Gültəkin Hacıbəyli cəbhəçi gəncin «əfv» məktubuna münasibət bildirdi
Ötən gün AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Rahib Hacıyevin prezidentə yazdığı əfv məktubu yayıldı. Xatırladaq ki, Rahib Hacıyev narkotik iithamı ilə həbs olunub. Cəmiyyətdə hər kəs bu həbsin də öncəki həbslər kimi siyasi olduğunu və gənclərə təzyiq vasitəsi kimi həyata keçirildiyini bilir. Indi isə hər kəs anlayır ki, Rahib Hacıyevə bu məktub yazdırılıb.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli də öz “facebook” səhifəsində hakimiyyətin bu məktubla özünü ifşa etdiyini bildirir:
“AXCP fəalı Rahib Hacıyev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə ittiham olunur. Bu maddədə külli miqdarda narkotik saxlama, daşıma, göndərmə və ya satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulub.
Yəni bu maddənin formal baxımdan onun siyasi fəaliyyətinə heç bir aidiyyəti yoxdur, sırf narkotiklə bağlıdır.
Lakin Rahib Hacıyev bəyanat verib peşman olduğunu etiraf edir, onu bu yola (narkoticarətə) AXCP-nin və Əli Kərimlinin təhrik etdiyini bildirir. Yəni bu bəyanat həbsin narkotiklə bağlı olduğunun yox, siyasi motivli oduğunun rəsmi etirafıdır. Məhbuslara belə bəyanatlar yazdırıb hakimiyyətə “ayı xidməti” göstərənlər onun qəbirqazanlarıdır əslində. Savadsız, səriştəsiz olduqları üçün, bunu anlamırlar”.