Yerlilərin 60 faizi Muxtar Respublikadan kənarda yaşayır
Naxçıvan şəhərində qayda-qanun hökm sürür. Marşrut avtobuslarının xüsusi qrafiklə işləməsi, bütün sürücülərin təhlükəsizlik kəmərlərindən istifadə etmələri diqqətimi cəlb edir. Əvvəllər hər addımda rast gəlinən, bellərindən qandal asılmış polislər indi, demək olar, gözə dəymir.
Naxçıvan müxalifətinin acınacaqlı vəziyyəti…
Ictimai-siyasi vəziyyəti öyrənmək üçün müxalifət partiyalarının yerləşdiyi binaya gedirəm. Nizami-41 ünvanında yerləşən binada üç müxalifət partiyasının yerli təşkilatları fəaliyyət göstərir. Bunlar AXCP, Müsavat və Ümid partiyalarıdır.
Ümid partiyasının yerləşdiyi iki otaqdan ibarət olan ofisə girirəm. Otaqlardan birinin tavanı uçub. Otaq, demək olar, qəzalı vəziyyətdədir. Yerli təşkilatın sədri Faiq Əliyev deyir ki, imkansızlıq ucbatından ofisi təmir etdirə bilmirlər.
“Elə kəndlər var ki, orada heç kim yaşamır, tamamilə boşalıb”
AXCP yerli təşkilatının sədr müavini Yaşar Bağırsoy isə deyir ki, Naxçıvanda siyasi və iqtisadi vəziyyət dözülməz olduğundan partiya üzvlərinin əksəriyyəti muxtar respublikadan kənarda yaşamağa məcbur olublar:
– Naxçıvanda vəziyyət ağırdı. Işsizlik baş alıb gedir. Insanlar nahaqdan incidilirlər. Sadə vətəndaşlara sahibkarlıqla məşğul olmağa imkan verilmir. Son vaxtlar məmurlar kəndlərdəki kiçik dükanları da ələ keçiriblər. Bu səbəblərdən Naxçıvan sürətlə boşalır. Əhalinin, demək olar, ən azı 60 faizi Naxçıvandan kənarda yaşayır. Elə kəndlər var ki, tamamilə boşalıb. Həmin kəndlərdə, demək olar, heç kim yaşamır.
Müsavat Partiyası yerli təşkilatı sədrinin müavini Sabir Vəliyev də dedi ki, Naxçıvanda müxalifətçiləriin vəziyyəti sadə vətəndaşlara nisbətən daha acınacaqlıdı:
“Müxalifətçilərə heç fəhlə işləməyə də imkan vermirlər”
– Müxalifətçilərə heç fəhlə işləməyə də imkan vermirlər. Elə buna görə də Naxçıvanda, demək olar, müxalifətçi qalmayıb. Əksəriyyət tərk edib Naxçıvanı. Bizim təşkilatın sədri Meydan Babayev Bakıda fəhləlik edir. Digər üzvlərimiz də Türkiyədə, Iranda, Bakıda işləyirlər. Fəallıq etmiş elə üzvlərimiz var ki, indi Naxçıvana qayıtmağa qorxurlar.
“Naxçıvanda müstəqil jurnalist olmaq təhlükəlidir”
Naxçıvanda müstəqil mətbuat olmasa da çox az sayda müstəqil jurnalistlər var. Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) əməkdaşı Elman Abbasov deyir ki, yerli hakimiyyət orqanları Naxçıvanda azad sözün olmasını istəmir:
– Naxçıvanda 3-4 müstəqil jurnalist fəaliyyət göstərir ki, yerli hakimiyyət onların işləməsinə həmişə problemlər yaradır. Onlar daim fiziki və mənəvi-psixoloji təqiblərə məruz qalırlar. Mütəmadi olaraq hədələnirlər. Fəaliyyətləri izlənilir. Jurnalistlərə müsahibə verən şəxslər incidilir. Bütün məmurlara müstəqil mətbuat nümayəndələrinin sorğularına cavab verməmək haqda tapşırıq verilib. Buna baxmayaraq, burada işləyən jurnalistlər çətinliklə olsa da fəaliyyətlərini davam etdirirlər. Naxçıvanda müstəqil jurnalist kimi fəaliyyət göstərmək təhlükəlidir.
Anonim məktublar
Elman Abbasovun dediyi təhlükə müstəqil jurnalist kimi mənə də aid idi. Bunu əvvəlki təcrübələrimdən də bilirdim. Lakin budəfəki 15 günlük Naxçıvan səfərimdə rəsmilərdən müsahibə almaqda çətinlik çəksəm də təqib olunmamağım məndə xoş təəssürat yaratmışdı. Bu dəfə bir jurnalist kimi özümü daha sərbəst hiss edirdim…
Naxçıvandakı işlərimi tamamlayıb Bakıya qayıtmaq üçün Naxçıvan aeroportuna gəlirəm.
Bu dəfə Bakıya uçan təyyarədə Heydər Əliyev haqda çəkilmiş başqa bir film göstərilirdi.
Evə çatıb kompüteri işə salıram. Elektron ünvanıma Naxçıvandan çoxlu sayda məktublar gəlib. Anonim məktubların təxmini məzmunları belədir:
“Özünü elə də arxayın hiss eləmə. Budəfəki fəaliyyətin, yazışmaların internetdən izlənilib. Bakıda Naxçıvan haqda artıq-əskik danışsan, özünü ölmüş bil”.
Yafəz Həsənov,
Naxçıvan-Bakı