Suriyada Əsəd rejimi ilə rejimə qarşı çıxanlar arasında 3 ildir qanlı qırğın gedir. Yalnız Suriyada, yalnız islam dünyasında deyil, bütün dünyada iki cəbhə yaranıb:
Əsəd rejimini istəyənlər, istəməyənlər. Islam dünyasında Əsəd rejimini istəməyən güclərin başında Səudiyyə Ərəbistanı, istəyən güclərin başında Iran durur. Hər ikisi də istəyinə uyğun olaraq yardımda bulunur: istər canlı, istər cansız. Suriya savaşına Azərbaycandan da qatılanlar, bu savaşda öldürülənlər var. Özü də hər iki üzdə. Bunlar kimlərdir? Azərbaycandakı Səudiyyə Ərəbistanına bağlı vəhabilərlə Irana bağlı islamçılar. Olduqca acınacaqlı görsənişdir: Qarabağ kimi qanı axan yarası olan ölkənin gəncləri gedib Suriyada rejim-antirejim savaşına qatılır, qırılır. Azərbaycandan bir millətin yetirmələri olaraq gedənlər Suriyada düşmən cəbhələrə ayrılaraq bir-birinə güllə atır, bir-birini öldürür – burası daha acınacaqlı görsənişdir. Bu olduqca acınacaqlı görsənişin kökündə özünü MILLƏT deyil, ÜMMƏT olaraq tanıma faktı durur! Bu isə son 20 ildə təhsil sisteminin PLANLI dağıdılması yoluyla Azərbaycanın sürükləndiyi yolsuzluğun Suriya faktı ilə aktuallaşan bir epizodudur… Bugünlər mən bəşəriyətin bütün düşüncəli kəsiminin iyrənib üz döndərdiyi AzTV-lərə baxası oldum. Amacım nə idi? Rejim yetkililərinin, deputatlarının Suriya ilə bağlı çaşqın çıxışlarına baxmaq. Baxıb onların nə düşündüyünü, hansı çıxış yollarını göstərdiklərini bilmək. Başlıca, yaddaqalan iki çıxış yolu oldu: Suriyaya gedənlərin, belə desək, tutulub damlanması; Quranın Azərbaycan dilində oxunması. Ortadakı fakta, göstərilən çıxış yollarına bax. Kərəminə şükür, ilahi, 21 ildən bəri gör bu ölkənin yetkililəri, deputatları, deputatbaşıları kimlərdir!
Illərlə analitik verilişlər yerinə prezidentə, ailəsinə yarınma verilişlərilə tanınan bu yaltaqlıq-yalaqlıq televiziyaları ən azı indi analitik verilişlərə geniş yer verməliydilər. Bunun yerinə yaltaqlığı, analitik-intellektual baxımdan yararsızlığı-yaramazlığı ilə tanınan kimsələri çıxarıb danışdırırlar. NIDAçılar başda olmaqla Ölkənin intellektual, sosial baxımdan aktiv gəncliyini tutub türməyə salan rejim, bu rejimin yolgöstərənləri, bir daha demək gərəkir: Suriya ilə bağlı iki yol bilirlər: tutub damlamaq, Quranı Azərbaycan dilində oxumaq! Ölkədə Qarabağ qaziləri, gənclər dövlətin qayğısızlığı-sayğısızlığı üzündən kütləvi olaraq canına qıyır, rejim də, rejim yolgöstərənləri də susur. Ancaq Suriya faktı Milli Məclisədək böyük bir tərpəniş, çaxnaşma yaradır. Niyə? Suriya ilə bağlı rejimə problem yaranar deyə. Ən çox da bu problemi Səudiyyə Ərəbistanının arxasında duran, Əsədin devrilməsini istəyən ABŞ yarada bilər. ABŞ-ın Bakıdakı baş diplomatı Azərbaycanda islam fundamentalizmi yayıldığından danışmağa başlayırsa, bunu rejimə uyarı saymaq olar… Təhsil naziri Misir Mərdanov 2007-ci ildə belə buyurmuşdu: “Azərbaycanda 1012 məktəbin heç bir məzunu bu il ali məktəbə qəbul ola bilməyib”. Buyurun, keçid balının hər il aşağı salındığı ölkədə 1012 məktəb… bütünlüklə ÇÜRÜK çıxır! Bu isə, xanımlar, bəylər, rejimin bütünlüklə ÇÜRÜKLÜYÜ deməkdir. 2013-cü ilin iyununda keçirilən buraxılış imtahanlarında IX sinif öyrəncilərinin 87.45, XI sinif öyrəncilərinin 60,71 faizi “2″ alıb. Təhsil ekspertinin bildirdiyinə görə, bu, dünya tarixində görünməmiş cinayətdir. ”Bu sonuc 30 il savaş aparan Əfqanıstanda belə görünməyib”, – təhsil eksperti deyir. Rüşvətin, korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrildiyi rejimdə başqa cür ola bilməz! – bunu da siyasi ekspert olaraq mən (bağışlayın) deyirəm. Təhsil nazirini dəyişməklə sorun çözülən deyil; geniş demokratikləşmə axarında siyasi sistem, yönətim fəlsəfəsi dəyişməlidir. Rüşvət-korrupsiya içində doğulub boya-başa çatanlar ya Suriyaya gedəcək, ya Suriya gətirəcək – sonuc budur!