Ölkə radiasiyanın əlində aciz qalıb
Yaponiyanın “Fukuşima-1″ Atom Elektrik Stansiyasından 30 km aralı məsafədə radiasiyanın gündəlik miqdarı illik normadan da artıq olub. Bu barədə Yaponiyanın Elm Nazirliyi açıqlama verib. Məlum olub ki, radiasiyanın həcminin qəfildən sürətlə artması fonunda ”Fukuşima-1″in işçi heyəti stansiyanın birinci və ikinci enerji bloklarında işi dayandırıblar.
Energetika şirkətinin operatoru radiasiyanın həcminin belə qəfil artmasının səbəbini reaktorun aşağı hissəsində gölməçənin yığılıb qalması ilə izah edib. “RBK” isə xəbər verir ki, radioaktiv su üçüncü enerji blokuna da yığılıb, amma hələlik stansiyanın əməkdaşları oradan evakuasiya olunmayıb. Avstriyalı tədqiqatçı Qerhard Votavanın araşdırma zamanı əldə etdiyi müqayisəli nəticələri açıqlayıb. Belə ki, Yaponiyanın “Fukuşima-1″ AES-də radioaktiv elementlərin tullantılarının ilk dörd gündəki göstəriciləri, 1986-cı ildə Çernobıl atom elektrik stansiyasında baş verən qəzanın analoji göstərcinin 50 faizini təşkil edir. Fransanın Radiasiyadan müdafiə və nüvə təhlükəsizliyi Institutunun ekspertləri isə hesab edir ki, bu göstərici 50 yox, 10 faizdir. Fukuşima əyalətindəki suyun monitorinqi zamanı məlum olub ki, sudakı yodun radioaktivliyinin qatılığı normadan 147 dəfə artıqdır.
Xatırladaq ki, martın 11-də Yaponiyada baş verən zəlzələ Fukuşima əyalətində yerləşən ”Fukuşima-1″ AES-də qəzanın baş verməsinə səbəb olub. Nəticədə isə regionda radiasiya sürətlə yayılmağa başlayır. Srağagün axşam Yaponiyanın Honsyu adasının şərq sahillərində ard-arda beş zəlzələ baş verib. Onlardan ən güclüsü 5,4 bal, digər zəlzələlərin gücü isə 5,1 və 5,3 bal olub. Zəlzələlərin episentri Sakit okeanda 33 km dərinlikdə qeydə alınıb. Sunami haqda həyəcan siqnalı verilməyib. “Fukuşima-1″in üçüncü reaktorunun qoruyucu korpusunun zədələnmiş vəziyyətdə olması istisna deyil. Lent.az-ın verdiyi məlumata görə, bunu dünən Yaponiya Nüvə Təhlükəsizliyi Xidməti bəyan edib. Yaponiyalı mütəxəssislər keçirdikləri mətbuat konfransında deyiblər ki, üçüncü reaktorun sahəsində suda radiasiya səviyyəsinin artması qeydə alınıb. Onların sözlərinə görə, çirklənmiş suyun reaktorun aktiv zonasından axması, yaxud radiasiya səviyyəsinin üçüncü reaktorun zədələnmiş ehtiyat su anbarı ilə əlaqəli olması mümkündür. Dünən AES işçiləri ikinci və üçüncü reaktorların soyutma sisteminin, eyni zamanda dördüncü enerji blokunun bərpası istiqamətində işlərini davam etdiriblər.
Gültəkin