Nizaməddin Quliyev Goranboydakı intiharla bağlı ünvanına səsləndirilən ittihamlardan narahat olub
Goranboyun icra başçısı Nizaməddin Quliyev sabiq baş həkim Faiq Abdullayevin intiharında adının hallandırılmasına görə sabiq müavinlərini həbs etdirmək istəyir.
Əldə etdiyimiz məlumatlara görə, Nizaməddin Quliyev sabiq müavinləri Ceyhun Həsənovla Hacı Məhəmmməd Aşurova bildirib ki, Faiq Abdullayevin xanımı Gülnarə Abdullayevanı onlar danışdırırlar. Icra başçısı onları həbslə hədələyərək Gülnarə Abdullayevanı susdurmağı tapşırıb. Məmməd adlı sabiq bələdiyyə sədri də eyni məsələyə görə Nizaməddin Quliyevin qəzəbinə gəlib.
Faiq Abdullayev martın 4-də özünü rayon xəstəxananın 3-cü mərtəbəsindən ataraq intihar edib. 7 il həmin xəstəxananın baş həkimi işləyən Faiq Abdullayev 2009-cu ildə bu vəzifədən azad olunub və xəstəxananın travmatologiya şöbəsində həkim kimi işini davam etdirib. Gülnarə Abdullayeva da həmin xəstəxananın pediatriya şöbəsində həkim işləyir. O, sabiq baş həkimin ölümündə icra başçısını günahlandırır.
İnformasiya şöbəsi