Avropalı diplomatlar Azərbaycanda QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasını pislədilər; XİN cavab verdi: «Bu, siyasi təzyiqdir»
Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton və avrokomissar Ştefan Füle birgə bəyanatla çıxış edərək Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə məhdudlaşdırıcı düzəlişlərin qəbulundan narahatlıqlarını bildiriblər.
«Ali nümayəndə və komissar QHT-lər haqqında qanunvericiliyə müstəqil, tənqidçi vətəndaş cəmiyyətinin fəaliyyətini, xüsusilə də demokratiya və insan hüquqları sahəsində fəaliyyəti məhdudlaşdıran düzəlişlərdən narahatdır. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində qarşıdakı sədrliyi baxımından ali nümayəndə və Avropa komissarı Azərbaycan hakimiyyətini götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, Venesiya Komissiyasının iradları nəzərə alınmaqla QHT-lər haqqında qanuna yenidən baxmağa çağırırlar», deyə bəyanatda qeyd olunur.
Eşton və Füle Azərbaycan hakimiyyətini beynəlxalq QHT-lərin qeydiyyatı prosedurunun yaxşılaşdırılmasına və sadələşdirilməsinə çağırıblar.
«Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton və komissar Ştefan Fülenin sözçülərinin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, QHT-in və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan QHT-lər haqqında qanununa əlavə və dəyişiklər ilə əlaqədar 12 fevral 2014-cü tarixli bəyanatı təəccüb və anlaşılmazlıq doğurur». Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib: «Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Həmçinin Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılıb. Azərbaycan Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Milli Məclis və Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılmış və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilmiş əlavə və dəyişikliklərdə nəzərə alınıb. QHT-lərin və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Avropa Birliyi ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır. Azərbaycanda QHT-lərin və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa Birliyi tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir“ (Turan).