Dadaş Rzayev: «Rəhim Qazıyev Başkənd əməliyyatına başlamağa imkan vermirdi»
Rəhim Qazıyev: «Arxivdə Başkənd əməliyyatının Müdafiə Nazirliyinin təsdiqlədiyi əməliyyat xəritəsi var»
Azərbaycanın keçmiş müdafiə naziri, ehtiyatda olan general-mayor, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Dadaş Rzayev AzVision.az saytına müsahibəsində keçmiş müdafiə naziri Rəhim Qazıyevin ünvanına bir sıra ittihamlar səsləndirib. D.Rzayev Azərbaycan ordusunun uğurlu əməliyyatlarından biri sayılan Başkənd əməliyyatının reallaşmasına ona R.Qazıyevin mane olduğunu söyləyib:
“Başkənd əməliyyatını həyata keçirən zaman korpus komandiri idim. Korpus komandiri olduğum müddətdə 12 minlik korpus yaratdıq. 8 avqust 1992-ci il də Başkəndi ermənilərdən azad etdik. Ermənilər orada çox möhkəm müdafiə xəttu qurmuşdular. Kəndin isə 12 mindən çox əhalisi var idi. Həmin kənd 4 rayonu zəlil etmişdi. O biri tərəfdən isə Gədəbəyi iki yerə bölmüşdü. Şınıx zonası nə Gədəbəyə gedə bilirdi, nə də Gədəbəy Şınıx zonasına gələ bilirdi”.
D.Rzayev Başkənd əməliyyatının reallaşmasının qarşısında əsas əngəl kimi məhz R.Qazıyevi göstərir: “O zamankı nazir (müsahib Rəhim Qazıyevi nəzərdə tutur – red.) imkan vermirdi əməliyyata başlayaq. Şəxsən həmin əməliyyatı həyata keçirmək üçün mənə ovaxtkı hakimiyyət imkan vermirdi. Mən də axırda bütün məsuliyyəti öz üzərimə aldım. Və bacardıq. Kəndi azad etdik”.
Məsələ ilə bağlı R.Qazıyevin mövqeyini öyrəndik. R.Qazıyev D.Rzayevin söylədiklərinin həqiqət olmadığını söylədi və bildirdi ki, D.Rzayevin səsləndirdiyi ittihamlarla bağlı onunla debata çıxmağa hazırdır: “Çox istərdim ki, general Rzayev gəlsin sizin redaksiyaya və mən onunla debata çıxım. Rzayev yadına salsın, 1992-ci il mayın 12-si 14-ü arası general Oqonyanın təklifi ilə Zaqafqaziya Hərbi dairəsinin komandanı general-polkovnik Patrikiyev ona 14 hərbi texnika vermişdi. Onun 6-ı T-72 tankı, 6-sı piyadaların döyüş maşını BMP, 2-si isə hərbi texnika ”şirka” idi. Mayın 14-də həmin tanklardan 2-si Prezident Aparatının həyətində yerləşdirilmişdi. Mən o zaman Gəncədə idim. Əks-hücum üçün ciddi hazırlıq işləri gedirdi. O zaman Bakıda durum gərgin idi. Ayaz Mütəlibovun hakimiyyətə qayıtması gündəmdə idi. Mənə general Vahid Musayev zəng etdi və məlumat verdi. Mən Vahid Musayevə dedim ki, səndən xahiş edirəm həmin texnikanı itkisiz, qan-qadasız götürmək olarmı? Iki saatdan sonra mənə məruzə edildi ki, həmin texnikaların 14-ü də bir atəş açılmadan götürülüb. Səhərisi gün həmin texnikanın 12-si Laçın istiqamətinə getdi. Iki “şirka” isə Müdafiə Nazirliyinin həyətində saxlanıldı”.
D.Rzayevlə bağlı bir faktı da diqqətimizə çatdıran R.Qazıyev bildirdi ki, I.Həmidov yeni daxili işlər nazir təyin olunan zaman D.Rzayev gecə barından çıxan zaman həbs olunmuşdu: “Isgəndər Həmidov da mənə hörmət əlaməti olaraq Dadaş Rzayevi azad etmişdi. Daha sonra Dadaş Rzayev kabinetimə gəlib hönkür-hönkür ağladı”.
Başkənd əməliyyatı ilə bağlı məqamlara da aydınlıq gətirən R.Qazıyev bildirdi ki, Başkənd əməliyatından əvvəl Müdafiə Nazirliyinin qərarı ilə korpus yaradılmışdı: “Arxivdə Başkənd əməliyyatının Müdafiə Nazirliyinin təsdiqlədiyi əməliyyat xəritəsi var. O zaman bizim ordumuz Xankəndinin 8-12 kilometrliyində dayanmışdı. Mən istefa verəndən sonra Dadaş Rzayevin torpaq azad etməsi özünə qalsın, Ağdarə və digər rayonlar düşmənə verildi. Ordumuz geriləməyə başladı. Dadaş Rzayevin nazir olduğunun 40-cı günü Kəlbəcər işğal olundu. Indi deyin görüm, korpus komandirinin imkanları geniş olur, yoxsa müdafiə nazirinin? Əlbəttə, müdafiə nazirinin. Əgər Dadaş Rzayev korpus komandiri olaraq belə şücaətli idisə, müdafiə naziri olduqdan sonra nəyə görə geriləməyə başladı?”.
Xəyal