Andres Herkel: «Çox istərdim ki, Bakı demokratiya və insan hüquqları məsələsində götürdüyü öhdəliklərə əməl eləsin»
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin sədri, bu qurumun Azərbaycan üzrə məruzəçisi olmuş Andres Herkel Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanmasını müsbət qiymətləndirib. “Haqqın.az”ın məlumatına görə, estoniyalı deputat bildirib ki, Azərbaycanın Avropaya yaxınlaşmaq istiqamətində atdığı istənilən addımı yalnız alqışlamaq lazımdır.
Bununla belə, Herkel Azərbaycanda insan hüquqları və demokratiya sahəsində problemlərin olmasından da danışıb.
“Çox istərdim ki, Bakı demokratiya və insan hüquqlarının müdafiəsi məsələsində götürdüyü öhdəliklərə də əməl eləsin. Bu ölkədə hələ də siyasi məhbuslar var. ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun son hesabatı da seçki zamanı çoxsaylı pozuntuların olduğunu üzə çıxartdı”, – deyə Herkel vurğulayıb.