Milli Şura Ukrayna hadisələri ilə yaranan yeni reallıqları və Azərbaycanda atılası addımları müzakirə etdi VİDEO
Cəmil Həsənli: «Təhlükəni kənarda axtarmamalıyıq, saxta vətənpərvərliklə məşğul olmamalıyıq»
Milli Şura ötən gün növbəti sessiyasını keçirdi. Sessiyanın işinə Milli Şuranın sədri Cəmil Həsənli rəhbərlik edirdi. Sessiyanın gündəliyinə ölkədə hazırkı ictimai-siyasi durum və cari məsələlər daxil edildi. Əvvəlcə Cəmil Həsənli ötən sessiyada qəbul edilmiş qərarların icrası barədə məlumat verdi, Milli Şuranın həyata keçirdiyi tədbirlər haqda sessiya iştirakçılarını məlumatlandırdı.
“Hakimiyyətin aqressiyası Milli Şuranın gücü ilə bağlıdır”
Daha sonra AXCP sədri Əli Kərimli gündəlikdəki məsələlər ətrafında çıxış etdi. Əli Kərimli Milli Şuranın Xocalı faciəsinin anımında mütəşəkkil iştirakı və o hadisədən sonra AXCP-yə qarşı hücumlar, cəbhəçilərin həbsi, partiyanın qərargahının partladılmasından danışdı. Bildirdi ki, bu təzyiqlər eyni zamanda, Milli Şuranın gücünün etirafı idi. Əli Kərimlinin sözlərinə görə, onlara qarşı aqressiyanın kökündə məhz Milli Şuranın əsas güc mərkəzi olaraq qalması dayanır.
Azərbaycan hökuməti Krımın işğalından necə yararlanmaq istəyir?
Daha sonra Ukrayna hadisələrindən bəhs edən AXCP sədri bildirdi ki, inqilabi proses Azərbaycan xalqına, onun mübariz kəsiminə müsbət təsir etdi, insanlarda ruh yüksəkliyi yaratdı. AXCP sədrinin sözlərinə görə, sonradan Rusiyanın separatizmi, Krımı Ukraynadan ayırmaq təşəbbüsləri Azərbaycan hakimiyyətinin əlində azadlıqsevərləri qorxutmaq üçün bəhanəyə çevrilib: “Hazırda hökumətə yaxın media Krım ətrafında baş verənləri şişirdərək, xüsusi təbliğat qurublar ki, azadlıq istəyən bütün xalqları Krım nümunəsilə qorxutsunlar. Mesaj verirlər ki, görün, azadlıq istəyəndə, Qərbə inteqrasiya edəndə xalqların başına hansı bəlalar gəlir. Belə təbliğatla Azərbaycan xalqının inkişafda olan azadlıq mübarizəsini qorxutmaq istəyirlər. Bununla əlaqədar demək istəyirəm ki, əvvəla, Azərbaycan xalqı gerçək müstəqillik üçün ödəməli olduğu haqqı ödəyib. Məhz Qarabağ ona görə işğal olunub ki, Azərbaycan xalqı gerçək müstəqillik, Qərbə inteqrasiya istəyib. Buna görə Qarabağ və ətraf rayonların işğalı ilə biz müəyyən mənada cəzalanmışıq. Yəni, bizim indi qorxuya düşməyimiz çox gecdir. Biz artıq itirə biləcəyimizi itirmişik.
Indi Rusiya çalışır ki, ciddi siyasi-iqtisadi embarqo və təzyiqlərə məruz qalmadan Krımı özünə birləşdirib, yenidən dünya birliyinin üzvü kimi, fəaliyyətini davam etdirsin. Yəni, Qərb dövlətləri ilə dialoq kəsilməsin, dünyadan təcrid edilməsin, Rusiyanı çökdürə biləcək iqtisadi sanksiyalar tətbiq olunmasın. Rusiya bu cür həssas məqamda Qərbin ciddi sanksiyalarına əsaslar yaratmaqda maraqlı deyil. Buna görə də xalqımızı boş yerə qorxutmaq lazım deyil. Xalqımız öz strateji seçiminə, maraqlarına uyğun olaraq, mübarizəsini davam etdirməlidir. Biz də imkanımız daxilində bu siyasəti təbliğ etməliyik”.
