Dünən Şəkidə keçirilən məhkəmə-məzhəkədə xalqımızın qatı düşmənləri, anti-milli ünsürlər Tofiq Yaqubluya 7, Ilqar Məmmədova 8 il azadlıqdan məhrumetmə cəzası istənilmişdir.
Şəxsən mən onların güllələnəcəyini, dərilərinin soyulacağını, hər tikələrinin qulaqları boyda edilib görk üçün ölkənin dörd bir yanından asılacağını gözləyirdim.
Belələrinə qətiyyən aman vermək olmaz. Onları topun ağzına qoyub atmaq, başlarını bədənlərindən qoparmaq lazımdır ki, başqalarına da dərs olsun, bir daha vətənə xəyanət etmək, azadlıq, insan hüquqları, demokratiya, hüquq, ədalət kimi yad və yabançı dəyərləri bu çiçəklənən, şən, hər yanı gülşən ölkəmizə gətirmək fikrinə düşməsinlər.
Amma yenə də sağ olsun, partiya və hökumətimizi, öz mərhəmətini bir daha nümayiş etdirmiş, onlara layiq olduqlarından qat-qat yüngül cəza istəmişdir. Hətta buna cəza demək də doğru deyildir, “şiddətli töhmət” desək, daha doğru olardı.
Eşq olsun partiya və hökumətimizə! Ura! Ura! Ura!
Hörmət görmək istəyən Azərbaycana gəlsin!
O “iş adamı”na bir neçə kəlmə
Hacı Ibrahim Nehrəmli deyə bir iş adamı var. Xəzərdə hansısa maliyyə qaynaqları hesabına hansısa şəhər tikir.
Son vaxtlar bu möhtərəm zatın müsahibələrinə tez-tez rastlayıram.
Bu müsahibələri oxuyan hər kəs elə zənn edər ki, Azərbaycan gerçəkdən də bir hüquqi dövlətdir, insanlara hər cür azadlıqlar, o cümlədən iqtidsadi özgürlüklər-filan tanınıb.
Yetər ki, bir az biliyin, bacarığın olsun, bunların sayəsində parlamaq, irəli getmək, potensialını reallaşdırmaq mümkündür.
Mənim Hacı Ibrahim adlı bu möhtərəm zata uzun-uzadı nəsə izah etməyə nə vaxtım, nə həvəsim var, amma istəyirəm bilsin:
Danışdığınız bu nağıllara bu ölkədə xeyli insanı inandıra bilərsiniz.
Xeyli adam kənardan dediklərinizi, ya da daha açıq yazaq – pulunuzun dediklərini oxuyub, dinləyib çəpik çala, alqışqlaya bilər.
Amma çalışın, heç vaxt unutmayın:
Bu ölkədə xeyli adam da var ki, onlar Azərbaycanda nələr olub-bitdiyinin, bir nəfərin icazəsi olmadan ağacdan bir yarpağın belə düşmədiyinin fərqindədir.
Siz bu cür düşünənlərin hamısını pulla basdıra bilərsiniz, buna əsla şübhəm yoxdur, amma onu da unutmayın ki, dünyada həqiqəti, gerçəklikləri basdıracaq, dəfn edəcək, malalayacaq heç bir holdinq, bank hesabı, ofşor zona, dayday yoxdur.
Yəni, bir də müsahibə-zad verəndə ağlınızdan o keçməsin ki, “yenə yaxşı doladım hamını barmağıma”.
Unutmayın ki, o müsahibələrə gülüb keçən, o müsahibələrdən ürəyi bulanan, hər şeyin fərqində olan xeyli ayıq, oyanıq adam da var bu ölkədə.
Bir Qarabağ qazisinə öz halal çayxanasını işlətməyə imkan verilmədiyi halda, onun qarşılaşdığı haqsızlıqlardan cana doyub özünü yandırmağa məcbur olduğu halda, bəzilərinin hansı yollarla, kimlərin və nələrin sayəsində bir günün içində ərəb şeyxləri qədər zənginləşə, varlana bildiyini dərk edə bilənlər var.
Qısası, bu ölkədə heç də hamı çörəyi qulağına yemir, Hacı Ibrahim!
Ziyalı düz buyurur
Hörmətli bəstəkarımız Firudin Allahverdi Ukraynada baş verənlərlə bağlı maraqlı bir təsbitdə buluündu.
Firudin bəy üstünlüyü Qərbi Ukraynadan olanların təşkil etdiyi avrointeqrasiya tərəfdarları ilə müqayisədə Rusiyaya coğrafi və mənəvi yaxınlığı ilə seçilən Şərqi Ukraynanın son baş verənlərdə dişsiz mövqeyini dəqiq izah edib, gəlin birlikdə oxuyaq və payımıza düşən nəticələri çıxaraq:
Əslində, Şərqi Ukraynanın rusiyapərəst camaatı gərək idi ki Rusiyanın mövqeyini müdafiə etsin. Sözsüz ki Rusiya da bunu çox arzulayardı.
Amma 1940-cı illərdə SSRI-yə birləşən Qərbi Ukrayna camaatından fərqli olaraq, əsrlərdi Rusiya ilə bir yol keçmiş şərqi ukraynalılar siyasi aktivlik göstərib favoritləri Rusiyanın mövqeyini qorumadı.
Dolayısı ilə bunun səbəbkarı elə Rusiya özüdür. Rusiyada adətən ya avtoritar, ya totalitar iqtidar (ya da hər ikisi) olub, belələri isə, bildiyimiz kimi, siyasi aktiv vətəndaş yetişdirməyi o qədər xoşlamır. Cəmiyyətdə siyasi vərdişlər yaranmır və belə bir kritik anda sənin özünün mövqeyini müdafiə etmək lazım gələndə bir ağızdan deyirlər ki “biz siyasətə qarışmırıq”.