Bir müddət əvvəl köçürüləcəyi bildirilən Dərnəgüldəki taxta bazarının yanması nəticəsində 8 nəfər xəsarət alıb
Aprelin 6-da Bakıda, Dərnəgüldəki taxta bazarında güclü yanğın olub. Yanğın səhər saatlarına təsadüf edib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində bazarın taxta konsktruksiyalar olan ərazisində 1000 kv.metr yanıb. Yanğın saat 14.49-da yanğın söndürənlər tərəfindən söndürülüb. Yanğının səbəbləri araşdırılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, dünən səhər 8:30-da başlamış yanğınla bağlı 103 xidmətinə hadisə şahidləri məlumat veriblər.
Təcili Tibbi Yardım briqadası hadisə yerində yanğından zərər çəkmiş 8 nəfərə yardım göstərib. Onların dördünə ambulator yardım göstərilib. Dörd nəfər isə Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb.
Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxananın Toksikologiya şöbəsinə, yanğın baş verən bazarda işləyən 1984-cü il təvəllüdlü Şamo Dacıyev və 1991-ci il təvəllüdlü Elçin Heydərov, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri – 1991-ci il təvəllüdlü Xaliq Həsənov, 1973-cü il təvəllüdlü Rəşad Heydərov və 1990-cı il təvəllüdlü Kamran Əliyev yerləşdiriliblər.
Xəstəxanaya yerləşdirilən FHN-nin xilasedicilərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki şəxsin isə müalicələri xəstəxana şəraitində davam etdirilir.
Məlumat üçün qeyd edək ki, Dərnəgüldəki taxta bazarı prezidentin şəxsi mühafizə xidməti Bəylər Əyyubovun nəzarətindədir. Az əvvəl bu bazarın köçürülücəyi barədə məlumat yayılmışdı.