Qanuni oğru»nun dəfn mərasimində 10 mindən artıq insan iştirak edi
Azərbaycanlı kriminal avtoritet “Masallı Mamed”in (Məmməd Hüseynov) dünyasını dəyişməsi ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Əvvəlcə oxucuların diqqətinə çatdıraq ki, “Masallı Mamed” martın 20-də 1 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Martın 21-də isə doğma yurdu Masallıda torpağa tapşırılıb. Rəsmi versiyaya görə “Masallı Mamed” şəkər xəstəliyi və qara ciyər serrozundan əziyyət çəkirmiş. Ölümünə səbəb isə beyninə qan sızması olub.
Lakin əldə etdiyimiz məlumatlara görə, həm “Masallı Mamed”in yaxınları, həm də kriminal aləm onun öldürüldüyünü güman edir. Hələlik “Masallı Mamed”in yaxınlarının və kriminal aləmin nə üçün belə düşündüyü bəlli deyil. Nəzərə alsaq ki, bir neçə il əvvəl 10-cu kalonda “Masallı Mamed” Füzuli adlı “şestorkası” tərəfindən zəhərlənmişdi, bu halda onun yenə də hansısa formada öldürüldüyünü güman etmək olar.
Məlumatlarda həmçinin bildirilir ki, “Masallı Mamed”in Masallı rayonunun polis rəisi ilə münasibətləri çox pis olub. Doğrudur, bir “Oğru” kimi onun bütün polislərlə münasibətləri yaxşı olmayıb. Amma xüsusilə Kəmaləddin Heydərovun yaxın adamı olan Masallının polis rəisi Əkbər Yusifovla düşmən münasibətdə olub. Əkbər Yusifov “Masallı Mamed” problemindən qurtulmaq üçün dəfələrlə cəhd edib.
Məlumatlarda o da bildirilir ki, “Masallı Mamed” sonuncu dəfə 2010-cu ildə Masallıda “Bazar Rafiq” kimi tanınan iş adamının qardaşı Səmədin yas mərasimində həbs edilib. “Masallı Mamed”in həmin şəxslə münasibətləri çox yaxşı olub.
Məlumatlarda, eyni zamanda deyilir ki, “Masallı Mamed”in dəfn mərasiminə MDB ölkələrindən, xüsusilə Gürcüstandan xeyli sayda avtoritetlər gəlib və hələ də gəlməkdə davam edir.
Bildirilir ki, “Masallı Mamed” dünyasını dəyişəndən sonra Azərbaycanın kriminal avtoritetləri arasında “böyük qardaş” məsuliyyətini üzərinə oğru aləmində “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyev götürüb.
Informasiya şöbəsi