Yaxud «Sovetski» sakinləri nələri bilməlidir?
Bakı indi daha böyük miqyasda məcburi köçürmələr ərəfəsindədir. Bu dəfə təkcə insan hüquqlarının kütləvi şəkildə pozulması deyil, həm də qədim məhəllələrin, yaşayış məskənlərinin Yer üzündən silinməsi təhlükəsilə üz-üzəyik. Budəfəki köçürmələr Bakının köklü əhalisinin faktiki olaraq deportasiyası kimi də tarixə düşə bilər…
Bu köçürmələr inkişaf, tərəqqi, şəhərin modernləşdirilməsi amillərilə əsaslandırılsa da, lakin hər dəfə fiziki zorakılıqla müşayiət olunur. Belə bir praktika insanları daim təhlükə altında saxlayır, onların evinin toxunulmazlıq hüququnu təhdid edir. Məcburi köçürmələr bu fəlakətlə üzləşənlərə fərdi və ya kollektiv şəkildə ziyan vurur. Evindən, torpağından məcburi şəkildə çıxarılmağın təhlükəsi altında qalmaq və ya belə hərəkətin qurbanı olmaq insanların, ailələrin həyatda üzləşə biləcəyi ən ağır faciələrdən biridir.
Biz bu təhlükənin, sarsıntının nə demək olduğunu ötən həftənin sonu ayağa qalxan “Sovetski” məhəlləsi sakinlərinin simasında gördük. Bu qədim məhəllənin sökülməsinə, ata-baba yurdundan zorla köçürülməsinə və azad yaşamaq hüququnun tapdanmasına etirazını bildirən sakinlər həqiqətən böyük bir haqsızlıqla üz-üzədir.
Bəli, insan hüquqlarının pozulması növlərindən biri məcburi köçürmələrdir. Bu, BMT-nin insan hüquqlarına dair sənədlərdə öz əksini tapıb. Həmin sənədlər ki, onları Azərbaycan dövləti də qəbul edib. Ancaq təəssüf ki, “məmur kapitalizmi”nin hökm sürdüyü bugünkü Azərbaycanda hökumət bu hüquqların, o cümlədən, mülkiyyət hüquqlarının pozulmasını sükutla qarşılayır, əslində isə məcburi köçürmələri rəsmi surətdə bəyəndiyini nümayiş etdirir.
…Kimsə yaşadığımız dövrü “köçhaköç əsri” adlandırıb. Müasir tarix yüz milyonlarla adamın müxtəlif səbəblər üzündən evindən, torpağından və icmasından zorla qovulmasının şahidi olub. BMT-nin məlumatlarına görə, hər il dünyada ən azı 10 milyon insan məcburi qaydada köçürülür; dəhşətli sayda insan ölkədaxili köçürmələr, etnik təmizləmələr, qaçqın axınları və əhalinin digər məcburi köçürmələri nəticəsində doğma yerlərini tərk edir.
Bu gün Bakı şəhəri də irimiqyaslı məcburi köçürmələrin meydanına çevrilib. Bu praktikanın belə geniş yayılmasına təsir göstərən amillər oliqarx-məmurların iqtisadi-siyasi güclərinin artması, onların daha gəlirli torpaqları ələ keçirmək ehtirası, dövlətin isə bu basqı altında qalan məzlum qrupların hüquqlarının qorunması işindən geri çəkilməsidir.
Hökumətin mənzil tikintisi və urbanizasiya sahəsində problemlərin çözülməsindən uzaq olan məcburi köçürmələri əslində insanların sığınacaqlarını və yaşayış məntəqələrini dağıtmağa yönəlib. Quruculuq və insansevərliyə zidd olan bu cür hərəkətlər dünyada haqlı olaraq “mənzil dağıtma” üsulu adlandırılır. Əks təqdirdə, Azərbaycan dövləti birbaşa vəzifəsi olan işi görər – vətəndaşın mənzil şəraitini yaxşılaşdırar, köhnə məhəllələri tarixdən silməz, onları abadlaşdırar və yerli sakinləri yenidən həmin ərazidə yerləşdirərdi.
Beləliklə, Bakıda “Sovetski” və onun ətrafında olan bütün tarixi məhəllələrdə (köhnə bakılıların dili ilə desək, Bayırşəhərdə) “dövlət ehtiyacları” adı altında köməksiz vətəndaşların mülkiyyətinin, torpaqlarının genişmiqyaslı yağmalanmasına start verilib. Bəs, bu köməksiz insanlar öz hüquqlarını müdafiə etmək üçün ən azı nələri bilməlidirlər?
