Cəmil Həsənli «200 min səs» iddiasına aydınlıq gətirdi
Müsavat başqanı Isa Qəmbər “Azadlıq” radiosunda “Işdən sonra” proqramında bildirmişdi ki, Milli Şuranın vahid namizədi Cəmil Həsənli prezident seçkisində 200 min civarında səs toplayıb:
“2010-cu ildə cəmisi iyirmi nəfər müsavatçını AXCP-Müsavat blokunun tərkibində seçkiyə buraxmışdılar, iyirmiyə qədər də cəbhəçini seçkiyə buraxmışdılar. Həmin o iyirmi müsavatçı öz dairələrində hərəsi orta hesabla iki min nəfərdən səs almışdı.Yəni ki, həmin hesabla 125 dairədən söhbət gedəndə, həmin səsləri hesablasaq, 250 minə qədər səsdir. Bu il də prezident seçkilərində bütün demokratik düşərgə bir araya gələrək və Cəmil Həsənli kimi uğurlu, cəsarətli, intellektual bir şəxsiyyəti kəşf etdik əslində bir siyasi xadim kimi bu il- vahid namizəd kimi müəyyənləşdirərək seçkiyə getdik və yenə də 200 min civarında səs aldıq. Yəni bu, acı bir həqiqətdir, ancaq həqiqətdir, hər kəsin qəbul etməsi lazımdır ki, demokratik düşərgənin birləşməsi qələbəni təmin etmir. Demokratik düşərgənin vahid namizədlə seçkidə iştirakı qələbəni təmin etmir”.
Cəmil Həsənli isə Müsavat başqanının dedikləri ilə razılaşmır. O, bununla bağlı “Azadlıq”a açıqlamasında deyib: “2013-cu ildə keçirilən prezident seçkisində seçici fəallığı 20 faiz olub. Bunun da 65 faizinin səsini mən almışam. Prezident seçkisində 200 min civarında səs almağımla bağlı deyilənlər həqiqətə uyğun deyil”.