Suraxanı rayonunda güclü yanğın başlayıb. Şahidlərin ANS PRESS-ə verdikləri məlumata görə, “Buta Palas”ın arxa hissəsində Şuşa qəsəbəsinə düşən yolun sağ tərəfindəki meşə ərazisi yanır. Təxminən 2-3 saatdır davam edən yanğını söndürmək üçün hadisə yerinə 7-8 yanğınsöndürən maşın cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi və polisin ərazidə işlədiyi bildirilir. Yanğın təxminən 300 metr ərazini əhatə edir. Hazırda yanğınsöndürənlər yanğının başqa ərazilərə də yayılmasının qarşısını almaq məqsədilə yanğının baş verdiyi yeri qazaraq ətrafdan təcrid etməyə çalışırlar.
Baş vermiş yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Yanğınla bağlı Suraxanı Rayon Polis İdarəsindən məlumat almaq istəsək də, onlar ərazinin Sabunçu rayonuna, Sabunçu Rayon Polis Idarəsi isə Suraxanı rayonu ərazisinə düşdüyünü deyərək hadisə barədə məlumatlı olmadıqlarını bildirdilər.