Səbail Rayon Məhkəməsi Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Arif Hacılının qardaşı, jurnalist Mustafa Hacıbəyli “Media forum” saytına bildirib ki, məhkəmə prosesi qapalı keçirilib.
2 aprel mitinqinə görə şübhəli şəxs qismində tutulan Arif Hacılı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur.
***
Aprelin 4-də Səbail Rayon Məhkəməsi AXCP üzvü Məhəmməd Məcidli barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Məlumatı “Media forum”a vəkil Azər Nağıyev verib.
İşə hakim Elnur Həsənov baxıb. Hakim dövlət ittihamçısının qaldırdığı ittiham üzrə qərar çıxarıb. Məhəmməd Məcidli Cinayət Məcəlləsinin 233-ci maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunur.
Vəkil məhkəmənin qərarını elə bu gün aldığını və ondan apellyasiya şikayəti verəcəyini deyib: “Biz məhkəmədə həbs qətimkan tədbiri deyil, ev dustaqlığı, yaxud polisin nəzarətinə verilməsi tədbiri seçilməsi məsələsini qaldırdıq, lakin hakim bizim vəsatətimizi təmin etmədi”.
***
Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı da Səbail Məhkəməsinin qərarı ilə 2 aylıq həbs cəzası alıb.
***
2 Aprel mitinqinə görə haqlarında cinayət işi açılmış 4 nəfərlə bağlı Səbail rayon Məhkəməsindəki proses qapalı keçirilir.
Jurnalistlər, hüquq müdafiəçiləri və ittiham edilən şəxslərin yaxınları məhkəmənin yerləşdiyi ərazidən uzaqlaşdırılıblar. Bu zaman jurnalistlər və ittiham edilən şəxslərin yaxınları ilə polis arasında qarşıdurma olub.
Hadisə yerində olan Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov adamların ərazidən nə səbəbə uzaqlaşdırılmasına aydınlıq gətirməyib (“Azadlıq” radiosu).
***
2 aprel aksiyasında saxlanan 4 nəfərə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bunlar Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin üzvü Məhəmməd Məcidlidir.
Bu barədə “Azadlıq” radiosuna Bakı şəhər Prokurorluğundan məlumat verilib.
Yaxın dəqiqələrdə Səbail rayon Məhkəməsində məhkəmə iclasının keçiriləcəyi bildirilir.