Metropolitenin keçmiş rəisi Tağı Əhmədov mövzusu gündəmdən çıxır. Sosial şəbəkələrdə də unudulmaqdadır. Arada kimlərsə onunla bağlı xəbər uydurur, Tağı Əhmədov da deyilənlərə münasibət bildirir. Bu xəbərlərə ironik şərhlər yazılır. Kim deyirsə, media Azərbaycanda dördüncü hakimiyyət deyil, haqsızdır. Yeri gələndə media birinci hakimiyyət ola bilir. Tağı müəllimi vəzifədən başda ANS olmaqla media, əsas da internet mediası düşürdü.
Adamın haqqını danmayaq, özü də özünü gözdən salmaq, jurnalistlərin dilinə düşmək üçün səxavətini əsirgəmədi. Jurnalistləri o ki var acıladı, təhqir etdi. 15 il məmur kreslosu üçün az müddət deyil. 15 il metronun gəlirini-çıxarını əlində saxlayandan sonra vəzifədən getmək əskiklik deyil. Dəhşət adamın işdən çıxarılmasından xəbərsiz olması, bunu acıladığı jurnalistlərdən eşitməsidir. “Federasiya vitse-prezidenti və YAP-ın Yasamal rayon təşkilatının sədr müavini” metropoliten rəisliyinin yanında vəzifə deyil. “Azadlıq”dan aldığı 30 min manatın da ayağı düşmədi metropolitenin keçmiş rəisinə. “Qələbə”nin sevincini dada bilmədi. Yadıma gələn ilk məmurdur ki, ölkənin ən reytinqli və uzunömürlü müxalifət qəzetini cərimələtdirib, “Azadlıq”ı çökdürmə planının tərkib hissəsi olaraq işin sonunacan gedib. Tağı müəllim heç olmasa məhkəmə sonrası verdiyi sözü tutmadı. Centlemen ola bilmədi. Cərimə kəsiləndən sonra “ayda uşaq evinə 400 manat ödəmə” razılaşmasını üstündən az keçmiş pozdu. O boyda idarə rəisi bəlkə də sözünü dəyişməzdi, söz haqqı özündə olsaydı. Metropoliten rəisi hələ rəislikdən çıxarılmasını sinirə bilmədiyi yerdə mətbuatda onun idarəçiliyi dövründə baş verən mənimsəmələrlə bağlı sanballı yazı çıxdı. “Tağı Əhmədov strateji dövlət müəssisəsini 16 il ”budka” kimi idarə etdi” adlı yazını oxumayanlar oxusunlar. Tağı Əhmədov 12 min 500 manat söhbətinə görə “Azadlıq”dan 30 min manat aldı. Adı çəkilən yazıda isə “Ildə icarə haqlarından ən azı 11 milyon 160 min manat mənimsənilir”- yazılıb. Bu kimi tutarlı, əsaslandırılmış çoxlu fakt var həmkarımın yazısında. Amma Tağı Əhmədov yazılanlara rəy bildirmir, çünki vəzifədə deyil. Vəzifədə olmamaq cüzi məhkəmə iddiasında belə uduzmaq deməkdir. “Azadlıq”ı qapatmaq planının tərkib hissəsi olduğunu bilsəm də, yazıma görə ölkənin ən döyüşkən, barışmaz qəzetinin cərimələnməsi, həmkarlarımın aylardır əməkhaqqısız qalması məni çox incidir. Ədalətsiz ölkədə yaşadığımı anlasam da yazı müəllifi kimi onlardan üzr istəyir, Tağı müəllimi heç olmasa bundan sonra haqqı nahaqqa qurban verməməyə, səhvlərini düzəltməyə çağırıram. Metro idarəetməsində mənimsənilən on, yüz milyonlardan söhbət gedən yerdə 30 min manat bir abbasıdır, “semiçka” puludur. O pul azadlıqçıların cibindən, balalarının boğazından kəsilib. Pulumuzu qaytarın, Tağı müəllim, halallıq olsun, dünyanın işini bilmək olmaz! 30 mini “Azadlıq”ın ötən ilin sonunda qapatdırdığınız hesabına asanlıqla qaytara bilərsiniz. O pul sizin haqqınız deyil. Qaytarın, məni də xəcalətdən qurtarın, özünüzü də. Unutmusunuzsa xatırladıram. Mənim “məhkəməlik” yazım belə başlayırdı: “Yanvar ayında metroda gediş haqqı on beş qəpikdən iyirmi qəpiyə qaldırılanda çoxlarının kartında beş qəpiklər qaldı. Mən də onlardan biri. Beş qəpiyin ayrılıqda elə bir mahiyyəti olmasa da maraq xatirinə metro kassirlərindən ”Bəs beş qəpiklər necə olacaq?”- sorusunu sordum. Onlar da əmin-arxayın “Qalacaq kartda”- dedilər. Gerçəkdən, üç ay belə də davam elədi. Hər dəfə gediş haqqı olaraq karta bir manat yükləyəndə yükləmə cihazının ekranında bir manat beş qəpik görünürdü. Aprel ayınacan. Aprel ayında ödədiyim bir manat dönüb bir manat beş qəpik olmadı. Beş qəpiyi kartdan silmişdilər”. Yazının sonrası bu faktdan qaynaqlanır. Yazılanlarda yalan yoxdu, şişirtmə yoxdu, əsassız ittiham yoxdu. Məntiqi fikir var: metroda baş verənlərə Tağı Əhmədov cavabdehdir! “Bakılı oğlanlar” KVN teatrının köhnə tamaşalarından birində “Müslüm Imanov gedir” adlı bir replika var. Onu çox bəyənirəm. Yerində olmayan məmurların sonunu göstərən ifadədir. Tağı müəllim kresloda otura-otura getməyin acısını daddı ya, gərək bu mətbuata düşmən kəsilən o biri məmurlara da görk olsun. Tağı müəllim “”Azadlıq”ı bağışlamayacam” deyib-durdu. Bundan nə qazandı? Xəyal qırıqlığı, işsizlik. “Azadlıq”sa ayaq üstədir, iş gedir!
Azad