İlkin Rüstəmzadə
Tamam başqa şeydən yazacaqdım. Müsavat partiyasının Milli Şuradan çıxması gəlib saldı özünü gündəmin ortasına. Sizi intizarda qoymayım, qiymət artımından yazacaqdım. Mərdimazara lənət…
AXCP-Müsavat qardaşlığı əbədidir, dönməzdir, sönməzdir! Yolumuz Rəsulzadə-Elçibəy yoludur! Hamımız gedib oturmalıyıq Kələkidə!
Əsəbiləşdim, üzrlü sayın. Xalid Kazımlıdan xahiş edirəm, məni qərəzlilikdə günahlandırmasın, lütfən. Mən xain deyiləm, Xalid yoldaş!
Qarabağ qazisinin özünü yandırmasından yazmaq barədə də fikirləşirdim. Alınmadı. Nə yazasan? Bir-iki topa pul atdılar ortaya, millətin “tısı-pısı” yatdı. Mən azyaşlı uşaqlarla ailə başçısız qalmış qadını qınamaq istəmirəm. Nə çox görmüşük Neft Akademiyasındakı terrora, ordudakı özbaşınalqılara qurban gedən gənclərin meyit alverçisi yaxınlarını, övladlarının qanıyla alver edən valideynləri… Bu ölkədə hər cür şərəfsizliyə don geyindirəcək şüur hakim olduqca, belə şeylər adiləşməkdə davam edəcək. Fikir verməyin, sürünməyə davam!
Qiymətlər “ceyran belinə” qalxıb, buna Müsavat partiyası əla reaksiya verdi – Milli Şuradan çıxdı. Cəmil Həsənlidən xahiş edirik, qiymətləri qaldırmasın, sonra inciklik olur, Müsavat Milli Şuradan küsür. Ar olsun Milli Şuradakı monopolist oliqarxlara! Xalqı düşünmürlər bunlar, ancaq öz ciblərini… Müsavat da bu özbaşınalığa etiraz etdi. İndi Siz nə haqla Müsavatı qınayırsız? Hacılı-Hacıbəyli qardaşları bu tənqidlərə cavab verməlidir. İndi başları Siyavuş Novruzova qarışıb, lazım gəlsə, cavab verəcəklər. Şəxsən mən onlardan bunu gözləyirəm. “Darıxıram” şeiri yazan adamdan hakimiyyət dəyişikliyi gözləyən deyiləm ki!
Müsavat partiyasının yaratdığı bu zəlzələ hələ çox çəkəcək. Çoxlu istefalar gözlənilir. Müsavatın toyuğuna “kiş” deyən hər kəs cavab verəcək. Müsavat qəzeti (“Yeni Müsavat” yox ha – İ.R.) həmin adamları linç edəcək, “Rusiyanın adamı” adlandıracaq. İsa Sadıqov ordan danışacaq, Elşad Məmmədli burdan deyinəcək. Aləm dəyəcək bir-birinə. Ortada qalan fədakar insanlar olacaq. Onların başı üstündən siyasət aparan “darıxanlar” da ANS-ə çıxıb Milli Şuranı söyəcəklər. Qısası, İlham Əliyev kimi istəsə, tutub basacaq içəri, çöldə qalanlar da bir-birini qıracaq. Sonra da kişiyə diktator deyirik. Mənim də qarşımda belə qeyri-ciddi adamlar olsaydı, istədiyim kimi məzələnərdim.
Kimsə elə düşünə bilər ki, qəzəbim təkcə Müsavat partiyasınadır. Seçkidən əvvəl Müsavat partiyasının boykotun qarşısını almasını, Milli Şuranın Avrointeqrasiya kursunun sağlamlaşdırılmasını unutmamışam. Ancaq özləri öz etdiklərini tapdalayırlar. Qardaşlar və bacılar, ölkənin iki ən böyük müxalifət partiyasından birinin ikinci, üçüncü, dördüncü adamları bu rejiminin qoruyucusu olan telekanallara çıxıb digər müxalifət partiyasını söyməməlidir. Gülağa Aslanlı bunu etməməlidir. Razi Nurullayev etməməlidir. Edirlərsə, deməli bir-birinin, ikisi birlikdə Siyavuş Novruzovun tayıdılar. Çəkilsinlər kənara, suyu bulandırmasınlar.
Milli Şuranı müqəddəsləşdirmək fikrində də deyiləm. Əvvəldən bir sıra ciddi səhvlər buraxıldı. Lalə Şövkət, Rəsul Quliyev orada nə gəzirdi ki, sonra da Əvəz Temirxan oyun çıxartdı. “+1”-dən başqa heç bir funksiyası, arxasınca gələcək 3-5 adamı olmayan bekarları Milli Şuraya daxil etmək yanlış idi. Müsavat partiyasının Milli Şuradan çıxması bu quruma ciddi təsir edəcək. Bu, qaçılmazdır. Ancaq gedənə “qal” deyib yalvarmaq da lazım deyil. Gedir, yaxşı yol!
Əgər Milli Şura ciddiyyətini qorumaq, ölkədə ictimai fikrə təsir edə biləcək qurum olaraq qalmaq istəyirsə, tullantıları təmizləməli, ətrafına fərqli düşüncəli, partiya qəliblərindən çıxmış gəncləri toplamalıdır. Yoxsa Milli Şura yeni “darıxanlar”ın mübahisə yerinə çevriləcək və nəticədə Cəmil Həsənlinin, onlarla fədakar insanın bütün əməyi puç olacaq. Gəlin buna yol verməyək!
Bakı Ağır Cinayətlər Məhkəməsi
09.01.2014