Türkiyənin baş naziri Bakıda siyahı qoyub getdi; hər iki ölkənin iqtidara yaxın mediası qapalı görüşdən ilginc xəbər çıxardı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Bakıda birgünlük səfərdə olub. Ölkə başçısı İlham Əliyev qonağı prezident iqamətgahının qapısında qarşılayıb. Ərdoğanla Əliyev əvvəlcə təkbətək görüş keçiriblər. Görüş media üçün qapalı olub. Sonra sonra danışıqlar hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə davam etdirilib. Daha sonra Əliyev və Ərdoğan birgə mətbuat konfransı keçiriblər.
Əvvəlcə İlham Əliyev çıxış edib. O, Ərdoğanı partiyasının bələdiyyə seçkisində qazandığı qələbəyə görə təbrik edib.
“Bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir. Biz siyasi sahədə müttəfiqik. İqtisadi sahədə böyük layihələrə imza atırıq. Qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir…
Bizi birləşdirən enerji layihələri var. Biz bu layihələri bərabər icra edirik. Artıq bu layihələr regional çərçivədən çıxıb və dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir.
Bu gün biz, eyni zamanda, hərbi sahədə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Bu sahədə də çox yaxşı imkanlar, perspektivlər və nəticələr vardır. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır…”, – deyə Əliyev daha sonra bildirib
Ərdoğan isə açıqlamasında qeyd edib ki, bu səfərlə Azərbaycan-Türkiyə arasındakı ikitərəfli əlaqələri, regional məsələləri müzakirə etmək imkanı tapıblar.
“Türkiyədəki Azərbaycan sərmayələrinin hədəfləri həqiqətən çox böyükdür. Bunların ən əhəmiyyətlisi də təbii ki, TANAP layihəsidir. Bu layihə ilə əlaqədar başlanan rəsmiləşdirmə işlərilə bağlı Nazirlər Kabinetinin qərarı da qəbul edilmişdir. Qarşıdakı aylarda, inşallah, burada addımlar atılacaq və TANAP-la bağlı 2018-ci il hədəfinə nail olacağıq. İnanıram ki, bu beynəlxalq layihə aramızdakı qardaşlığımızı daha da gücləndirəcək.
Bununla yanaşı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şahdəniz-Ərzurum layihəsi Azərbaycan-Türkiyə arasındakı bağların nə qədər güclü olduğunu göstərən mühüm sərmayələrdir.
Aramızda siyasi, hərbi, mədəni, iqtisadi, ticari sahələrdəki birlik, həmrəylik qardaşlığımızın hansı səviyyədə olduğunu göstərən ən gözəl nümunələrdir. Gələcəkdə inanıram ki, çox ciddi sərmayələri birlikdə yatıracağıq. Xüsusilə təbii qaz məsələsində yatırmaqda olduğumuz, yatıracağımız sərmayələr və bu istiqamətdə “Petkim”də başlayan proses bu addımların nə qədər əhəmiyyət daşıdığını ifadə edir.
Bizim bu həmrəyliyimiz, bu qardaşlığımız bundan sonrakı dövrdə də eyni qətiyyətlə davam edəcəkdir. Bu məsələdə tərəflərdə heç bir narahatlıq yoxdur. Təkbətək görüşümüzdə də bunları əhatəli müzakirə etmək imkanımız oldu. Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə də bunları eyni şəkildə dəyərləndirmək imkanımız oldu.
Nazirlərimiz öz aralarında istər enerji, istər müdafiə sənayesi istiqamətində birlikdə nələr edə biləcəyimizi müzakirə etdilər.
Təbii ki, bu gün aramızda yenə Qarabağ məsələsini müzakirə etmək imkanımız oldu. Dağlıq Qarabağ mövzusunda biz bu günə qədər necə bir qətiyyət, mövqe göstərmişiksə, bundan sonra da eyni qətiyyətli mövqedə olmaqda davam edəcəyik. Burada güzəştə getməyimiz əsla müzakirə mövzusu ola bilməz”, – deyə Ərdoğan bildirib.
Çıxışlardan sonra ölkə başçıları suallara cavab veriblər. Türkiyə tərəfdən “Əl-Cəzirə Türk” televiziyasının, Azərbaycan tərəfdən isə İctimai Televiziyanın müxbirlərinə sula vermək şəraiti yaradılıb. Hər iki sual “Gülən camaatı” – nurçularla bağlı olub.
“Əl-Cəzirə Türk”ün müxbiri Ərdoğandan Azərbaycanda “Camaat məktəbləri”nin fəaliyyəti ilə bağlı Əliyevdən hər hansı istəyinin olub-olmadığını, Əliyevdən isə həmin məktəblər və “Gülən camaatı”nın Azərbaycandakı fəaliyyəti barədə nə fikrləşdiyini soruşub.
Ərdoğan:
– Mənim buraya səfərimin ən mühüm səbəbi ənənəyə uyğun olaraq hər seçkidən sonra ilk səfərimizin Azərbaycana olmasıdır. Bu səfərimiz də ənənəyə uyğun olaraq atdığımız addımdır. İkitərəfli münasibətlərimizi müzakirə edirik. Təbii ki, ölkələrimizdə hər hansı bir sıxıntı varsa və bu sıxıntı ölkələrimizi həqiqətən narahat edirsə, bunları da aramızda ayrıca müzakirə edirik.
