABŞ Ukraynadakı seçkiyə 11 milyon ayırdı

ABŞ Ukraynada keçiriləcək prezident seçkilərinə 11ÿmilyon dollardan çox vəsait ayırıb. ABŞ Dövlət departamentinin açıqlamasında belə deyilir: “ABŞ-ın beynəlxalq inkişaf üzrə Agentliyi və Dövlət departamenti Ukraynada 25 may prezident seçkilərinin azad və ədalətli keçirilməsinə kömək məqsədilə 11,4 milyon dollar ayırıb”.

Obama: “Rusiyanın addımları böhranın həllinə imkan vermir”

Rusiya və ABŞ prezidentləri növbəti dəfə Ukraynadakı böhranın həlli yollarını müzakirə ediblər. Putin Obamanı ABŞ-ın bütün imkanlarından istifadə edərək Ukraynada zorakılıq və qan tökülməsinə imkan verməməyə çağırıb: “Ukrayna hökuməti, ilk növbədə, regionları və aparıcı siyasi qüvvələri yeni Konstitusiyanın hazırlanmasına cəlb etməlidir”. Bundan başqa, Putin Obamanın nəzərinə çatdırıb ki, Rusiyanın Ukraynanın cənubi-şərqinə müdaxiləsi barədə ABŞ-ın narahatlığı yanlış məlumatlara əsaslanır.
Barak Obama isə bir daha Ukrayna böhranının diplomatik yolla həllinin üstünlüyünü qeyd edərək təəssüflə bildirib ki, Rusiya tərəfinin hərəkətləri buna imkan vermir: “Son nəticədə, Ukrayna xalqının özü öz gələcək taleyini müəyyən etməlidir”. Obama bildirib ki, Moskvanın dəstəyi ilə rusiyameylli separatçılar  Ukraynadakı vəziyyəti gərginləşdirirlər.ÿABŞ prezidenti Ukraynadakı hərəkətlərinə görə Rusiyanın yeni sanksiyalarla üzləşə biləcəyini də qeyd edib. Telefon söhbətinin Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirilir.

Mərkəzi Kəşfiyyat İdarəsinin “şefi” Kiyevə gedib

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennanın Kiyevə aprelin 12-13-də səfər etməsi təsdiqlənib. Ağ evin mətbuat katibi Cey Karni bu barədə keçirdiyi brifinqdə açıqlama verib.
Pentaqonun mətbuat katibi Stiv Uorren isə bəyan edib ki, Rusiyaya məxsus Su-24 tipli hərbi təyyarə aprelin 12-də Qara dəniz hövzəsinə daxil olan ABŞ esminetsi “Donald Kuk”a qarşı təxribat törədib. Onun sözlərinə görə, bombardmançı təyyarə gəminin bilavasitə yaxınlığından 12 dəfə uçub keçib. Hazırda esminets Rumıniyanın Konstansa limanındadır: “Rusiya hərbçilərinin təxribat xarakterli hərəkətləri ölkələrimiz arasında qüvvədə olan razılaşmaları kobudcasına pozur”. Rusiya Müdafiə Nazirliyi faktla bağlı şərh verməyib.

Lavrov: “Ukraynanın cənub-şərqində güc tətbiqi yolverilməzdir”

Rusiya xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van I ilə görüşü zamanı bəyan edib ki, Ukraynanın cənub-şərqində güc tətbiqi yolverilməzdir. Lavrov qeyd edib ki, Ukraynadakı böhrandan çıxış yolunu konstitusiya islahatlarının hazırlanmasında görür: “Həmin islahatlar Ukraynanın bütün regionlarının maraqlarını nəzərə almalıdır”,- deyə o vurğulayıb.

Medvedev: “Ukrayna vətəndaş müharibəsinin astanasındadır”

“Ukrayna vətəndaş müharibəsinin astanasındadır”. Bunu öz “Facebook” səhifəsində Rusiya baş naziri Dmitri Medvedev yazıb: “Bu çox kədərlidir. Ukraynadakı faciənin səbəbi ondadır ki, bölgələrdə administrativ binalar ələ keçirilməyə başlayanda, legitim hakimiyyət qayda-qanunu qorumağa cəhd göstərməyib. Qeyri-legitim hakimiyyət isə özü pozduğu qayda-qanunu bərpa etməyə çalışır. Kiyevdə hakimiyyətə gəlmiş insanların əsl niyyəti indi üzə çıxıb”.