Deməli, bizdə müxalifətçi maskasına bürünən, əslində isə konstruktivlik adı altında Əliyevlər rejimi ilə çirkin işbirliyi içində olan, bir növ “ələkçinin qılverəni” kimi çıxış edən xeyli adamın dilindən bu sözləri tez-tez eşitmək olar: “Biz hakimiyyətin xarici siyasətini dəstəkləyirik, amma daxili siyasətdə müəyyən problemlər var”.
Bəli, ölkənin içi ilə bağlı vəziyyət o qədər eybəcərdir, dəhşətlidir ki, hətta əqidəsini pula, mandata dəyişsələr belə, bu adi həqiqəti sonadək inkar etməyə vicdanları yol vermir, ötəri, dolayı, mücərrəd formada da olsa daxili siyasi vəziyyətlə bağlı birmənalı olaraq yaxşı notlar üzərində danışa bilmirlər.
Hesab edirlər ki, ən yaxşısı rejimin xarici siyasətini dəstəkləməkdir, belədə camaatın onlara ikrahı, qəzəbi də xeyli az, yumşaq olar.
Əslində isə Ilham Əliyev rejiminin xarici siyasəti elə daxili siyasət qədər bərbad, məzmunsuz, mahiyyətsizdir. Bu xarici siyasət yalnız ona hesablanıb ki, seçkidən seçkiyə başağrısı yaşamasınlar, dünya güclərinin qılığına girib, “qa” deyənə çörək, “qu” deyənə su versinlər, yalnız ondan ötəri ki, öz çağdışı, anti-demokratik hakimiyyətlərinin ömrünü uzatsınlar.
Bir xarici siyasət ki “kürü diplomatiyası” üzərində qurulsun, axı onun nəyini və harasını bəyənmək, dəstəkləmək olar? Bir xarici siyasət ki ABŞ-a gedib “bizə kömək edin, Rusiya ilə Iran bizi sendviç kimi əzir” deyə yalvarıb-yaxarmaqdan, eyni vaxtda isə Irana gedib Qərbi ikiüzlülükdə suçlamaqdan ibarətdir, biz durub nədən danışırıq?
Bir xarici siyasət ki başqa ölkələrdəki səfirlikləri YAP-ın xaricdəki özək təşkilatlarına çevirməklə, onların qarşısına Heydər Əliyevə heykəllər ucaltmaq, ulu öndərin adını küçə və prospektlərə, parklara vermək üçün ətək-ətək pul xərcləməyi başlıca vəzifə, məqsəd kimi qoymaqla məşğuldur, əlavə sözə ehtiyac qalırmı?
Bütün bunları qoyduq bir kənara. Budur, dünən Hesablama Palatası Xarici Işlər Nazirliyinin fəaliyyəti ilə bağlı yoxlamanın nəticələrini açıqlayıb, Ilham Əliyev rejiminə yarınmaq üçün “xarici siyasət” üzərindən “xod” edənlərin onu oxuyub utanmaları lazımdır. Baxın görün yaptokratiyanın guya ən tərifli xarici siyasətinin, xarici siyasət idarəsinin özü nə gündədir!
Sitat: “Auditlə əhatə olunan dövrdə nazirlikdə bəzi xərclər üzrə proqnozların düzgün hesablanmaması, vəsaitlərdən tam, düzgün istifadə edilməməsi faktı aşkarlanıb. Audit zamanı aşkar olunub ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təyinat dəyişikliyinə yol verilib, mərkəzi aparatın strukturunda idarələr (şöbələr) Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş normativdən az ştat vahidi ilə fəaliyyət göstərib, bəzi dövlət qulluqçularına vaxtından əvvəl ixtisas dərəcəsi verilib, dövlət qulluqçuları və diplomatik xidmət əməkdaşları üçün referent vəzifəsi nəzərdə tutulmadığı halda, bir sıra hallarda təminedici idarə və şöbələrdə referent vəzifəsi yaradıb onlara məsləhətçinin əmək haqqına uyğun əməkhaqqı ödənilib”.
Bunun qısa anlamı ondan ibarətdir ki, Əliyevlər rejiminin allah qoymasa, ən toya getməli nazirliyində korrupsiya xirtdəyə qədər çıxıb, orada saxta ştat vahidləri və saxta ezamiyyələr at oynadır.
Əslində rejimin mahiyyətini anlayan, onun xislətinə yaxşı bələd olanlar üçün burada təəccüblü heç nə yoxdur. Biz elə bir sistemdən danışırıq ki, onun heç bir vintinin və təkərciyinin, heç bir fərdinin və qurumunun təmiz, duru qalması mümkün deyil.
Indi maraqlı olan odur ki, öz miskin köləliklərini “hakimiyyətin xarici siyasətini dəstəkləyirəm, amma daxili siyasətdə müəyyən problemlər var” mifi ilə malalamağı, ört-basdır etməyi düşünənlər ortaya çıxan bu mənzərə qarşısında özlərini necə hiss edirlər?
Hələ bunların guya tərifli xarici siyasəti, xarici siyasət qurumu bu kökdədirsə, digərlərinin durumunu təsəvvvür eməyi hər kəsin öz vicdanına buraxaq və yazımıza kədərli bir nöqtə qoyaq.