Bu günlərdə oxudum ki, BMT-nin hesablamalarına görə, Azərbaycanda orta yaş həddi 62-yə düşüb, amma hardasa 15-20 il əvvələdək bu rəqəm 72 imiş. Bəs bu azalmanı nə ilə izah etməli? Səbəblər, əlbəttə, çoxdur. Amma məncə, başlıca səbəbi 1993-cü ildən sonra xalqımızın Allahdan onun ömründən kəsib ulu öndərin ömrünə calaması barədə kütləvi xahişlərində, yalvarışlarında axtarmaq lazımdır. Nəticə göz önündədir. 20 il əvvələdək 72 olan orta yaş indi 62-dir.
Ümumiyyətlə, fikir versək görərik, son vaxtlar azərbaycanlılar tez-tez şikayətlənirlər ki, onların səsi heç yerə, hətta Allaha da çatmır. Yuxarıda yazdıq, qurbanolduğumuzdan şikayətlənmək üçün heç bir səbəb yoxdur, o xalqımızın çoxillik yalvarışlarını eşitmiş, onun ömründən kəsərək ulu öndərin və hakimiyyətinin ömrünə calamış, nəticədə, rejimin ömrü bəs deyincə uzanmış, hələ də uzanmağa davam etməkdədir, əvəzində isə təbii olaraq, xalqın orta yaş həddi düz 10 il azalmışdır.
O ki qaldı camaatımızın səsinin başqa əlaqədar yerlərə çatmamasına, bunun isə obyektiv səbəbi var. Bir xalq səsinin onu idarə edənlər tərəfindən eşidilməsini istəyirsə, əvvəlcə o özü öz səsinə hörmətlə yanaşmağı bacarmalıdır. Səsinin saxtalaşdırılmasına imkan verməməlidir. Yoxsa sən ədalətə, düzlüyə, dürüstlüyə səs vermədikdən, ya da verdiyin səsi qorumadıqdan sonra durub “işsizlik, yoxsulluq, korrupsiya, məmur heyvərəliyi, məhkəmə ədalətsizliyi altında canımız çıxır, amma səsimizi eşidən yoxdur” deyə necə gileylənə bilərsən?
Həyatda heç nə təsadüfi baş vermir. Səbəb nəticəni doğurur. Külək əkən fırtına biçir. Nə tökürsən aşına, o da çıxır qaşığına.
Budur, dünən Ilham Mirzəyev adlı məşhur falçını həbs ediblər, deyilənə görə, səbəb xeyli vətəndaşı aldatması imiş. Mən olsam, sadəcə, falçı qardaşı həbs etməklə kifayətlənməzdim, elə o aldadılanları da Mirzəyevlə bərabər qandallayardım. Axı biz hansı dövrdə yaşayırıq? Ilin-günün bu vaxtı nə falçı, nə baxıcı söhbətidir bu? Belə çıxır, Şeyx Nəsrullah durub gəlsə, uca millət, sevgili xalq ölülərini diriltmək üçün onun da qapısında növbədə duracaq?
Başa düşürəm və dəfələrlə yazmışam: yaptokratiya ölkəni cəhalətə, savadsızlığa sürükləyib, ölkədə ələmuçuranların, cinçıxaranların, falabaxanların meydan sulamasının bir nömrəli səbəbi, səbəbkarı Azərbaycanda təhsilin yox edilməsi, elmin, bilginin, kitabın az qala düşmən kimi görülməsidir. Amma hər şeyin də bir həddi olar. Vaqif Yusifli adlı filologiya elmləri doktoru təzəlikcə müsahibə verib demişdi ki, “Görücü Məlahət” haqqında kitab yazmışam, səbəbi də odur ki, bu Məlahət deyib sabah yağış yağacaq, səhəri gün doğrudan da yağış yağıb və filologiya elmləri doktoru heyrətə gəlib, dərhal qələmə sarılıb, falçı arvadın şəninə kitab bağlayıb.
Yaxşı, bütün günah sadəcə, savadsız, cahil olmaqdadırsa, indi bu elmlər doktoruna nə deməli? Belə də biabırçılıq olar?
Şübhəsiz, cəhalət yalnız yazıb-oxumağı bilməməklə bağlı fakt deyil. Cəhalət, bilgisizlik daha geniş anlayışdır. “Səfillər”i oxuyub da həyatda Tenardye olmaq mümkündür. Hesab elmini beş barmağın kimi bilərsən, amma seçkidə səsləri düz saymadıqdan sonra bunun hansı anlamı, mənası qalır?
Bir toplum olaraq artıq özümüzə kənardan, həm də ayıq, aydın başla baxmağı bacarmalıyıq.
Sorğulamalıyıq öz-özümüzü: niyə dünən Xudayar bəylər ağladırdı anamızı, bu gün də onun nəvələri ağladır?
Niyə dünən Şeyx Nəsrullah aldadırdı bizi, bu gün isə Ilham Mirzəyev aldada bilir? Niyə dəyişən heç nə yoxdur həyatımızda, niyə?! Niyə bitmir bu yüzillik ağrı? Hanı loğman, nədir dərman?!