Dünən öncə Baş Prokurorluğun iki il əvvəl mənfurcasına qətlə yetirilən yazıçı Rafiq Tağının ailəsinin vəkilinə ünvanladığı məktub açıqlandı. Orada yazıçının öldürülməsilə bağlı başlanmış cinayət işinin icraatının dayandırıldığı yazılırdı.
Ardınca Baş Prokurorluqdan həmin məktubla bağlı açıqlama gəldi. Icraatın dayandırılması “Cinayət-Prosessual qanunvericiliyin tələbləri” ilə izah edildi.
Toplum vicdanında dərin, yüz illər sonra belə, sağalması müşkül yaralar açan bir qətllə bağlı istintaqın dayandırılmasını nə ilə izah edirsiniz edin, bu, o toplum vicdanını əsla rahatlatmaz, təmin etməz.
Daha bir qələm adamının qanının batırılmasından başqa anlama gəlməz.
Onsuz da ağlı başında olanların “aparılan istintaq”dan heç bir müsbət gözləntisi yox idi. Bəlkə ona görə də indi “icraatın dayandırıldığını” eşidəndə çoxluğun nə tükü tərpəndi, nə qılı qıpırdadı. Sanki belə də olmalı imiş. Sanki belə olmasa, gözlər heyrətdən böyüməli imiş.
Axı bu günədək Azərbaycanda sözə, qələmə qarşı hansı cinayətin üstü açıldı ki?
Əvəzində, ölkə həbsxanaları sözə, fikrə, qələmə görə tutuqlanan insanlarla dolub-boşalmaqdadır.
Yeganə silahı söz olan, qələm olan, fikir olan insanları hər cür cinayətkar çıxarmaq olar.
Amma onlar özləri cinayət qurbanına çevriləndə bir kimsənin qandallandığını, sifarişçilərin, icraçıların tapıldığını, mühakimə edildiyini indiyədək nə eşitdik, nə gördük.
Hər şey buradan gün kimi aydındır.
***
Rafiq bəy qətlindən bir neçə il öncə həbs edilmişdi, bilənlər bilər və xatırlayar.
Həbsin üzdə olan motivi həssas idi.
Odur ki, qələm dostlarından qeyri ona geniş toplumun dəstəyi yox dərəcəsində idi.
O ağır günlərdə Rafiq Tağını müdafiə üçün yazdığım və digər dostlar tərəfindən yazılan yazılar yadıma düşür. “Rafiq Tağıya azadlıq!” çağırışlarımız yadıma düşür.
Sonra da hökumət tərəfinin çıxıb onun təhlükəsizlik məqsədi ilə həbs edildiyini açıqlaması yadıma düşür.
Yadıma düşdükcə də mənə bir anlıq elə gəlir ki, Rafiq bəyin qətlində vaxtilə ona azadlıq istəyən dostlarının da günah payı var.
Keşkə təhlükəsiz yerdə – həbsdə qalsaydı Rafiq Tağı…
Və keşkə namərd, mənfur bir cinayətə qurban getməsəydi…
Indi də həbsdə dostlarımız var. Adam qalır belə – onlara azadlıq tələb etsin, ya yox.
Bir növbəti peşmançılığı da onların hər hansı biri ilə yaşamayacağımızı hardan bilə bilərik ki?
Henri Toro “ədalətsiz cəmiyyətdə vicdanlı adamın yeri həbsxanadır” deyirdi.
Hakimiyyətdəkilərin özləri isə etiraf etdilər ki, bu ölkədə həm də ən təhlükəsiz yer həbsxanadır. Lap Rafiq Tağının öz sözləri ilə desək, “Azərbaycan elə bir ölkədir ki, burada yanındakı adamın beyqəfil durub əlindəki bıçaqla bağırsağını çölə tökməyəcəyinə təminatın yoxdur”.
***
XXI əsrdə sözə, qələmə, fikrə odlu-odsuz silahlarla qarşı gəlmək utancvericidir. Bu, yalnız çarəsizlər üçün çıxış yoludur.
Həm də elə bir çıxış yolu ki, ədalətsiz məhkəmələr olmasa belə, Tarix və toplumun vicdanı onları mütləq və mütləq yarğılayacaq, cəzalandıracaq.
Sözə, qələmə, fikrə qarşı fiziki güc işlətmək…
Sözü, qələmi, fikri susdurmaq üçün min cür hiylə və fitnəyə əl atmaq bu gün bəlkə də kimlər üçünsə sıradan addımlardır.
Amma bunların bədəlinin nə qədər ağır ödəndiyini də hər kəsin bilməsi lazımdır.
Biz öldürülən hər yazarla…
Həbs, zorakılıq yolu ilə susdurulan hər qələmlə ölkə və xalq olaraq nə qədər çox şeylər itirdiyimizin fərqində olmalıyıq.
Söhbət o itkilərdən gedir ki, onları geri qazanmaq üçün bu ölkənin hər bulağından su yerinə neft fışqırsa belə, xeyri yoxdur. Heç bir yeraltı-yerüstü sərvət, heç bir maddiyyat o itkilərin yerini qazancla doldurmağa kifayət edə bilməz, etməyəcək də.
Bir deyil, yüzir əsrin müqaviləsi imzalasanız…
Bir deyil, min bir Bakı-Ceyhan boru kəməri çəksəniz belə, o yaraları heç zaman sağaltmaq mümkün deyil, olmayacaq da.
Anlayana eşq olsun!
Anlamayanlara da yazıqlar olsun!