«Türkiyə bizim rəqibimiz deyil, biz Strateji Nazirlər Şurası yaratmışıq»
“Azadlıq”ın 9 aprel tarixli sayında mənim imzamla “Ilham Əliyevin ”yunan odu” başlıqlı məqalə dərc edilib. Həmin yazıda müəllif kimi, Yunanıstan prezidentinin Azərbaycana səfəri və bu əsnada baş verən gəlişmələri şərh etmişəm. Yazıda irəli sürülən fikirlərə cavab olaraq Yunanıstanın ölkəmizdəki səfiri redaksiyaya məktubla müraciət edib. Həmin məktubu olduğu kimi dərc edirik:
1. Yunanıstanın iqtisadi böhranla üzləşməsi onun xəritədən silinməsi demək deyil. Tariximiz də sübut edir ki, ölkəmiz 190 il ərzində bundan da çətin şərtlər altında yaşamağa məhkum olmuşdur. Böhranın sonunda Yunanıstan daha da güclənəcəkdir. Biz artıq əhəmiyyətli islahatları uğurla həyata keçiririk.
2. Yunanıstanda yaranmış vəziyyətin təkcə korrupsiya nəticəsində mövcud olması barədə fikirlərinizi bölüşmürəm. Ölkəni bugünkü iqtisadi böhrana sürükləyən xeyli sayda əlverişsiz şərtlər olub. Onlardan biri də Beynəlxalq Bank sisteminin aqressiv təcrübələri idi. Almaniya kansleri Angela Merkelin “Yunanıstan adalarını satmalıdır” təklifini də xatırlamıram. Çünki xanım Merkel heç vaxt bu sözləri deməyib.
3. Azərbaycan Türkiyədən yan keçməklə Yunanıstana üstünlük verən tərəf kimi təsvir olunur. Mənim ölkəm “Türkiyənin rəqibi” kimi göstərilir. Bu fikirlər tamamilə əsassızdır. Azərbaycan öz qazını Türkiyə ərazisindən keçməklə Yunanıstana birbaşa satacaq. Eyni zamanda, Türkiyəyə tranzit haqqı ödəyəcək. Bu kommersiya əməliyyatıdır və burada hər iki ölkə əməkdaşlıq edəcək və fayda götürəcək. Digər tərəfdən, Türkiyə Yunanıstanın rəqibi deyil. Türkiyə və Yunanıstan qonşu ölkələr olaraq strateji Nazirlər Şurası təsis ediblər. Buna görə də bu qədər yaxından əməkdaşlıq etdiyimiz ölkəni bizə “rəqib” hesab etmək düzgün seçilmiş termin deyil.
Icazə verin əlavə edim ki, Azərbaycan və Yunanıstan dost ölkələr olmaqla yanaşı, eyni coğrafi məkana – Qara dəniz hövzəsi məkanına aiddir. Hər iki ölkə birlikdə işləyərək xalqlarımızın rifahı naminə bu əməkdaşlığı real tərəfdaşlığa çevirmək istəyir. Bundan əlavə, Avropa Ittifaqının və NATO-nun üzvü olan Yunanıstan hər zaman Azərbaycanın
Avropa strukturlarına yaxınlaşması naminə səylərini dəstəkləmişdir”.
Biz bu məktubu qəzetimizdə dərc edilmiş məqaləyə cavab haqqı hesab edirik və heç bir şərh vermək fikrində deyilik.
Seymur Həzi