1.Anar Məmmədli
Onu yaxından tanıdığım üçün qürur duyuram.
Onu yaxından tanıdığım üçün də nə qədər dürüst, vicdanlı, azadlıqlara sayğılı bir insan olduğunu bilirəm.
Qəlbinin çağdaş, demokratik, sivil bir Azərbaycan üçün necə atdığını şahidəm.
Yeri gəlsə, özümdən belə şübhə edərəm, amma Anarın harama əl uzatdığına…
Kiminsə haqqını yediyinə…
Kirli işdə barmağı olduğuna əsla inanmaram.
Iki dünya bir olsa, fələyin qarnı yerə dəysə inanmaram.
Onu hər kəsi özləri kimi bilənlər, hər kəsi özləri kimi yağmaçı, talançı zənn edənlər həbs etdi.
Amma unutdular ki, Anar Məmmədli kimi adamlar hətta qollarında qandal varkən, özləri dəmir barmaqlıqlar ardında ikən də azaddırlar. Vay tamahına əsir düşənlərin, iştahlarına yenilənlərin, cibinin girovuna çevrilənlərin, hakimiyyət ehtirasına məğlub olanların halına!
Bir də onu unutdular ki, Anar kimi yurddaşlar bu ölkənin gerçək sərvətidir. Dəyəri “Şahdəniz”lərlə, “Azəri-Çıraq-Günəşli”lərlə ölçülməyən sərvəti!
Məhz bu cür yurddaşların sayəsində hər qaranlıq gecənin bir aydınlıq səhəri olacağına inamımız heç vaxt sönməyəcək, ölməyəcək.
2.Yadigar Sadıqlı
Yadigar bəylə bir-iki dəfə görüşməkliyimiz var.
Ilk (və hələlik son!) şeir kitabımın təqdimatına da gəlmişdi.
Elə oradaca, ayaqüstü söhbətimizdən belə aydın, əxlaqlı insanları olan bir toplumun Şərə heç vaxt təslim olmayacağına qənaət gətirmişdim.
Yadigar bəyi çoxluq Müsavat başqanının müşaviri kimi tanıyır.
Amma necə güclü bir qələmə, aydın zəkaya, düşünən, düşündürən beyinə və sarsılmaz qəlbə sahib olan yazı, fikir adamı olduğunu da məhkəmədəki son çıxışından və dəmir barmaqlıqlar ardından oğluna yazdığı məktubdan gördük.
Məncə, Yadigar bəyin həbsində əsas rolu da bu oynamışdı: yaşadığı bölgənin dərdlərini, qayğılarını və bütün Azərbaycanın gerçək bəlalarını internet üzərindən çılpaq şəkildə, sivri dillə hər kəsə çatdırması!
“Son dəfə məhkəmə zalında görüşəndə məndən ayrılarkən yəqin ki, göz yaşlarını gizlətmək üçün başını aşağı salıb getdin. Etmə, oğlum. Başını hər zaman dik tut. Sənin başının ucalığı mənim mübarizəmin motivlərindən biridir. Nə mənim həbsimdə, nə sənin göz yaşlarında utanacaq bir şey yox!” – Yadigar bəyin oğluna məktubundakı bu sətirlərin – bu ruhun, bu enerjinin qarşısında dizləri yerə gəlməyəcək heç bir Şər yoxdur.
Əmin olun buna.
3.Ömər Məmmədov
Bir gün facebook-dakı dost listəmdə olanlardan biri inboxuma bir link atdı. Açdım linki, gənc bir aktivistin hansısa statusun altında ünvanıma səsləndirdiyi qınaqlar çıxdı qarşıma.
Linki göndərən “dost”un əsl niyyətini anlamamışdım, amma xoşniyyətli olmadığına əmindim. Odur ki, acıqla “Hə, nə olsun?” yazdım.
“Bəy, dedim bəlkə cavabını vermək istəyərsiniz”.
“Cavab verməli heç nə yoxdur. Gənclik həmişə haqlıdır. Onlar bizi bizimlə razılaşmamaq, bizi bəyənməmək, bizi ötüb keçmək üçün var”.
Bununla da ürəyim soyumadı. Link müəllifini dost siyahımdan çıxardım.
Qınağına tuş gəldiyim gənc isə indi şərlənərək həbs edilən Ömər Məmmədov idi. Sonradan onu aydın, çağdaş düşünən, vicdanlı, duyarlı Azərbaycan gəncliyinin dəyərli nümayəndələrindən biri kimi tanıdım.
Belə gənclərin dəmir barmaqlıqlar ardında olması bu rejimin utancıdır.
Gəncliyə savaş açanlar heç vaxt qalib ola bilməzlər. Gəncliklə savaşanlar keçmişdə qalacaqlar.
Ömər kimi gənclərin mübarizəsi, mücadiləsi bu ölkəyə arzuldığımız, xəyallarımızdakı Azərbaycanı gətirəcək, mütləq gətirəcək.
***
Bunları niyə yazıram?
Yazıram, biləsiniz ki, mən Azərbaycanı saxtakar müəllimlərlə, rüşvətxor həkimlərlə ölçmürəm.
Yaltaq şairlərlə, yalmanan xanəndələrlə, ələbaxan mollalarla ölçmürəm.
Yumurtadan yun qırxan məmurlarla ölçmürəm.
Ölkəsinin başına gələnlərə-gətirilənlərə biganə, susqun yüzminlərlə, milyonlarla heç ölçmürəm.
Mənim üçün əsl Azərbaycan Anar Məmmədli deməkdir. Ömərlər, Yadigar Sadıqlılar, istənilən fəxri addan daha dəyərli, daha şərəfli olan dünyanın ən gənc siyasi məhbus ünvanını daşıyan Şahin Novruzlular, Bəxtiyar Quliyevlər, Məmməd Əzizovlar deməkdir.
200 ilə yaxındır başlayan, bir zamanlar Axundovların, Mirzə Cəlillərin, Haqverdiyevlərin, Əhməd bəy Ağaoğluların, Rəsulzadələrin, Nemanzadələrin, Xoyskilərin, Nərimanovların, Üzeyir bəylərin, Zərdabilərin külüng vurduğu, ömürlərini şam kimi əritdiyi işıqlı, çağdaş, modern, azad, hürr bir Azərbaycan uğrunda mücadiləni ömrünün ən gözəl illərini həbslərdə çürütmək bahasına da olsa davam etdirən hər bir vicdanlı, ləyaqətli yurddaş deməkdir.
Mənim üçün əsl Azərbaycan budur.
Doğma, əziz Azərbaycan budur.
Və mənim beynimdəkim, qəlbimdəki Azərbaycan üçün çalışmağa, çabalamağa dəyər.
Məşəqqətlərə, məhrumiyyətlərə dəyər.