Aylar əvvəl ölkənin tənqidçi mətbuatı Ilham Əliyevin qızının dövlət bankını ələ keçirməsi ilə bağlı ilginc faktı üzə çıxardı. Orada deyilirdi ki, 25 yanvar 2008-ci ildən “AZAL” Səhmdar Kommersiya bankının adı “Bank Silk Way” ASC kimi dəyişdirilib. Elə bankın strukturu da.
Di gəl ki, bu prosesin necə baş verməsi haqqında heç bir rəsmi məlumat yoxdur. Məlum olan ancaq prezidentin qızı ilə “AZAL” prezidentinin xanımının bankın sahiblərinə çevrilməsidir.
Ortada göz-görəti bir korrupsiya faktının baş verdiyi aydındır: dövlət dura-dura bankı iqtidarın təpəsində əyləşənlərin ailə üzvləri faktiki olaraq, qəsb edib. Hüquq ayaq altına atılıb və dövlətin malı ailənin malına çevrilib. Üstəlik, bu özəlləşdirmədən dövlət büdcəsinə pul ödəyiblər, ya ödəməyiblər – o da məlum deyil.
Əslində belə bir faktın üzə çıxması normal ölkədə yeri yerindən oynadardı. Hakimiyyətin işini bitirərdi. Onu ədalət mühakiməsi qarşısında oturmağa məcbur edə bilərdi. Amma Azərbaycan normal ölkə olmadığından bizdə daşdan da səs çıxmadı. Çünki bizdə artıq ailə – dövlətin kiçik modeli deyil. Bizdə dövlət məlum bir ailənin kiçildilmiş modelidir. Həmin ailə hara istəsə, nəyə istəsə əl qoya bilər. Kimsə də çıxıb “gözün üstə qaşın var” deyə bilməz. “Qaşın üstə qara var” deyə bilməz.
Mənimsə indi, iş işdən keçəndən sonra misli-bərabəri olmayan bu nəhəng korrupsiyanı yenidən xatırlatmaqda məqsədim var: bir dövlət bankını bir ailə bankına çevirən zehniyyət indi bir bank filialının şüşəsinin qırılmasına görə müxalifətin üzərinə “iğtişaşçı” damğası yapışdırıb cinayət işi açmağa utanmır!
Mən o bank şüşəsinin sındırılmasını rejimin öz qulbeçələrinin planlanan bir təxribatı olduğunu kənara qoyuram. Zatən 2 apreldə hakimiyyət provokatorlarının hansı hoqqalardan çıxdığının yüzlərlə şahidi var. Bunu ortaya qoyan videoların, fotoların olduğunu da bilirəm.
Amma kimin sındırmasından asılı olmayaraq mən soruşuram bu hakimiyyətdəkilərdən: sizin hansısa bankın şüşəsinin qırılmasına görə yeri-göyü inlətməyə nə haqqınız çatır? Hansısa bankın qırılan şüşəsinə görə tumanını başına geyinən bir zehniyyət bütöv bir dövlət bankı haqsız yollarla, qanunsuz şəkildə bir ailənin malı ediləndə cəhənnəmin hansı bucağında idi? Onda niyə bunu sorğulamaq, bunun hesabını sormaq istəmədi? Onda niyə hüquq yadınıza düşmədi?
Keşkə indi kənardan özünüzə baxa biləydiniz. O zaman nə qədər komik göründüyünüzün özünüz də fərqində olacaqdınız. O zaman dövlətin bankını bir ailənin dədə malı imiş kimi rahatca ələ keçirildiyi bir bankın şüşəsinin qırılması ilə uğraşmağın sizi nə qədər gülünc duruma saldığını, sizə ikrahı nə qədər artırdığını da anlayacaqdınız.
2 aprel mitinqindən geriyə qalanlar:
BIR: 2 apreldə mitinq iştirakçıları qədər mitinqi kənardan izləyənlərin davranışları da diqqət çəkdi. Onların polis vəhşiliyinə təpkiləri, bəzən etirazçılarla bərabər “Istefa” və “Azadlıq!” hayqırmaları çox qürurverici idi. Eyni zamanda hakimiyyətə qarşı qəzəbin və nifrətin sərhədlərinin nə qədər geniş olduğunu göstərirdi.
IKI: öncəki aksiyalarda həbs olunanlar bu dəfə mitinqin ön sıralarında idilər. Ən ürəkdən onlar hayqırır, ən cəsurca onlar davranırdılar. Demək ki, hakimiyyətin həbsləri sonradan rejimin özünə qarşı çevrilir. Içəri düşüb çıxanlar həbsxana baryerini aşdıqdan sonra daha qorxmaz, daha ürəkli olurlar.
ÜÇ: polisin son vaxtlarkı aksiyalarda olmadığı qədər aqressiv, qəddar olmasına rəğmən mitinqçilərin üzündə zərrəcə qorxu, həyəcan görmədim. Əksinə, hər kəs gülümsünürdü. Hər kəsin üzündə sanki çiçəklər açmışdı, sanki bahar da yurdumuza ilk dəfə həmin gün gəlirdi. Bəlli ki, etirazçı dostlar mübarizələrindən inanılmaz bir zövq alırlar, ləzzət duyurlar, bu isə mübarizənin özü qədər önəmlidir və onun məntiqi sonluğa çatacağına dair inamı daha da gücləndirir.