«Azərbaycan hakimiyyəti bu hesabatı süngü ilə qarşılamaq əvəzinə oradakı faktlara diqqət yetirsin və bu hesabatdan ciddi nəticələr çıxartsın»
“Ölkədə baş verən qanunsuzluqlar bütün detalları ilə hesabatda əks olunub. Xüsusilə Azərbaycan xalqının öz hakimiyyətini dinc yolla dəyişmək hüququndan məhrum edilməsi məsələsi mühüm bir məqam kimi qeyd olunmalıdır”. Bu sözləri “Azadlıq”a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən deyib.
AXCP yetkilisi daha sonra əlavə edib: “Bu o deməkdir ki, ölkədə seçki institutu ləğv olunub, demokratik prosedurlar işləmir və indiki hakimiyyət legitim deyil, Azərbaycan xalqının iradəsini əks etdirmir. Eyni zamanda siyasi motivli həbslərin həyata keçirilməsi, məmur özbaşınalığının adi hala çevrilməsi, korrupsiya və rüşvətin artıq dövlət siyasətinə çevrilməsi, sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması, mətbuat azadlığının məhdudlaşdırılması, mətbuata qarşı təzyiqlərin dövlət səviyyəsində himayə olunması və digər mühüm məqamlar hesabatda əksini tapıb. Bütün bu məqamları nəzərə alaraq demək olar ki, hesabat Azərbaycan reallığını dəqiq ifadə edir”.
“Dövlət Departamentinin hesabatı obyektiv gerçəkləri əks etdirən bir hesabatdır. Ölkədə baş verən insan hüquqları pozuntusunu tam şəkildə əhatə edə bilməyib. Çünki, faktlar daha genişdir, daha çoxdur”. Bu sözləri isə Milli Şuranın üzvü Gültəkin Hacıbəyli deyib. Onun sözlərinə görə, hesabatda insan hüquqları ilə bağlı ən mühüm pozuntu faktları dolğunluğu ilə əks olunub: “Mən çox arzulayardım ki, Azərbaycan hakimiyyəti bu hesabatı süngü ilə qarşılamaq əvəzinə oradakı faktlara diqqət yetirsin və bu hesabatdan ciddi nəticələr çıxartsın.
Orada olan bütün faktlar həqiqəti əks etdirir. Istər siyasi həbslərlə bağlı, istər təqiblərlə bağlı, “Nidaçı”ların, Ilqar Məmmədovun, Tofiq Yaqublunun, Yadigar Sadıqovun həbsi, Elnur Seyidovun həbsi ilə Əli Kərimliyə siyasi təzyiq etmək cəhdi, məni övladımla təqib etməkləri, bütün bunlar reallıqdır. Bunları necə danmaq olar? Son günlər baş verən hadisələr, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan gənclərin saxta ittihamlarla inzibati qaydada həbs edilməsi repressiya siyasətinin davam etdiyini göstərir. O baxımdan ABŞ Dövlər Departamentindən başqa yanaşma gözləmək də düzgün deyil”.
ALP-nin sədri Əvəz Temirxan isə bildirib ki, bütün demokratik dünya qərəzli ola bilməz: “Tutaq ki, bir ölkəni qərəzli adlandıra bilərik, amma bütün demokratik dünyanı, bu hadisələrin müşahidəçilərinin və hökumətlərinin qərəzli olması qeyri-mümkündür. Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti Amerika Dövlət Departamentinin və digər ölkələrin siyasi rəhbərliyinin Azərbaycandakı seçkilərin saxtalaşdırılmasına dair bəyanatı qarşısında tutarlı dəlil, sübut qoya bilmir. Ona görə də həmişəki kimi növbəti bir qərəzli bəyanatı verməkdən başqa çarələri qalmır. Mən Amerika Birlşmiş Ştatlarının Dövlət Departamentinin hesabatı ilə bu mənada tam razıyam ki, Azərbaycan xalqı özünün suveren hüququndan, öz hakimiyyətini dəyişmək hüququndan məhrum edilib”.
ADP sədri Sərdar Cəlaloğlu da deyib ki, Dövlər Departamentinin hesabatı gerçəkləri əks etdirir: “Orada yazılan faktlar Azərbaycanda mövcuddur və orada yazılmayan bir çox faktlar da mövcuddur. Hər halda obyektiv hesabatdır”.
Xatırladaq ki, Azərbaycan rəsmiləri Dövlət Departamentinin son hesabatını obyektivlikdən kənar və qərzli olduğunu iddia edirlər.