Əliyev:
– Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Biz ildə bir neçə dəfə görüşürük. Biz müttəfiqik, dostuq, qardaşıq. Bizim aramızda olan söhbətlər, əlbəttə ki, çox geniş sahəni əhatə edir. Elə bir məsələ yoxdur ki, onu səmimiyyətlə, dost, qardaş kimi müzakirə etməyək. Əsas məsələ ondan ibarətdir ki, burada Türkiyə və Azərbaycan tərəfi başqa sahələrdə olduğu kimi həmfikirdir ki, biz əlaqələrimizə zərrə qədər zərər verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan vermirik və verməyəcəyik. Biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi müdafiə edəcəyik, yaxşı günlərdə və o qədər də yaxşı olmayan günlərdə də həmişə bir yerdə olmalıyıq.
İTV-nin müxbiri isə Ərdoğandan AKP-nin nurçuluqla bağlı olduğu haqda məlumatlar barədə və hazırda Türkiyədə nurçuluq meylləri ilə mübarizə aparılmasına münasibətini soruşub. Ərdoğan cavabında sualın qəribə olduğunu deyib:
– Bu, mənə çox qəribə gəldi. Bizim elə bir bağlantımız təbii ki, yoxdur. Bizim yeganə bağlantımız millətlədir. Millətlə olan bağlantımız çox yaxşı olduğu üçün 46 faiz səs aldıq. Biz xalqımızın içərisində hər hansı bir ayrı-seçkiliyə imkan vermərik. Biz 77 milyonun partiyasıyıq, 780 min kvadratkilometrin partiyasıyıq. Mən həmişə deyirəm, bizim dörd əsas prinsipimiz var: Tək millət, tək bayraq, tək vətən, tək dövlət.
***
Ərdoğanla Əliyevin görüşü bitər-bitməz hər iki ölkənin hakimiyyətə yaxın media orqanları görüşün pərdəarxası barədə ilginc məlumatlar yayıb. Azərbaycan hakim dairələrinə yaxınlığı ilə tanınan informasiya agentliklərindən biri – APA “mötəbər” adlandırdığı qaynağa istinadla xəbər verib ki, Ərdoğan Əliyevə Azərbaycandakı “nurçular”la bağlı siyahı təqdim edib və mümkün təhlükənin qarşısını vaxtında almağın zəruriliyini vurğulayıb.
AKP hökumətinə yaxınlığıyla seçilən “Yeni Şafak” qəzeti isə birgə mətbuat konfransı haqda xəbəri “Əliyev Camaat məktəblərini qapatma siqnalı verdi” başlığı ilə yayıb.
***
Ərdoğanın Bakıya səfərində əsas müzakirə mövzularından birinin də nurçularla bağlı məsələnin olacağı gözlənilən idi. Görüş zamanı Əliyev və Ərdoğanın nurçularla bağlı verilən suallara cavablarından da aydın sezilir ki, bu məsələ tərəflər arasında ciddi müzakirə olunub.
Xatırladaq ki, Azərbaycanda nurçulara qarşı hərəkətlənmə başlayanda bu barədə Ərdoğanın Əliyevə müraciəti olduğu deyilirdi. Hurçu olduğu iddia edilən Elnur Aslanov Prezident Administrasiyasındakı vəzifəsindən çıxarılanda da “Yeni Şəfəq” qəzeti bu barədə xəbəri “Əliyev Gülən camaatının ən önəmli adamını işdən çıxardı” sərlövhəsi ilə manşetdən vermişdi.
Ərdoğanın cavablarından görünür ki, o, Əliyevin nurçulara qarşı qətiyyətli addımlar atmasını istəyir. İlham Əliyev də nurçulara qarşı hərəkətlənmənin güclənəcəyinə işarə vurur: “Bizim əlaqələrimizə zərrə qədər zərər verəcək hər hansı bir addıma imkan verməyəcəyik”. Lakin maraqlıdır ki, nurçu olduğu iddia edilən Elnur Aslanovu bu günlərdə yenidən vəzifəyə təyin olunub. Bu fakt Əliyevin nurçu məsələsində səmimi olmadığı qənaətini yaradır. Bəlkə də “nurçu savaşı”nın fonunda hakimiyyətdaxili ziddiyyətlərin dərinləşəcəyi ilə bağlıdır.
Ərdoğanın təqdim etdiyi siyahıya gəlincə, bu günə qədər nurçularla əlaqədə Elnur Aslanovdan başqa da bir sıra dövlət məmurlarının və hökumət yönlü deputatların adları hallandırılıb. Bu sırada xüsusilə neft şirkətinin prezidenti Rövnəq Abdullayevin, gənclər və idman naziri Azad Rəhimovun, deputatlar Nizami Cəfərov, Qənirə Paşayeva və Ceyhun Osmanlının, AzTV-nin rəhbəri Arif Alışanovun adlarını çəkmək olar.
İnformasiya şöbəsi