Mağazalarda toyuq və süd məhsulları ilə rastımıza çıxan “Səba” bütün emal və istehsal müəssisələrini bir ad altında birləşdirdi. Bundan sonra istər keyfiyyətli toyuq əti istehsalı üçün yem becərməyə xidmət edən “Qarabağ taxıl” olsun, istərsə də hazır məhsuldan yemək bişirib, müştərinin önünə gətirən “Al chicken” restoranı (Baku Food Company), hamısı bir şirkətdə fəaliyyət göstərəcək. Məqsəd bütün istehsal və emal prosesinə tam nəzarət etməklə, hazırlanan məhsulların yüksək keyfiyyətinə zəmanət verməkdir.
Digər tərəfdən, müştərilər “Səba” brendinin bazara çıxmasında əməyi olan bütün şirkətləri bir ad ilə tanıyacaq. İndi “Qarabağ Taxıl”, “Dərin Emal”, “Əkinçi”, “Səba Kredit”, eləcə də “Səba” süd istehsalçısı “Biləsuvar Agro”, “Al Chicken” restoranının sahibi Baku Food Company, “Səba” toyuqlarının istehsalçısı “Dəvəçi Broyler” vahid “Səba” Səhmdar Cəmiyyətində birləşir.
“Səba”-nın bu addımı atmasına təkanı il yarım əvvəl keyfiyyətli toyuq əti istehsalı üçün yem becərməyə başlaması verdi. Ağsu, Ağcabədi, Beyləqan və Kürdəmirdə yaratdığı özəl taxılçılıq təsərrüfatları nəticəsini çox gözlətmədi. Tətbiq olunan yeni suvarma sistemi – pivotlar, keyfiyyətli toxumluq taxıl sayəsində “Səba”-nın təsərrüfatı ölkədə taxıl məhsuldarlığında rekord hədd vurdu – 1 hektar sahədən 55 sentnerə qədər taxıl əldə edildi. Elə ilk ildə 35 min ton məhsul toplandı. Təsərrüfatın yüksək məhsuldarlığı həm yemlik taxıl, həm də çörək istehsalı üçün buğda yığımında müşahidə edildi.
“Səba” dənli bitkilərdən, xüsusilə qarğıdalıdan toyuq əti istehsalı üçün yem hazırlamaqla yanaşı, toplanan taxılın keyfiyyətini itirmədən saxlanmasına da nail olub. İnşa etdiyi yeni anbar 20000 ton taxılı qurudub, keyfiyyətli saxlanmasına imkan verir.