«Amay Abdulla» kimi tanınan Abdulla Abdullayev ağır cinayətdə ittiham olunur
Ölkə başçısı İlham Əliyevin əmisi Cəlal Əliyevin yaxın adamı həbs edilib. Söhbət “AMAY” Ticarət Mərkəzinin sahibi, “Amay Abdulla” kimi tanınan Abdulla Abdullayevdən gedir. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilir ki, Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində araşdırılıb.
Ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) ÿmaddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Bununla da o, dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub. Həmçinin özgənin külli miqdarda əmlakını mənimsəyib. Abdulla Abdullayevə yuxarıda qeyd olunan maddələrlə ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Ilham Əliyevin hakimiyyətə gəlişindən sonra Cəlal Əliyevin “ulduzu” sönməyə başladı. Cəlal Əliyevə hücumlar başlandı. Bunun səbəbləri dəqiq bəlli olmasa da, ölkə başçısının əmisi küncə sıxışdırıldı. Ona yaxın adamlara da təzyiqlər olundu. Bu şəxslərdən biri də “Amay Abdulla” idi. Bir neçə il əvvəl “Amay Abdulla” ilə “Texnikabank” arasında qalmaqal yarandı. Bu qalmaqalın nəticəsi olaraq A.M.A.Y ticarət mərkəzinin direktoru Elşən Novruzov, məsul işçiləri Yusif Kərimov və Zakir Məmmədov həbs edildi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Novruzov 11 il, məsul işçiləri Yusif Kərimov 10 il və Zakir Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edildilər. Hər üç şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə və israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurdular. Ittihama görə onlar “Texnikabank”dan aldıqları kreditləri təyinatı üzrə xərcləməyib və götürdükləri öhdəliyə görə ödənişlər etməyiblər.
Bu şəxslərin həbs olunmasından sonra “Amay Abdulla” ona qarşı haqsızlıq olunduğu bəyan elədi. Bir qədər sonra isə Apelyasiya Məhkəməsi Elşən Novruzovun cəzası 11 ildən 9 ilə, Yusif Kərimovun və Zakir Məmmədovun cəzası isə 8 ilə endirdi və cəza şərti hesab olundu. Onlar məhkəmə zalından azadlığa buraxıldılar. “Amay Abdulla” da açıqlamalarına son verdi.
Lakin görünür, problem həll olunmayıbmış.
Yeri gəlmişkən, həmin vaxt belə məlumatlar da yayılmışdı ki, “Amay Abdulla” ilə baş prokuror Zakir Qaralov arasında ziddiyyətlər var. Baş verənlər də bununla izah edilirdi. Lakin bu məlumatlar bir qədər inandırıcı görünmür. Doğrudur, Zakir Qaralovla Abdulla Abdullayevin arasında ziddiyyətlər ola bilər. Lakin “yuxarılar”ın razılığı olmadan baş prokurorun Cəlal Əliyevin yaxın adamı ilə hesab çəkməsi ağlabatan deyil.