Azərbaycanda bu virusa qarşı peyvənd yoxdur
Bakının əksər uşaq bağçalarında suçiçəyinə yoluxma halları var. Xüsusən, mart ayından başlayaraq, suçiçəyi xəstəliyinə yoluxan uşaqların sayında kəskin artım müşahidə olunur. Bu faktı Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva da qismən təsdiqləyib. O, uşaqlar arasında yaz fəsli girəndən suçiçəyinə yoluxma hallarının müşahidə olunduğunu söyləyib.
Maraqlısı budur ki, A.Əliyeva suçiçəyi xəstəliyinə qarşı peyvənd təqvimində vaksinasiyanın olmadığını da söyləyib. Suçiçəyinə qarşı dünyada peyvənd işləri aparılsa da, bu, Azərbaycanın peyvənd təqviminə daxil olunmayıb. Görəsən, belə olan halda, önləyici tədbirlər sırasında hansı işi görmək, profilaktik tədbirlər aparmaq vacibdir?
Həkim-ekspert Rasif Bağırov yüngülləşdirici-profilaktik tədbirlər kimi, kütləvi məskunlaşma yerlərində, bağça və orta ümumtəhsil məktəblərində sanitariya qaydalarına düzgün əməl olunmasını vacib sayır. Uşaqlar arasında hansısa virus və bakterial infeksiyaların meydana çıxmasının qarşısı vaxtında aşkar olunaraq onlar kollektivdən təcrid olunmalıdır: “Belə olan halda, suçiçəyi və ya digər infeksiyaların qarşısı alına bilər. Lakin tədbirlər görmədən bu cür infeksiyaların qarşısını almaq mümkün deyil. Suçiçəyinin əlamətləri ilkin mərhələdə soyuqdəymə əlamətləri kimi olur. Amma sonradan səpkilər meydana çıxanda onun virus infeksiyası olduğu bilinir. Bu gün infeksiyalar qarışıq şəkildə gedir. Bakterial infeksiyalarla virus infeksiyaları eyni cür gedir və biri digərinin işini artırır. Ona görə də orqanizmdə əlverişli şərait tapanda suçiçəyi virusu orada inkişaf etməyə başlayır”.
Nigar