Bu müdhiş cinayətlərə görə, kimlər cavab verəcək?
Mən uzun illər bu iqtidarın idarəetmədə əsas prinsiplərini müəyyənləşdirməyə çalışdım. Bununla bağlı rəsmi və qeyri- rəsmi rəyləri topladım. Bu iqtidarın idarəetmədə qeyri-rəsmi olaraq, iki amili önə çəkdiyi qənaətinə gəldim. Çox təəssüflə qeyd etməliyəm ki, bu amillərin hər ikisi cəmiyyət üçün mənfidir və inkişafı, demokratik dəyərləri, vətəndaş cəmiyyətinin yaranmasını əngəlləyir. Əslində, “əngəlləmək” çox zəif ifadədir. Onun inkişafına sədlər yaradır. Bu sədlər Çin divarları olmasa da, qorxu üstündə qurulduğu üçün sağalmaz bir xəstəliyin simptomlarına çevrilir.
Çox güman ki, əks tərəfin də öz arqumentləri var və bu, aldadıcı fonun, neftin, üzü ağardılan binaların adı altında həyata keçirilən, firavan olmayan həyatın sözlə ifadəsindən sulanan ağızlarla, kimlərinsə büdcə tortunu bol-bol yeməsindən sonrakı rahatlığıyla bir araya sığmayan cəmiyyətin qəbizliyidir.
***
Bu iqtidarın 1969-cu ilin iyulundan başlayan və az fasilələrlə davam edən hakimiyyəti həmişə iki mənfi amillə yadda qalıb. Birincisi, məmur özbaşınalığı və korrupsiyadır. Mən Kremldən asılı illəri bir yana qoyuram. Çünki həmin illərdə əvvəlcə Çar Rusiyasının, sonralar bolşeviklərin idarə etdiyi bir məmləkətin uzaq bir əyalətiydik və Moskvadan pisə yönəlmiş hər hansı tapşırıq birinci bizim başımızda çatlayırdı. Stalin-Bağırov repressiyaları, Brejnev-Əliyev cütlüyünün hakimiyyətlərini qorumaq naminə rəqiblərini zərərsizləşdirmək üçün gördüyü tədbirlərin nəticələrini saymaqla, yazmaqla qurtaran deyil.
Biz müstəqillikdən əvvəlki dövrü təftiş etmək istəmirik. Ona görə ki, Kreml qullarının azadlığı, sərbəstliyi qulun görünməyən zəncirindən o yana getmirdi. Bəs istiqlal və müstəqilliyin bu dərəcədə gözdən düşməsinin səbəbləri, az qala, bütün Sovet Ittifaqının pay umduğu Bakı neftinin pullarının hara xərcləndiyi barədə düşünməyin vaxtı deyilmi? Imperiya köləsi olmaq daha yaxşıdır, yoxsa klan-oliqarx hakimiyyətinin?
Əlbəttə, müstəqillik uğrunda mübarizə və ona nail olmaq şərəf gətirən işdir. Amma Azərbaycanın yenidən bir qrup, ailə-qohum, məmur-oliqarxlar tərəfindən işğalı daha qorxulu, daha qəbuledilməz, amma gerçək bir faktdır. Məhz istiqlalın, özgürlüyün belə bir çalarla bəzənməsi, müstəqilliyin polis rejimilə təzahürü və özümüzdən olan diktatorun, yaxud diktatorların yeni müstəmləkəçiliyinin yaradılması rus asılılığından daha ağır və təhlükəlidir. Çünki vətəndaşı Vətənsiz qoymaq, onu torpağa bağlayan telləri qırmaq və vətənində qürbət hissləri ilə yaşamağı təlqin etməkdir. Bu, əslində, görünməyən və həddi bilinməyən korrupsiya yaradan amildir. Sən özünü və hüquqlarını ailə-məmur dövlətindən rüşvətlə almağa məcbursan. Mənim, sənin mağaza vitrinlərinə qoyulan müqəvvalardan az fərqimiz var. Çünki bizim hər birimizi kiçik bir rayonun icra başçısı, prokuroru, polis rəisi, hakimi saqqız kimi çeynəyib istədiyi yerə ata bilir. Burada kimlik və vəzifə az rol oynayır.
Sizlərdən kim özünü daha təminatlı sayır, cənab oliqarxlar?
1993-cü ilin iyunundan sonrakı tarixi bir anlıq nəzərdən keçirək. Öldürülənlərin və həbsxanalarda çürüyənlərin siyahısı xeyli uzana bilər. Dünən ailə-məmur dövlətinin dostu olanların düşmənə çevrilməsi arasında çoxdan bərabərlik işarəsi qoyulub. Surət Hüseynov, Nəriman Imranov, Müzamil Abdullayev, Akif Muradverdiyev, Əli Insanov, Fərhad Əliyev… Bu siyahını istənilən qədər uzatmaq mümkündür. Bunların suçu, günahı əslində, bu gün onların yerinə gələn və ya 15-20 il vəzifə tutanlardan qətiyyən çox deyil. Onların suçu dövlətin, qanunların deyil, hakim ailənin, iqtidarın birincisinin gözündən düşmələridir. Azərbaycanın xarici siyasətini müəyyənləşdirən, zorən sürgün həyatı yaşayan generalları, eks nazirləri, xarici siyasətimizdən başqa əlindən hər şey gələnləri demirəm. Çünki bu məmur özbaşınalığının hakim olduğu ölkədə heç kim, hətta Əli Insanov və Fərhad Əliyev kimi birincidən az səlahiyyəti olmayan məmurlar da sığortalana bilmirlər. Bu gün Fazil Məmmədov, Aydın Əliyev, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Misir Mərdanov, Füzuli Ələkbərov, Zakir Qaralov, Ramil Usubov və digərləri sabah başlarına nə gələcəyini bilmirlər. Çünki onların ipini qanun, ədalət kəsmir, özlərinin də möhkəm-möhkəm yapışdıqları özbaşınalıq kəsir. Belə olmasaydı, bir nazir, bir komitə sədri işdən qanunsuz çıxarıldığı halda, məhkəməyə müraciət edər, ədalət axtarardı. Amma ədalətsizlik qazanını qaynadan məmurun qanun qarşısında haqqını istəməyə üzü yoxdur. Çünki onların da hamısı kiminsə vitrinə qoyduğu müqəvvalardan az fərqlənirlər. Onları vitrinə qoyanlar, eləcə də vitrindən götürüb atırlar. Ona görə ki, artıq dəbdən, yəni gözdən düşüblər.
