Hakimiyyətdə təmsil olunan digər vəzifəlilər də Kəmaləddin Heydərovun aqibətini yaşaya bilər
Lion islah məhkəməsinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovu cərimələməsi gündəmin əsas mövzusu olaraq qalır. Xatırladaq ki, bu barədə Fransanın Rue89lyon saytında məqalə dərc edilib. “Azərbaycan oliqarxı Lion məhkəməsi qarşısında” başlıqlı həmin məqalədə deyilir ki, noyabrın 27-də Apelyasiya məhkəməsi Lion islah məhkəməsi tərəfindən qəbul olunmuş bir qərarı təsdiqləyib.
Qərara əsasən Kəmaləddin Heydərov 50 min avro və iş adamı, 2011-ci ildən Fransa reqbi Stadionunun direktoru Pyer Arnal 20 min avro cərimələnib. Cərimələnmə “Sosial mülkün sui-istifadəsi” faktlarına görədir. Məhkəmə müəyyən edib ki, adı çəkilən şəxslər 2001-2005-ci illərdə Azərbaycanın dövlət başçısı Ilham Əliyevin bacısı Sevil Əliyeva və onun uşaqlarının Fransada keçirdikləri özlərinə xas həyatın qanunsuz maliyyələşdirilməsində iştirak edib.
Azərbaycan hakimiyyətinin Fransa siyasi dairələri ilə yaxınlığını nəzərə alsaq Kəmaləddin Heydərovun cərimələnməsini sıradan bir məhkəmə qərarı saymaq olmaz. Bəzi mülahizələrə görə, bu qərar artıq Avropanın Azərbaycan hakimiyyətilə öz dilində danışmağa başlamasının mesajıdır. Təsadüfi deyil ki, məsələdə Ilham Əliyevin bacısı Sevil Əliyevanın da adı hallanır. Onun dəbdəbəli həyatına diqqət çəkilir.
Digər tərəfdən məsələ təkcə Kəmaləddin Heydərovla bitmir. Fransa mətbuatı artıq bir müddətdir ki, nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı, “Hafka” ləqəbilə tanınan Hafiz Məmmədovu hədəfə alıb. Hər şey Fransanın məşhur “Canal + Sport” telekanalının “Lans” futbol klubunu alan Hafiz Məmmədovla bağlı reportaj hazırlayarkən azərbaycanlı iş adamının onlara 16 min avroluq saat bağışlaması, jurnalistlər öz növbələrində bu hədiyyəni “Amnesty International” təşkilatına təqdim etmələrindən sonra başlayıb. Bu qalmaqalla Fransa mətbuatının gündəminə gələn Hafiz Məmmədovla bağlı bir neçə tənqidi material dərc edilib.
Artıq məlumatlara görə, Hafiz Məmmədovla bağlı Fransanın hüquq-mühafizə orqanlarına da müraciət edilib və onunla bağlı araşdırma aparılması xahiş olunub. Tamamilə mümkündür ki, Hafiz Məmmədov da Kəmaləddin Heydərovun taleyini yaşasın. Təbii ki, ən yaxşı halda. Və şübhəsiz onunla bağlı araşdırmalarda iş adamının Ziya Məmmədova yaxın olması faktı da əksini tapacaq. Beləliklə nəqliyyat naziri də Fransanın hüquq-mühafizə orqanları ilə üz-üzə gələ bilər.
Ümumiyyətlə isə əgər bu baş verənlər ehtimal olunduğu kimi Avropada Azərbaycan hakimiyyətilə bağlı başlanmış kampaniyadırsa, o zaman Əliyev iqtidarı sürprizlərlə üzləşməsi qaçılmazdır. Məlumat üçün deyək ki, Azərbaycan hakimiyyətində təmsil oluna məmur-oliqarxların əhəmiyyətli hissəsinin Avropada biznes strukturları var.
İnformasiya şöbəsi