Gülağa Aslanlı Rauf Arifoğlunun dediklərinə aydınlıq gətirdi və Rəsul Quliyevin ittihamlarına da cavab verdi
“Rüstəm Ibrahimbəyov başa düşürdü ki, həmsədrlik məsələsində israr etsə, Milli Şura parçalanacaqdı. Məsələlər bu cür davam etsəydi, həmsədrlik tərəfdarları dirəşsəydilər Müsavat Partiyası oradan çıxacaqdı”. Bu sözləri lent.az-a Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Rüstəm Ibrahimbəyovun Milli Şura sədrliyindən istefasına münasibət bildirərkən deyib.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə “Azadlıq”a bildirib ki, təmsil etdiyi təşkilatın Milli Şuradan çıxmaq niyyəti olmayıb: “Rauf Arifoğlu kimə istinad edir, mənim üçün bu qaranlıqdır. Müsavat Partiyasının funksionerləri həmsədrlik institutu ilə razı olmadıqlarını bildiriblər. Amma bu Müsavat Partiyasının son qərarı olmayıb. Müsavat Partiyası həmişə deyib ki, sessiyadan əvvəl partiya üzvləri ilə məsləhətləşib müəyyən qərara gələ bilərlər. Amma heç bir halda Rüstəm Ibrahimbəyovun istefa verməyəcəyi təqdirdə Müsavatın Milli Şuradan çıxacağı barədə qərarı olmayıb. Bu məsələ ümumiyyətlə müzakirə olunmayıb”.
Bu arada Açıq Cəmiyyət Partiyasının(ACP) lideri, eks-spiker Rəsul Quliyev Müsavat Partiyasını ittiham edib. O, publika.az saytına müsahibəsində deyib: “…Rüstəm Ibrahimbəyovu siyasətdən uzaqlaşdırmaqda özünü göstərmək istəyən Müsavatdan olan ”ailə podratı”nın üzvlərinə tapşırıq yox, işarə verilib. Bu ali baş komandanlarının tərbiyə görməmiş marşalları, onlara məxsus olan leksikonlarla hücuma keçiblər. Əgər Rüstəm müəllim belə aşağı problu adamların təhqirlərindən abrını saxlayıb getmək istəyirsə, bunu qələbə adlandırmaq mümkündür, bizdə hər şey ola bilər. Müsavatın belə şanlı qələbələri birinci dəfə deyil. Onlar 1998-ci ildə Əbülfəz bəyin, 2003-cü ildə özlərinin, 2005-ci ildə “Azadlıq” blokunun üzərində triumfal qələbələr çalıblar. 2013-cü ildə isə avqustdan başlanan qələbələr silsiləsi davam edir. Əgər yadınızdadırsa, iyun ayında Müsavatdan olan həmin “marşallar” ağızları köpüklənə-köpüklənə Milli Şura memorandumuna “avrointiqrasiya” yazmağı tələb edirdi və bunu da özlərinin qələbəsi hesab edirdi. O vaxt verilmiş intervülərə baxın görün, Milli Şuraya heç bir aidiyyəti olmayan bu cümləni necə özlərinin qələbəsi hesab edirlər…
…Indi məsələn, Müsavatın həmin “ailə podratı”ndan olanlar və ümumiyyətlə, rəhbərlikdə təmsil olunanlar açıq-aşkar özlərinin avtobioqrafiyasını yazsınlar, baxaq görək, onları indiki işlərində kim və nəyə görə saxlayır.
Istəyirəm o elementar şeyləri anlamayanların qarşısını almaq üçün bir qədər arayış verim: Peşəkar müəyyən nəzəri və praktiki biliyi olan, müəyyən konkret yerdə işləyən şəxslər adlandırılır. Müxalifətçi hökumətin siyasətindən narazı və siyasətin başqa yollarını göstərənlərdir. Peşəkar müxalifətçi müəyyən bir partiya və qurumda vəzifəsi olan daima işləyən adamlardır. Ona görə Müsavat ömrü boyu çaldığı “qələbələri” hələ ən azı bir 10 ildə davam etdirmək fikrindədir”.
Gülağa Aslanlı Rəsul Quliyevin ittihamlarına da münasibət bildirib. O, deyib ki, ACP lideri az qala mühacir həyatı yaşamasında da Müsavatı təqsirkar görür: “Bunu da desin və Müsavat Partiyasına olan nifrətini açıq şəkildə ortaya qoysun. Bircə bu qalib. Onun bütün bu iddiaları ittihamları səsləndirb. Rəsul Quliyev sadəcə bitmiş siyasətçidir. Və hesab edir ki, gündəmdə qalmaq üçün Müsavat Partiyasını ittiham etməlidir. Buyursun, Müsavatı ittiham eləsin, nəfəs alsın və Amerikada həyatını davam etdirsin”.
Hikmət