Hökumət nəhayət, düzgün addım atdı
Krım hadisəsində Milli Şura tərəddüdsüz və qətiyyətli mövqe nümayiş etdirməsini müsbət dəyərləndirən Əli Kərimli “nə yaxşı ki, Azərbaycanda əsas müxalif qüvvələr bu ölkəyə bağlı qüvvədir”, – deyə qeyd etdi. Bildirdi ki, Milli Şuranın Ukraynanın ərazi bütövlüyünün önəmini vurğulaması, bu ölkəni Azərbaycanın potensial strateji müttəfiqlərindən biri kimi görməsi, hökumətdən də bu cür mövqe nümayişini israrla tələb etməsi nəticəsiz qalmadı: “Bizim qətiyyətli mövqe ortaya qoymağımız hökumətin də bu dəfə nəhayət, düzgün addım atmasına şərait yaratmış oldu. Hökumət də arxayınlıqla, arxadan zərbə gözləmədən, real müxalifətin də bu məsələdə mövqeyini bildikdən sonra nəhayət, Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqe ortaya qoydu və biz bunu təqdir edirik”.
Qarabağ problemilə bağlı zəruri addımlar
Əli Kərimli onu da qeyd etdi ki, hakimiyyətin bu cür mövqe ortaya qoyması hələ ilk addımdır və bununla hökumət işini bitmiş saymamalıdır. AXCP sədrinin sözlərinə görə, bu addımın ardınca hökumət ciddi səy göstərməlidir ki, bütün dünyada separatizmə qarşı güclü rəy yarandığı bir vaxtda, Cənubi Osetiya, Dnestryanı bölgə, Krım kimi Dağlıq Qarabağın da ərazi bütövlüyünə qəsd dünyanın nəzərinə bir daha çatdırılsın. Hakimiyyət belə bir vaxtda beynəlxalq aləmdən ərazi bütövlüyü məsələsində Azərbaycana dəstək qazandırmaq üçün zəruri addımlar atmalıdır.
Hakimiyyətin məkrli planının qarşısını necə almalı?
AXCP sədri bildirdi ki, Azərbaycan eyni zamanda, dünyanın bir hissəsi olmaq ölkədə sürətli islahatlar başlamalıdır. Dünya Ticarət Təşkilatına üzv olmaqla, Avropa Birliyi ilə Assosiativ sazişi imzalamaqla, ölkəmizə ciddi təhlükəsizlik çətiri yaradılmalıdır. Amma proseslərin gedişi göstərir ki, hökumət bu fikirdə deyil. AXCP sədri bu məqamla bağlı bədbin olduğunu söylədi: “Hakimiyyət Qərb üçün həssas məqamda onunla səsləşən mövqe tutmasından sui-istifadə edərək, Avropanın qaz təminatında, Əfqanıstan məsələsində tranzit rol oynayıb, ölkədə islahatların önünü kəsmək, avtoritarizmi möhkəmləndirməklə Qərbin susmasını təmin etməyə çalışacaq. Amma hakimiyyətin bu məqsədinə nail olmaması müxalifətdən, Milli Şuradan çox asılıdır. Milli Şura toparlanmalı, meydanlara çıxaraq dünyaya demokratikləşmə, Avropaya inteqrasiya üçün mübarizə aparan insanların mövcudluğunu nümayiş etdirməlidir. Qərb ictimaiyyətinə və siyasətçilərinə rahatlıqla Azərbaycanın problemlərinə göz yummağa imkan verilməməlidir. Azərbaycana səfər edən mötəbər siyasətçilərə, diplomatlara, eləcə də Avropa Şurasına, Avropa Birliyinə Milli Şura və ayrı-ayrı vətəndaş cəmiyyəti qurumları adından ölkənin real problemləri müraciət formasında yazılı şəkildə çatdırılmalıdır”.
AXCP sədri Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin dəyişdirilməsi, eləcə də ölkəmizdə siyasi məhbuslar üzrə yenidən məruzəçi təyin olunması üçün kampaniyaya başlamağı vacib saydı.
