Deputat yeni tikilən binalara qaz verilməməsi məsələsini qaldırdı, Oqtay Əsədovdan təpki gəldi
Rövnəq Abdullayev isə məsuliyyəti FHN-nin üzərinə atdı
Parlamentin 14 fevral iclasında çıxış edən deputat Qənirə Paşayeva yeni tikilən binalara qazın verilməməsi məsələsinə toxunub. Deputat deyib ki, həmin vətəndaşlar Milli Məclisə yeni tikilən binalara qaz verilməsi ilə bağlı müraciət ediblər. Qənirə Paşayevanın sözlərinə görə, qazın verilməməsi orada yaşayan insanların günahı deyil: “Onlar da bildirib ki, binaya köçmək üçün icazə verilib, ona görə də onlar orada yaşayırlar.
Həmin binalarada su, elektrik enerjisi olsa da, qaz verilmir. Bu da onların büdcələri üçün də böyük problem yaradır. Bu məsələlərə aydınlıq gətirmək lazımdır. ”Azəriqaz”da məsələyə aydınlıq gətirməlidir”.
Qənirə Paşayeva bu məsələyə görə tikinti şirkətlərini də ittiham edib: “Onlar bir binanı təhvil verilmədən ikinci binanı tikir. hesab edirəm ki, parlament yeni binalara qaz verilməsi məsələsini həll etmək üçün əlindən gələn dəstəyi göstərəcək”.
Spiker Oqtay Əsədov isə Qənirə Paşayevanın bu fikirlərinə iradını bildirib. Spiker deyib ki, o, ötən iclasda da bu məsələyə toxunub və özü bununla bağlı araşdırma aparıb: “Həmin binaların 70 faizində tüstü bacaları yoxdur. Həmin binalara qazı verək, qəfildən parltlayış baş versə, buna kim cavab verəcək? Bundan başqa həmin binalara qaz verilməsi üçün binanın 70 faiz dolması lazımdır. əsas məsələ həmin binalarda tüstü bacaların olmamasıdır. Digər tərəfdən əgər binalar təhvil verilməyibsə, əhali oraya köçməməlidir”.
Iclasda çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev isə bildirib ki, həmin kooperativ binalar tam hazır olmamış mənzilləri əhaliyə satılır: “ARDNŞ və ”Azəriqaz” neçə vaxtdır elan edir ki, hansı bina Fövqaladə Hallar Nazirliyinin təhvil sənədini almayıbsa, həmin binaya qaz verilməyəcək. Hansı binada təhlükəsizlik qaydalarına əməl olunmursa, o binaya qaz verilməyəcək. Bizim qəbul edilən binaya bir həftə müddətində qaz vermək imkanımız var. Lakin ilk növbədə binalarda MTK-lar təhlükəsizliyi təmin etməlidir ki, biz də həmin binaya mavi qaz verək”.