Etibar Əliyev: «Bu faktlar müəllim peşəsinin gözdən salınmasına xidmət edən prosesdir»
Uzun müddətdir gündəmdə olan saxta diplomların verilməsi ilə bağlı qalmaqal bir qədər də dərinləşib. Təhsil naziri Mikayıl Cabbarovun “Müəllimlər institutunun Gəncə filialında tələbələrə saxta diplom verilib” açıqlaması bu məsələni yenidən diqqət mərkəzinə çıxarıb.
Xatırladaq ki, Təhsil Nazirliyinin Müəllimlər Institutunun Gəncə filialında aşkarladığı saxta diplomların hər birində institutun rektoru Aqiyə Naxçıvanlının imzası var. Rektor isə etiraf edir ki, uzun illərdir institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə müraciət edibmiş. A.Naxçıvanlı saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əlinin olduğunu hesab edir.
Təhsil üzrə ekspert Etibar Əliyev baş verənləri müəllim peşəsini gözdən salmağa xidmət edən proses kimi dəyərləndirir. Çünki Aqiyə Naxçıvanlı da zaman-zaman bu barədə məlumatlarının olduğunu, lakin yoxlamaların heç bir nəticə vermədiyini deyir: “Müəllimlər Institutunun Gəncə filialının rektoru Ramiz Məmmədov 2000-ci ildən həmin filiala rəhbərlik edib. Yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Belə çıxır ki, Müəllimlər Institutunun rəhbərliyinin bu proseslərdən xəbəri olub. Lakin ciddi tədbirlər görməyiblər. Əslində bu faktlar müəllim peşəsinin gözdən salınmasına xidmət edən prosesdir”.
Ekspertin sözlərinə görə, Müəllimlər Institutunun digər filiallarında da saxta diplomların verilməsi hallarının olması ilə bağlı məlumatlar var. Ancaq Müəllimlər Institutu bu məsələdə günahkar olanların cəzalanması üçün heç nə etməyib: “Əslində saxta diplom təkcə eyni seriyalı diplomların iki nəfərə verilməsi deyil. Rusiyanın müxtəlif filiallarından köçürmələr da bura daxildir”.
Fizzə