Milli Şuranın beynəlxalq təşkilatlarla seçki danışıqları
Əli Kərimli Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərinə də toxundu. Bildirdi ki, Milli Şura bu seçki ilə bağlı qeyri-müəyyən vəziyyətdədir. Hakimiyyət də seçkilərlə bağlı heç bir addım atmır. Seçki komissiyaları hələ də hökumətin tam nəzarətindədir, qanunvericilik bərbad haldadır. Həm komissiyaların, həm də qanunvericiliyin dəyişməsinə ciddi ehtiyac var. AXCP sədri təklif etdi ki, Milli Şura komissiya yaradaraq, Avropa Şurası və ATƏT-in əlaqədar qurumlarıyla danışıqlara başlasın, onlardan seçki islahatlarına nail olmaq üçün səyləri artırmaq tələb olunsun.
Sosial problemlərlə bağlı aksiyalar
Əli Kərimli çıxışında ölkədəki sosial problemlərə də toxundu, xüsusən, Qarabağ əlillərinin ağır durumundan bəhs etdi. Bildirdi ki, hakimiyyət mənasız layihələrə milyonlarla vəsait xərcləyir, amma öz canını vətən yolunda fəda etmiş şəxslərin sağlamlığına, dolanışığına diqqət yetirmir. AXCP sədri təklif etdi ki, sosial məsələlərlə bağlı lokal aksiyalar keçirilsin.
Seçkidə iştirak vacibdir, amma…
Daha sonra Milli Şura üzvləri Bəybala Əbil, Sülhəddin Əkbər, Fuad Qəhrəmanlı, Şahvələd Çobanoğlu, Gültəkin Hacıbəyli gündəliyə daxil olan mövzular ətrafında çıxış etdi. Çıxışlarda əsasən Ukrayna hadisələrinə toxunuldu, Rusiyanın Krımı işğalı pislənildi. Həmçinin bələdiyyə seçkilərinə də münasibət bildirildi, əksər çıxışçılar seçkidə iştirakın tərəfdarı oldu. Bununla belə, o da vurğulandı ki, seçki qanunvericiliyi dəyişdirilmədən bu yarışdan real nəticə gözləmək yersizdir.
“Yaranan imkandan istifadə olunmalıdır”
Sessiya Milli Şura sədri Cəmil Həsənlinin ümumiləşdirici çıxışı ilə yekunlaşdı. Cəmil Həsənli də əvvəlcə qarşıdan gələn bələdiyyə seçkilərinə toxundu. Bildirdi ki, seçkidə iştirakın lehinə də, əleyhinə də çoxlu arqumentlər var: “Amma seçki xalqla işləməyə əlavə imkan verdiyindən onu dəyərləndirmək lazımdır. Bu seçki Azərbaycan hakimiyyətinin seçki islahatlarına imkan yaradacaqsa, bundan istifadə olunmalıdır”.
Milli Şuranın başlıca vəzifəsi
Krım hadisələri ilə əlaqədar hakimiyyətin yaratdığı ajiotaja Cəmil Həsənlidən sərt təpki gəldi: “Hakimiyyətin nəzarətində olan mətbuat orqanlarında qorxunc bir mənzərə yaradılır ki, Rusiya müharibə etməyə gəlir, sərhədlərdə səngərlər qazın və s. Bunlar mənasız söhbətlərdir, Azərbaycan hakimiyyətindəki gerizəkalı adamların yaratdığı psixozdu. Azərbaycan xalqı, dövləti üçün təhlükə varmı? Əlbəttə var. Bu, ilk növbədə Ilham Əliyev rejimidir – hakimiyyəti mənimsəmiş, Azərbaycanın demokratik inkişafının qarşısını alan, ölkəni korrupsiya bataqlığına çevirən, monopolist rejim quran, natəmiz adamlaran ibarət dəstə ilə ölkəni idarə edən hökumət! Hakimiyyətin mənimsənilməsindən ağır cinayət yoxdur. Ona görə də biz təhlükəni kənarda axtarmamalıyıq, saxta vətənpərvərliklə məşğul olmamalıyıq. Hesab edirəm ki, Milli Şuranın başlıca vəzifəsi bu anti-milli, anti-konstitusion, hakimiyyəti mənimsəmiş bu qaragüruhu tarixin arxivinə göndərməkdən ibarətdir. Bundan sonrakı fəaliyyətimiz də bötüvlükdə bu istiqamətdə getməlidir”.
Natiq