İnsan ölümünə səbəb olanlar azadlıqda gəzir, Qurban Məmmədova 3 il həbs cəzası verilir
Ötən ilin yanvar ayında millət vəkili Aydın Mirzəzadənin sürücüsü Faiq Qocayev idarə etdiyi “Honda-Accord” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən Cavadova Mariya adlı piyadanı vurmuşdu və qadın hadisə yerində keçinmişdi. Faktla bağlı təyin edilmiş ekspertiza sürücünün günahkar olduğu qənaətinə gəlmişdi və Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılmışdı.
Baş Dövlət Yol Polisi Idarəsindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Qocayev Faiq 2 il müddətinə sürücülük hüququndan məhrum edilib. Məhkəmənin hökmünə əsasən F.Qocayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin F. Qocayevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq edilməklə cəzası şərti sayılıb və 1 il sınaq müddəti olmaqla təqsirləndirilən şəxs sərbəst buraxılıb. Onu da əlavə edək ki, istintaq müddətində Faiq Qocayev barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Biz, kiminsə həbs olunmasının tərəfdarı deyilik və məqsədimiz də Faiq Qocayevin cəzalandırılması deyil. Sadəcə, Azərbaycanda məhkəmələrin də insanlar arasında ayrı-seçkilik etdiyini, qanunun şəxslərə görə dəyişdiyini sübut etmək üçün bu fakt kifayət edir.
Ötən il tanınmış hüquqşünas Qurban Məmmədov da avtoqəzaya görə həbs olnudu və məhkəmənin hökmü ilə ona 3 il cəza verildi. Aydın Mirzəzadənin sürücüsündən fərqli olaraq Qurban Məmmədov heç kimin ölümünə və ağır zədələnməsinə səbəb olmamışdı. Və “zərərçəkən” hadisədən 1 il sonra məhkəməyə müraciət etmişdi, məhkəmə isə Qurban Məmmədova qarşı heç bir əsaslı arqument səsləndirməmişdi. Üstəlik, istintaq müddətində Qurban Məmməddov sərbəst buraxılmamışdı. Bu ölkədə hamı bilir ki, Qurban Məmmədovun həbsi siyasi sifarişdi və onun prinsipial müxalif mövqeyinə görədir.
Əslində, bu kimi hallar Qurban Məmmədovla da yekunlaşmır və kifayət qədər belə hallar baş verib ki, məhkəmə qərəzli qərar qəbul edib. Bir sözlə, Aydın Mirzəzadənin sürücüsü bir şəxsin ölümünə görə azad buraxıldı, Qurban Məmmədov heç kimi öldürmədiyinə görə həbs olundu.
Qurban Məmmədovun vəkili Süleyman Qasımov bildirdi ki, 2 hadisə bir-biri ilə müqayisəyəgəlməz dərəcədə fərqlidir və nəticələr sübut edir ki, məhkəmə müstəqil deyil: “Aydındır ki, Qurban Məmmədova qarşı hökm tam ədalətsizdir və siyasi ayrı-seçkiliyin nəticəsidir. Faiq Qocayevin işində isə, əlavə maddə tətbiq olundu və bu onun cəzasını yüngülləşdirmək məqsədi daşıyırdı. Ölümlə nəticələnən qəzalarda sürücü içkilidirsə, 5 ildən 10 ilə qədər, içkili deyilsə və sürücülük vəsiqəsi varsa, 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər. Ancaq Azərbaycanda vəziyyət göz qabağındadır və ikili münasibət həmişə olur”.
Akif