Mehman Əliyev: «Cəmiyyətin müqaviməti zəif olduğu üçün hakimiyyət istədiyi addımı ata bilir»
Son illər dünyada baş verən proseslər, yaranmış tendensiya onu göstərir ki, qloballaşan dünyada insan haqları, demokratiya, söz azadlığı və s. dəyərlər ön sıraya keçir və avtoritar rejimlər tarixin arxivinə köçür. Azərbaycanla bağlı beynəlxalq aləmin mövqeyi, nüfuzlu təşkilatların tənqidi hesabatları, seçkilərdə ortaya qoyulan sərt mövqe də deyilənləri təsdiqləyir.
Ancaq bir qayda olaraq Azərbaycan hakimiyyəti bu tənqidlərdən nəticə çıxarmır və daha da aqressiv mövqe tutur. Təkcə son günlər baş verən hadisələr də onu göstərir ki, hakimiyyət üzərinə götürdüyü öhdəliklərə əməl etmir və sanki dünyayaya meydan oxuyur.
AXCP-nin qərərgahının partladılması, partiya fəallarının ard-arda həbs olunması, Tofiq Yaqublu və Ilqar Məmmədova qarşı absurd məhkəmə hökmləri, Anar Məmmədliyə qarşı əlavə ittihamların ortaya atılması, Xədicə Ismayılın istintaq prosesinin davam etdirilməsi və s. bu kimi qanunsuz əməllər onu göstərir ki, hakimiyyət öz ampluasındadır və hər hansı islahat aparmaqda maraqlı görünmür. Qeyd edək ki, sadaladığımız faktlar da beynəlxalq aləmdə mənfi qiymətləndirilib və siyasi xarakterli olduğu ifadə edilib.
Dünyada gedən demokratikləşmə prosesi, Ukraynada baş verənlər fonunda hakimiyyətin belə mövqe tutması və öz siyasətinə dəyişiklik etməməsi nə ilə bağlıdır?
“Turan” imformasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, hakimiyyət cəmiyyətin zəif müqavimətindən sui-istifadə edir və qorxu mühiti yaratmaq istəyir: “Diqqət etsək görərik ki, Orta Asiya ölkələrində, Rusiyada, Ermənistanda, Belarusda, digər avtoritar ölkələrdə də oxşar hallar baş verir. Azərbaycanda isə bu qanunsuzluq daha sürətlə və davamlı baş verir. Hakimiyyət aqressiv münasibət sərgiləyir, istədiyi addımı ata bilir. Bunun isə yeganə səbəbi cəmiyyətin zəif olmasıdır. Cəmiyyətin müqaviməti nə qədər zəif olursa, hakimiyyətin xalqa müqaviməti o qədər güclü olur. Hakimiyyət o zaman xalqa yönəlik siyasət həyata keçirir ki, xalqın müqaviməti ilə hesablaşmağa məcbur olur. Məsələn, ”Sovetski”də insanlar ayağa qalxdı və hakimiyyət onlara yüksək kompensasiya verməyə razı oldu. Sonra həmin sakinləri aldatmağa cəhd etdilər, ancaq “Sovetski”də “Basin”dəki kimi münasibət sərgiləmədilər. Bu gün Azərbaycanda azad mətbuat tək-tük qalıb, siyasi partiyaların vəziyyəti acınacaqlıdır, vətəndaş cəmiyyəti sıradan çıxarılıb. Yəni bütün sahələrdə geriləmə var. Fakt budur ki, cəmiyyət də geri çəkilib. Cəmiyyət geri çəkildikcə də, hakimiyyət onun üstünə yeriyir”.
Akif