İlham Əliyevin pulsuz səhiyyə ilə bağlı verdiyi tapşırığın adı var, dadı yox
Fevralın 17-dən mayın 1-nə qədər ölkə üzrə əhalinin pulsuz müayinədən keçirilməsi ilə bağlı Ilham Əliyev tapşırıq veribmiş, Bu tapşırığın harada, hansı sənəddə verilməsi mübhəm olaraq qalır. Apardığımız araşdırımalar zamanı Səhiyyə Nazirliyinin və rəsmi qəzetlərin saytları daxil olmaqla heç yerdə bu yöndə bitkin məlumata rast gəlmədik, Ancaq belə xəbərlər ard-arda yazılır ki, Ilham Əliyevin tapşırığına əsasən ölkə boyunca pulsuz müayinələr davam edir.
***
Qısa təhlil və apardığımız sorğu onu iddia etməyə əsas verir ki, Əliyevin mənşəsi məlum olmayan bu tapşırığı ənənəvi olaraq ancaq kağız üstündə “uğurla” həyata keçirilir. Lap birinci şübhə ordan yaranır ki, məlum olduğu kimi, dövlət büdcəsindən maliyyələşən müalicə müəssisələrində ödənişli tibbi xidmət Səhiyyə Nazirliyinin qərarı ilə 2008-ci il fevralın 1-dən ləğv edilib. Belə olan halda dövlət başçısı səviyyəsində kütləvi pulsuz müayinə tapşırığı verilməsi nə anlam daşıyır? Bu o deməkdirmi ki, 2008-də verilən qərar yerinə yetirilməməsini dövlət özü təsdiqləyir?
***
Ikinci əsaslı şübhə əhalinin bu kampaniyadan xəbərsiz qalmasıdır, baxmayaraq ki, rəsmi xəbər bülletenlərində hər gün ixtiyari rayon üzrə azı 1200 nəfərin müayinə olunduğu göstərilir, müşahidələr və apardığımız sorğular əks mənzərəni üzə çıxarıb. Məsələn, “Azadlıq” qəzeti dünən 3 saat ərzində öz “facebook” səhifəsində (bax: https://www.facebook.com/azadliqqazeti/posts/671145872941573) apardığı sorğuda 68 nəfər iştirak edib. Onlara aşağıdakı suallar ünvanlanıb.
“Dövlət başçısı Ilham Əliyev fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapışırıq verib. Sualımız belədir:
1.Bu tapışırıqdan xəbəriniz varmı?
2.Bu tapışırıq əsasında müayinədən keçmisinizsə, onun keyfiyyəti və icra vəziyyəti ilə bağlı fikirləriniz necədir?
***
Sorğuda iştirak edənlərin mütləq əksəriyyəti belə bir tapşırıqdan xəbərsiz olduğunu və ya xəbəri olub pulsuz müayinədən istifadə etmədiklərini bildiriblər. Onların maraqlı cavablar da olub. “Facebook” istifadəçiləri “pullu müayinə olsaydı, elə tez reklam edib haray çəkərdilər ki, pulsuzdu deyə sakit dayanıblar”, bir başqası isə “müayinəni pulsuz edib bahalı dərmanları satmaq fikirindədilər”, “yəqin orqanlarımızı pulsuz xarab eliyəcəklər, sonra deyəcəklər ki, filan qədər ver, müalicə edim” kimi replikalar verib. Pulsuz müayinədən xəbəri olub ona biganə qalanların və müayinədən keçənlərin də diqqətə alınası fikirləri olub.
***
Məsələn, Asif Qasımov adlı şəxs yazır ki, Sabirabadda müəllimlər və bəzi dövlət təşkilatlarında çalışanlar pulsuz müayinəyə cəlb olunub, amma bu iş çox aşağı səviyyədə görülüb: “Çox aşağı səviyyədə iş aparırlar. Təzyiq ölçülür. Guya ürək döyüntüsünə qulaq asırlar. Bəzilərinin də şəkərinin səviyyəsinə baxırlar, xalis yolavermə kampaniyasıdır”.
Lamiyə adlı istifadəçi də müayinələrin səthiliyindən şiakyətlidir: “Xəbərim var, amma özüm müayinələrdən keçməmişəm, çünki sadəcə qanın faizini ölçürlər, bir də boyu, çəkini, bunları onlarsız da özüm bilirəm”.
Nərmin Mirzəyeva adlı istifadəçi isə yazır ki, ağlı olan o müayinədən keçməz: “Zobu olanlarda ”rak tapacaqlar”, göndərəcəklər onkologiyaya kəsib-doğramağa”.
Ravid adlı istifadəçi isə Xaçmazdan xəbər verir ki, o, rayonun mərkəzi xəstəxanasına pulsuz müayinə üçün müraciət edəndə həkimlərdən “boş şeydir” cavabını alıb. O isə bunun dövlət başçısının tapşırığı olduğunu xatırladanda, həkimlər məvaciblərinin azlığından şikayətlənib və bildiriblər ki, incimə, pulsuz müayinəyə imkan yoxdur”.
Məshəti adlı tələbə isə yazır: “Inanin ki, yalandı, bizi universitetdən müayinəyə apardılar. Amma sadəcə adımızı qeydə aldılar, tələb edəndə ki, müayinədən keçirin. Bizə dedilər, bu qədər adamı müayinədən keçirmək olar? Bir nəfərimiz fərasətli çıxdı, səs-küy saldı, onu müayinədən keçirdilər”.
Belə… Bizim müşahidə və sorğumuza inanmayanların şansı və imkanı var ki, mayın 1-nə qədər özləri poliklinkalara baş çəkib pulsuz müayinənin keyfiyyətini yoxlasınlar.
Natiq