Partiya fəalı Aydın Xəlilova çoxsaylı bıçaq zərbələri vurulub; odlu silahla öldürüldükdən sonra meyiti Salyan-Şirvan yoluna atılıb
Paltarları maşının altına ilişən müxalifətçinin meyitini asfaltın üstündə sürüyüblər
Klassik Xalq Cəhbəsi Partiyasının (KXCP) Salyan rayon təşkilatının üzvü Aydın Xəlilov vəhşicəsinə öldürülüb. “Musavat.com”un məlumatına görə, 1965-ci il təvəllüdlü Aydın Xəlilovu rayonun Qaraçala kəndindəki evindən naməlum şəxs çağırıb. O, həmin şəxsin gəldiyi qara rəngli “Prado”ya oturub və maşın Salyan-Şirvan istiqamətində hərəkət edib.
Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb. Meyitini Salyan-Şirvan yoluna ataraq, üstündən bir neçə dəfə maşınla keçiblər. Paltarları maşının altına ilişən müxalifətçinin meyitini asfaltın üstündə sürüyüblər. Qara “Prado”nun nömrə nişanları palçıqlı olduğundan kimsə onu görə bilməyib.
KXCP sədri Mirmahmud Mirəlioğlu olayla bağlı bunları deyib: “Hadisənin səbəbi bilinmir. Orada olan üzvlərimiz də bilmirlər ki, nədir. Bilirik ki, qara rəngli maşın olub, evindən çağırıblar. Yəni, mətbuatda olan informasiyalar qədər bilgiliyik”.
KXCP sədrinin sözlərinə görə, Qarabağ müharibəsi veteranı olan Aydın Xəlilovla bir nəfər bacara bilməzdi: “Fiziki gücünə, təcrübəsinə görə onunla bacara bilməzdilər. Ilkin ehtimalım budur ki, Azərbaycanda olan və hakimiyyətə bağlı kriminal var. Buna görə də ölkədə özbaşınalıq, ”bespredel” baş alıb, gedir. Qanunlar işləmir”.
Mirmahmud Mirəlioğlu Aydın Xəlilovu hörməti olan, nüfuzlu partiya üzvü kimi xarakterizə edib: “El-obada hörmətini saxlayırdılar. Yaşının azlığına baxmayaraq, sayılıb-seçilən söz sahibi idi. Hər hansı bir probleminin olduğunu da bilmirəm”.
KXCP Salyan təşkilatının üzvü Tahir Əliyev isə deyib ki, artıq Aydın Xəlilovun meyiti Salyan rayon Məhkəmə Tibb ekspertizasına aparılıb: “Ora getdik, dedilər ki, çıxın gedin, özümüz araşdırırıq. Bildiyimiz odur ki, evdən çağırıb, aparıblar. Aydın kənd təsərrüfatı ilə məşğul olaraq, öz övladlarını, ailəsini saxlayan adam idi. Bir də boksçu idi. Rayonda idman zalı vardı, uşaqlara boks öyrədirdi. Son zamanlar bu işlə də məşğul olmurdu. Heç kimlə işi yox idi. Bunu kim edib, niyə edib, bilmirik”.
KXCP Salyan rayon təşkilatının sədri Ədalət Yusubov da “modern.az”a öldürülən partiya üzvü haqda danışıb: “Hadisənin səbəbləri bizə bəlli deyil. Naməlum şəxslər onu evdən çağırıb, qətlə yetiriblər”.
Ədalət Yusubov Aydın Xəlilovun hakimiyyətlə konfliktdə olmadığını qeyd edib: “Sakit, kasıb adam idi. Fərdi təsərrüfatı ilə məşğul olurdu. Tədbirlərimizdə aktiv iştirak etməsinə baxmayaraq, siyasi qurumlarla hər hansı konflikti yox idi”.
“Azadlıq”a daxil olan məlumata görə, Aydın Xəlilovu evindən 3 nəfər 23-25 yaşlarında olan şəxs aparıb. Rayon sakinlərinin dediyinə görə, bir müddət öncə Aydın Xəlilov Rusiyanın Ufa şəhərində Azərbaycanın əsas icmasının qeyri-rəsmi rəhbəri olub. O, həmkəndlisi Əlisəf adlı şəxsin müəmmalı şəkildə dünyasını dəyişməsindən sonra Rusiyaya gedib: “Əlisəf həm kənddə, həm də rayonda tanınmış, nüfuzlu şəxslərdən biri olub. Ufa şəhərində Azərbaycan icmalarından birinin rəhbəri olub. 1998-ci ildə Hacıqabul rayonunda müəmmalı şəkildə avtoqəzada dünyasını dəyişdi. Sonra Aydın Xəlilov həmin icmanın qeyri-rəsmi rəhbəri olub. 2003-cü ildə o, ölkəyə qayıdıb. Icmaya Salyan rayonunun Kürqaraqaşlı kəndindən olan Azər adlı şəxs rəhbərlik edib. O da müəmmalı şəkildə 2006-cı ildə dünyasını dəyişib. Azər Ufada qətlə yetirilib və indiyə qədər qatilləri tapılmayıb. Hər üç şəxs idmançı olub”.
Salyan rayon Prokurorluğunun müstəntiqi Orxan Rzayev “aznews.az”a bildirib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır: “Hadisəni törətmiş şəxs və mərhumun ölümünün səbəbləri barədə Baş Prokrurluq geniş məlumat yayacaq”.
Ramin DEKO