“Məni narahat edən köhnə qonşumuz, öz dövlətinin apardığı cinayətkar siyasətin girovuna çevrilmiş erməni xalqının çətin taleyidir. Sizdən soruşmaq istərdim: ölkəni mafiya qaydaları ilə idarə edənlər tərəfindən müstəqil olmaq haqqı əlindən alınan yüz minlərlə Ermənistan vətəndaşının hüquqlarını qorumaq üçün hansı konkret addımlar atılmasını mümkün hesab edirsiniz?”.
Avropa Şurasını Parlamant Assambleyasinin sessiyasında azərbaycanlı deputat Rəfael Hüseynov belə bir sualla parlamentin insan haqları üzrə komissarına müraciət edib. Mənə o komissarın cavabından çox deputatımızın ermənilərdən ötəri keçirdiyi narahatlıq maraqlıdır.
Rəfael Hüseynov erməni xalqını girov hesab edir, Ermənistanı mafiya qaydaları ilə idarə olunmaqda ittiham edir, yüz minlərlə erməninin haqqının əlindən alınmasına göz yaşı tökür. Rəfael müəllimin dedikləri yalandırmı? Xeyr, çox doğrudur. Azərbaycan və Ermənistan avtoritar idarəetmə baxımından iki millət, bir dövlətdir. Orda da xalq zülm və zillət içindədir, burda da. Sadəcə ermənilərin bəxti bir az onda gətirib ki, onlar müvəqqəti qalib, bizsə məğlubuq. Onlarda azadlıq işartıları bizdəkindən bir az zəngindir; bizim üstümüzdə 3 dəfə prezident dəyişiblər, parlamentlərində müxalifət təmsil olunur.
Bəs Rəfael müəllim niyə “məscidin içini qoyub, çölünün qayğısına” qalır, onun bu erməni sevgisinin kökündə nə dayanır? Rəfael müəllim bizim parlamentdə Kürdəmir-Hacıqabul zəhmətkeşlərini təmsil edir. Onun parlamentdə necə düşdüyü bütün “youtube” aləminə məlumdur. 2010-cu ilin parlament seçkilərində seçki qutuları Rəfael Hüseynovun xeyrinə işarələnmiş bülletenlərlə amansızlıqla doldurulanda bu, videokadrlara alınaraq “youtube”də yerləşdirilib.
Siz, Rəfael müəllim, öz seçicilərinizin iradəsini ifadə etməyə nə qədər haqlısınızsa, Sərkisyan da o qədər haqlıdır. Siz ikiniz də mahiyyətcə işğalçısınız. Sizin imkanınız başqasının səsini oğurlamağa yetib, Sərksiyanın torpaq. Belə bir klassik deyim var, mafiyanın vətəni olmur. Beləliklə, soruşuram: Ermənistanı pis mafiya idarə edir, bizi yaxşı?
Rəfael Hüseynovun özünün deputat olması özü elə mafiya fəaliyyətinin nəticəsidir. Bu adam uzaq keçmişdə babat ziyalı modundaydı; 1937-ci il repressiyalarından kitablar yazırdı, azad fikirli insanların avtoritar rejimlərin zindanında çürüdülməsini lənətləyirdi. Çağırdılar, oturdub söhbət etdilər, indi özü olub repressiya maşınının danışan detalı. Adamın böyür başından gündə bir növcavanı şərləyib zindana yollayırlar, insanlarımız qəddarlıqla əzilib, bu isə onları görmür, ermənilərin çiyinlərinə çökən möhnət yükünün acısını paylaşır.
Ermənilərə qəzəbim həm də bu cür axmaq vəziyyətə görədir. Onların sərsəm düşmənçiliyi ölkəmizdə xeyli şərə təslim olan, yalançı ziyalılara danışmaq, öz ictimai statusunu hiss etdirmək üçün səbəb-bəhanə olub. Kimsə düşünə bilər, Rəfaelkimilərin hər nəyi də olsa, ümumi problemlərimizi dilə gətirməsini təqdir etmək lazımdır. Özümüzü aldatmayaq. Heç bir özünə hörmət edən qurum, adam üçün varlığı yalan üzərində qurulan şəxsin dediyi ən kəskin həqiqət mötəbər qəbul edilə bilməz.
Mədəni adamlar sizə yalançı olduğunuzu üzünüzə deməyə bilər, amma daxilən belələri həmişə ikrah doğurur. Yalançı ilə heç kim yola getməz. Yalançının dostu da yalançı olar. Xülasə, bizim də, ermənilərin də – bütün cəmiyyətlərin də xilası yalanın, yalançıların xitabət kürsülərindən endirilməsidir.