“Amnesty İnternational” 2 aprel mitinqi ilə bağlı sərt bəyanat verdi
“Azərbaycan hakimiyyəti sistematik şəkildə sosial hərəkatları və siyasi toplantıları boğduğu bir vaxtda ölkədə demokratik inkişaf barədə səmimi danışa bilməz”
Azərbaycanda müxalifət təşkilatlarının aprelin 2-də Bakıda təşkil etdiyi etiraz nümayişi və bununla əlaqədar həyata keçirilən repressiyalar beynəlxalq ictimaiyyəti hakimiyyətə qarşı səfərbər edib. Qərargahı Londonda yerləşən nüfuzlu beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” bu aksiya ilə bağlı ikinci bəyanatla çıxış edərək dinc nümayişçilərə qarşı polis zorakılığını və çoxlu sayda etirazçının həbsini pisləyib. “Amnesty İnternational” təşkilatının bəyanatında deyilir:
İctimai Palatanın 2 aprel-“Qəzəb günü” aksiyasında 150-dən çox nümayişçi həbs edilib. Yaxın Şərq inqilablarından ilhamlanaraq küçələrə axışan vətəndaşlar “Facebook” sosial şəbəkəsində aparılan təşkilati işlərdən sonra paytaxt küçələrinə axışıb. Müxalifət tərəfdarlarının qatıldığı aksiyanı dağıtmaq üçün Bakının mərkəzi küçələrinə yüzlərlə polis və təhlükəsizlik qüvvələri çıxarılıb. Azərbaycandakı rejimin kütləvi nümayişləri zorakılıqla dağıtmaqla bağlı uzun tarixçəsi var. Hakimiyyətin son aksiyaya reaksiyası bundan əvvəl mart ayında Bakıda gənclərin və müxalifət fəallarının keçirdikləri aksiya zamanı göstərdiyi reaksiyadan daha sərt olub.
Polis Bakının mərkəzindəki bütün küçələri bağlayıb, nümayişçilərin Fəvvarələr meydanına toplaşmasına imkan verməyib, bu zaman polis nümayişçilərə qarşı xüsusi vasitələr, o cümlədən gözyaşardıcı qaz tətbiq edib. Etirazçılar isə fərqli yerlərdə toplaşaraq aksiyanı keçirməyə cəhd ediblər. Polis aksiyanı izləməyə çalışan jurnalistləri də əngəlləyib. Həbs olunanlar bağlı məhkəmə zallarında müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.
Azərbaycan hakimiyyəti sistematik şəkildə sosial hərəkatları və siyasi toplantıları boğduğu bir vaxtda ölkədə demokratik inkişaf barədə səmimi danışa bilməz. Fəalların bağlı məhkəmə iclaslarında mühakimə edilməsi və onların müxtəlif əsassız bəhanələrlə həbs edilməsi hakimiyyətin siyasi rəqiblərinə qarşı istifadə etdiyi köhnə taktikadır. Azərbaycan hökumətinin islahat istəyənlər üzərinə önləyici zərbəsi genişmiqyaslı və qəddar olmuşdur. Azərbaycanın daxilində bütün fərqli mövqelərə qarşı düşmənçilik ab-havası artdıqca, Azərbaycan jurnalistlərinə və hətta xaricdə yaşayan fəallara qarşı təqibin yeni halları, öz mövqelərini təhlükəsiz bir şəkildə bildirmək barədə düşünənlərə tükürpədici xəbərdarlığa çevrilir.
Azərbaycanda fəallara və jurnalistlərə qarşı təcavüz və zorakılıq hallarının artması dərin narahatlıq oyadır. Bu meyil hakimiyyətin azadfikirliyin hər hansı formasını əzmək əzmində olduğunu nümayiş etdirir. Müxalifət fəalları mülki geyimli şəxslər, şəxsiyyəti müəyyən olunmayan insanlar tərəfindən həbs olunaraq qeyri-müəyyən istiqamətlərə aparılıb. Dövlət televiziyası hakimiyyət əleyhinə etiraz aksiyalarının xarici ölkələr tərəfindən hazırlanmış təxribat kimi təqdim edib.
İnformasiya şöbəsi