Bu məqsədlə biz mülkiyyət hüquqları üzrə bir neçə mütəxəssisin rəyini ümumiləşdirərək məsələyə aydınlıq gətirməyə çalışacağıq:
1.Ilk növbədə, məcburi köçürmələrə məruz qalan vətəndaşlar onlarla imzalanacaq alğı-satqı müqavilələrinin tərtibində öz mənafelərinin maksimum təmin olunmasına diqqət yetirməlidirlər. Əgər onların mülkləri “dövlət ehtiyacları” məqsədilə alınırsa, bunun konkret nədən ibarət olduğu müqavilədə əksini tapmalıdır.
Məsələn, “Sovetski”də söküləcək evlərin yerində park salınacağı və bunun gəlir gətirən obyekt olmayacağı iddia edilirsə, gələcəkdə həmin parkdan kommersiya məqsədilə istifadə ediləcəyi təqdirdə, vətəndaşlar qarşı tərəfi məhkəməyə vermək və hökumətin “kommersiya maraqları” ucbatından məcburi köçürmələrə məruz qaldıqları üçün təzminat tələb etmək huququna sahib olmalıdırlar. Bu huquq müqavilədə ayrıca maddə şəklində göstərilməlidir.
2.Məcburi köçürülən vətəndaşlarla bağlanacaq alğı-satqı müqavilələrində sakinlərin bütün köç xərclərini (daşıma, nəqliyyat və s.) alan tərəfin ödəyəcəyi də xüsusi olaraq qeyd edilməlidir. Yəni bu xərclər mülkün dəyərinə görə verilən kompensasiyanın tərkibinə aid edilmir və ayrıca ödənilir.
3.”Dövlət ehtiyacları” məqsədilə tikiləcək obyektin hüdudları, sərhədləri də dəqiqləşdirilməlidir. Əgər bu obyekt parkdan və ya yaşıllıq zolaqdan ibarət olacaqsa, o zaman onun xaricində və ya ətrafında qalan evlərin sökülməsinə imkan verilməməlidir. Əgər bu obyektlə əlaqəsi olmayan ərazilərdən də vətəndaşlar zorla köçürülərsə, deməli, həmin ərazilər spekulyativ maraqlar üçün boşaldılır.
Ümumiyyətlə isə bir çox məcburi köçürmələrlə yanaşı, “Sovetski”nin misalında da hökumətin şəffaflığına xələl gətirən amillər var. Əvvəla, vətəndaşlara ədalətli kompensasiya vəd edilmir. Halbuki prezident Ilham Əliyev 2013-cü ilin 6 aylıq yekunlarına həsr edilən hökumət iclasında köçürmələrlə əlaqədar bildirmişdi ki, vətəndaşlara verilən kompensasiya bazar qiymətindən iki dəfə çoxdur: “Biz hamımız bilirik ki, şəhərin hansı yerində qiymətlər necədir və verilən kompensasiya təxminən bazar qiymətindən iki dəfə artıqdır” – demişdi I.Əliyev. Lakin “Sovetski”də yeni tikilən yaşayış binalarında mənzilin hər kv.metri azı 3000 manat olduğu halda, oradan zorla köçürülən sakinlərə isə 1500 manat verilir. Yəni dövlət başçısının dediyinin tərsi olaraq, iki dəfə az…
Daha bir ziddiyyət isə “Sovetski”dəki köçürülmə ilə əlaqədar Bakı Şəhər Yasamal Rayon Icra Hakimiyyətində yaradılmış işçi qrupunun üzvü Imaməli Mahmudovun mətbuata açıqlamasında özünü göstərdi. I.Mahmudov bildirib ki, bu söküntü kommersiya məqsədi daşımır: “Hamı nəzərə alsın ki, sökülən ərazidə yol genişlənəcək, park və yeraltı qaraj tikiləcək. Bu, dövlət tədbiridir”.
Faktiki açıq şəkildə bildirilir ki, vətəndaş öz ata-baba mülkünü dövlətə güzəştə getməlidir, çünki bu işdə dövlətin “kommersiya marağı” yoxdur. Lakin elə həmin şəxs ardınca qeyd edir ki, ərazidə yeraltı qaraj tikiləcək. Bəs, pullu olacaq həmin qaraj kommersiya məqsədlərinə xidmət etmirmi? Yeri gəlmişkən, Füzuli və Mirzağa Əliyev küçələri arasında, sökülən evlərin yerində salınan parkda da pullu yeraltı qaraj yaradıldı.
Şəffaflıqdan danışmışkən, bu sahədə ən böyük qüsur hökumətin və ya şəhər rəhbərliyinin iddia edilən dövlət əhəmiyyətli layihələri əvvəlcədən xalq müzakirəsinə çıxarmaması, ictimai rəyi nəzərə almadan həmin layihələri icra etməsidir. Odur ki, vətəndaşların şübhələrinə görə, Bakının bütün köhnə məhəllələrinin yerində oliqarx-məmurlar Dubaydakı kimi 2-3 mərtəbəli villalardan ibarət şəhərcik salmaq niyyətindədirlər.
Sosial şöbə