Rövnəq Abdullayevin adamı olan yeni prezident 1800 nəfəri işdən azad edib
“Azərsu”nun prezidenti Nizaməddin Rzayev Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevin yaxın adamı Qorxmaz Hüseynovla əvəzləndikdən sonra qurumda kütləvi ixtisarlara başlanılıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlara görə, Qorxmaz Hüseynov vəzifəyə təyin olunduğu gündən işçilərin sayını azaltmaqla məşğuldur. Məlumatlarda deyilir ki, yeni prezident artıq 1800 nəfəri işdən azad edib. Lakin o, işdən çıxarılanlara bildirib ki, narahat olmağa dəyməz. Onun sözlərinə görə, yaxın vaxtlarda “Azərsu” ilə Su və Meliorasiya Təsərrüfatı bir qurumda birləşəcək. Bundan sonra işdən çıxarılanlar yenidən işə götürüləcək. Lakin işdən çıxarılanlar buna inanmır. “Əgər biz yenidən işə götürüləcəkdiksə, nə üçün işdən çıxarılırdıq?”,- deyə işsiz qalanlar bildirir.
İnformasiya şöbəsi