Hətta Əliyevlər iqtidarında istefa verən, daha doğrusu, istefaya göndərilən Tofiq Zülfüqarov-Vəfa Quluzadə-Eldar Namazov üçlüyü də bir yerdə mətbuat konfransı keçirib niyə getdiklərinin səbəbini axıra qədər anlaşıqlı şəkildə açıqlamadılar. Adı Ömər Lütfü Topalla bir sırada çəkilən Həsən Həsənov, görəsən kazinoların yanından keçəndə nə düşünür? “Səmimi etirafı”nı yaxınlarına, ən azı, oxuyub-yaza bilən nəvələrinə necə izah edir?
Cəhənnəmə gedən yolda dayanacaq yoxdur!
Məni bu yazını yazmağa məcbur edən çox amil var. Amma dünən Ramil Səfərovun Macarıstan həbsxanasında tərcümə etdiyi “Qapı” romanını vərəqləyərkən bütün bunlar haqqında düşündüm. Düşündüm ki, 15-20 il eyni qapını açan nazirlərdən – Misir Mərdanovdan, Ramil Usubovdan, eləcə də baş nazir Artur Rəsizadədən nəinki insanlar, hətta qapılar da bezib. Çünki bu adamların sözü qurtarıb, bəlkə onların özləri də bu rejimə xidmətdən beziblər. Amma geriyə yol yoxdur. Cəhənnəmin qıl körpüsündə – ortada dayanmaq mümkün deyil. Orada qır qazanına yıxılmaq yüzə yüzdür. Sabah sıravi vətəndaş kimi də yaşaya bilməyəcəklər. Özlərinin qurduğu, xidmət etdiyi rejim onları həyatın dibinə atacaq.
***
Yadıma Eynulla Fətullayevin “Monitor” jurnalında dərc edilmiş bir yazısı düşdü. 1969-cu ilin məşhur iyul plenumundan sonra keçmiş birinci katib Vəli Axundov yeni iş yerinə gəlir. Akademiyanın vitse-prezidenti, Sanitariya və Gigiyena Elmi Tədqiqat Institutunun direktorunun qarşısını sıravi milis nəfəri kəsir:
– Yoldaş, sənədlərinizi göstərin.
– Siz, yəni həqiqətən məni tanımırsınız?! Mən dünənə qədər respublikaya rəhbərlik etmişəm… – Vəli Axundov milisə deyir.
– Yoldaş, mən sizə çox aydın dildə dedim, sənədlərinizi göstərin – təkəbbürlə milis əməkdaşı dillənir.
Həmin gün Axundov, eləcə də milyon-milyon insanlar nələrin baş verdiyini anlamaq gücündə deyildilər. Respublikada yeni əsr başlamışdı. Daha doğrusu, daha yaxşı unudulmuş qorxu adlı keçmiş geri qayıdırdı. Bu, böyük dönüşə qayıdış günüydü. 1969-cü ilin iyulunda başlamışdı…
Hələ də davam edir.
Bu cinayətlərə görə, kim cavab verəcək?!
Mən bunları Bakıdan Moskvaya gedərkən yazdım. Amma arxivlərdə bir çox sənədlərlə tanış olduqdan sonra qələmə alsaydım, yəqin ki, belə yazmazdım. Çünki sənədlərlə tanışlıqdan sonra daha ciddi suallar qarşısında qaldım. Ən azı, Sovet IKP MK-də təlimatçı işləyən, 1960-cı ildə Qarabağ böhranının qarşısını alan, Mesxeti türklərinin Azərbaycana köçürülməsini təmin edən, Zeynalabdin Tağıyevin qızı Saranı işə götürməyi Azərbaycan Dövlət Universitetinin rektoru Şəfaət Mehdiyevə tapşıran Nazim Hacıyevi niyə qohumu Topçubaşov deyil, Kreml xəstəxanasında erməni cərrah Abramyan əməliyyat etdi? Topçubaşovu qapı önündə görən erməni onun üzünə baxmadan niyə otağına çəkildi? Azərbaycan komsomolunun plenumu niyə üç gün davam etdi? Komsomolun birinci katibi Maqsud Əlizadə niyə “manyak” gülləsinə tuş gəldi?
Şıxəli Qurbanov dişini çəkdirərkən “KQB” məmurundan başqa otaqda kimsə vardımı? Diş həkimi özünü birinci mərtəbədə yerləşən otağının pəncərəsindən ataraq intihar etdi, yoxsa öldürüldü? Heydər Əliyev hansı cinayətlərinə görə Vaqif Hüseynovun Azərbaycana verilməsini Rusiyanın keçmiş prezidenti və hazırkı baş naziri Putindən xahiş etmişdi?..
Surxay Hüseynli