Elxan Şahinoğlu: «İnqilab dalğası gəlib qonşu Irana dirəndiyi üçün Azərbaycan hakimiyyəti təbliğat maşınını hərəkətə gətirib»
«Hökumət mediası islahatların zəruriliyini aşılamaq əvəzinə məddahlıqla, ərəb xalqlarının haqlı təbəələrini aşağılamaqla məşğuldur»
Yaxın Şərq və Şimali Afrikada baş verən inqilablar bütün dünya mediasının bir nömrəli mövzusuna çevrilib. Media qurumları avtoritar rejimlərin xalqlarına necə divan tutmasından, millətin sərvətlərini talamasından, demokratik dəyişikliklərin zərurətindən yazdığı halda, Azərbaycanın rəsmi qəzetləri proseslərə özünə sərf edən bucaqdan baxır. Inqilabların xaos, anarxiya və tənəzzüldən başqa heç bir faydasının olmadığını təlqin etməyə çalışan hökumət qəzetləri öz növbəsində Qərbi də hədəfə alıb. Onlar demokratik dəyişiklikləri tələb edən və dirəniş göstərən avtoritar liderlərə qarşı sərt tədbirlər görən dünya liderlərini öz xalqlarının maraqlarının ziddinə hərəkət etdiyini iddia edirlər. Və bu səbəbdən də qınağa tuş gəldiklərini və nüfuzlarına zərbə vurduqlarını deyirlər. Belə liderlər arasında Fransa prezidentinin, həmçinin alman kansleri Angela Merkelin də adı hallandırılır.
Hökumətin inqilablarda “üçüncü əl axtarışı”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, iqtidarın nəzarətindəki televiziya və mətbuat vasitələrinin ərəb dünyasında baş verənləri hansısa üçüncü qüvvələrlə əlaqələndirməsinin əsası yoxdur: “Məsələn, yazırlar ki, Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Angela Merkelin inqilablara verdikləri dəstəyə görə öz ölkələrində reytinqləri azalıb. Misal kimi də Fransa və Almaniyada son yerli regional seçkiləri göstərirlər. Həqiqətən Sarkozinin partiyası olan ”Xalq Hərəkatı Naminə Ittifaqı” müxalifətdə olan Sosialist Partiyasına məğlub olub. Və bu gedişlə Sarkozi gələn il keçiriləcək seçkidə prezident kreslosu ilə xudahafizləşə bilər. Ancaq bu məğlubiyyətin ərəb dünyasında baş verənlərlə az əlaqəsi var. Bəlkə də Sarkozi hərbi təyyarələrini Liviyanı bombalamağa göndərəndə düşünürdü ki, bu onun reytinqini artırar. Ancaq bir neçə gün sonra keçirilən regional seçkidə Sarkozi əks nəticə ilə üzləşdi. Və onu da qeyd etmək lazımdır ki, Sarkozinin reytinqi ərəb dünyasındakı olaylardan öncə də aşağı enməkdə idi. O ki qaldı, Almaniya kansleri Angela Merkelin partiyasının regional seçkidə məğlubiyyətinə bunun ərəb dünyasındakı olaylarla ümumiyyətlə əlaqəsi yoxdur. Birincisi, Sarkozidən fərqli olaraq Merkel ərəb dünyasını bürüyən inqilablarda və son Liviya olayında daha ehtiyatlı mövqe tutub. Kansler Almaniya hərbi təyyarələrinin Liviyanın bombardman edilməsinə yaşıl işıq yandırmayıb. Və onun regional seçkidə məğlubiyyəti Liviyadakı olaylarla deyil, Yaponiyadakı sunaminin nəticəsi ilə bağlıdır. Sunaminin Yaponiyada nüvə mərkəzini zədələməsi Avropada nüvə təhlükəsizliyi məsələsini ön plana çıxardıb. Avropalılar ölkələrində nüvə reaktorlarının fəaliyyətindən ehtiyat etməyə başlayıblar. Almaniyanın Yaşıllar Partiyası da bu amildən uğurla istifadə edərək regional seçkidə Merkelin partiyası üzərində qələbə çalıb”.
“Baş verənlər Vaşinqton və Paris üçün də sürpriz oldu”
E.Şahinoğlu bildirir ki, ərəb dünyasında baş verənlər zərurətdən irəli gələn prosesdir: “30-40 il uzanan problemlər qəfil partladı, avtoritar rejimlərdən və fövqəladə vəziyyətlərdən bezən insanlar küçələrə axışdılar. Bəzən yazırlar ki, bu hadisələrdə Qərbin birbaşa marağı və iştirakı olub. Misir prezidenti Hüsnü Mübarək ABŞ-ın, Tunis prezidenti Ben Əli isə Fransanın inanılmış müttəfiqi idi. Həm Mübarək, həm də Ben Əli xarici siyasət və təhlükəsizlik məsələlərində Vaşinqton və Parisin istəklərinin əleyhinə çıxmırdılar. Odur ki, ABŞ və Fransanın Mübarəkin və Ben Əlinin devrilməsində birbaşa rollarının olduğunu vurğulamaq doğru deyil. Əksinə baş verənlər hamı kimi Vaşinqton və Paris üçün də sürpriz oldu. Yalnız xalqın etirazı artdıqdan sonra ABŞ və Fransa keçmiş müttəfiqlərindən üz döndərərək dəyişiklikləri dəstəklədilər”.
İnqilabi dəyişikliklərin miqyasını niyə azaldırlar?
Politoloq onu da qeyd edir ki, iqtidarın nəzarətindəki bəzi televiziya və mətbuat orqanlarının ərəb dünyasındakı inqilabi dəyişikliklərin miqyasını azaltmağa çalışmaları hardasa anlaşılandır: “Inqilab dalğası gəlib qonşu Irana dirənib. Suriya kimi avtoritar rejimin lideri Bəşər Əsəd parlamentdə çıxış edərək islahatlara başlamaqdan başqa alternativlərinin olmadığını dilə gətirib. Aydındır ki, qonşuluqda bu böyüklükdə hadisələr cərəyan edərkən, Azərbaycan hakimiyyəti də təbliğat maşınını hərəkətə gətirmək məcburiyyətində qalıb. Ancaq təəssüf ki, təbliğat maşını islahatların zəruriliyini vətəndaşlara aşılamaq əvəzinə yenə məddahlıqla, ərəb xalqlarının haqlı təbəələrini aşağılamaqla məşğuldur”.
Gültəkin