Hakimiyyət Rusiyada baş verənlərə birmənalı qiymət verə bilmir
“Azərbaycan parlamentinin son hadisələrlə bağlı Rusiyaya səfərində hər hansı tərəddüd yoxdur. Rəsmi şəkildə elan olunmasa da, bizi Sankt-Peterburqa elə bu məsələlərlə bağlı göndərmişdilər. Düzdür, biz Dövlət Dumasına getməmişdik, MDB Parlamentlərarası Assambleyanın komissiya toplantısında iştirak etmək üçün getmişdik. Biz komissiyada çıxış edib sözümüzü də dedik. Həmçinin orada keçirilən beynəlxalq konfransda da bu barədə danışdıq”.
Bu sözləri Milli Məclisin Azərbaycan-Rusiya dostluq qrupunun rəhbəri Arif Rəhimzadə “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputat qrupunun Moskvaya ezam olunası ilə bağlı tərəddüdlərin olması barədə fikirlərə reaksiya bildirərkən söyləyib. Onun sözlərinə görə, Rusiyada baş verənləri xüsusi olaraq qabartmağa, məsələlərin altına od qoymağa ehtiyac yoxdur: “Bununla rəsmi orqanlar məşğul olurlar. Baş verənlər nə Rusiya, nə də Azərbaycanın marağına uyğun məsələ deyil”. Arif Rəhimzadə həmkarlarının Rusiyaya xüsusi deputat qrupunun göndərilməsini zəruri saymasına da qarşı çıxıb: “Hesab edirəm ki, buna ehtiyac yoxdur. Deyək ki, Dövlət Dumasında görüş keçirildi, müzakirələr aparıldı, Duma nə deyəcək? Ancaq Rusiyanın prezidenti konstitusiya ilə əlaqədar bir tədbir keçirdi və orda da öz fikrini dedi. Bildirdi ki, bu məsələləri razılaşdırmaq lazımdır, Rusiya çoxmillətli dövlətdir və bundan heç vaxt inkar etməyəcək”. Rusiyada azərbaycanlıların kompakt çalışdığı bazarların qapadılması, soydaşlarımızın döyülməsi faktlarının ardınca artıq silahların işə salındığını, diaspor rəhbərlərindən birinin güllələndiyini xatırlatdıqda, Arif Rəhimzadə bu barədə məlumatsız olduğunu bildirib: “Deyə bilmərəm ki, onu kim, niyə güllələyib. Bu məsələlər aydınlaşdırılmalıdır”.
Arif Rəhimzadənin sözlərindən belə anlaşılır ki, Rusiyada miqrantlara, xüsusilə azərbaycanlılara qarşı baş verənlər adi məsələdir. Lakin bir neçə gün əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bunun əksini söyləmişdi.
Səfir bildirmişdi ki, Rusiyadan Azərbaycan və digər MDB ölkələrinin vətəndaşları kütləvi şəkildə çıxarılır. Və Rusiyaya gələn Azərbaycan vətəndaşlarına heç bir izahat verilmədən Rusiyaya daxil olmaq qadağan edilir: “Nəticədə elə bir vəziyyət yaranır ki, Azərbaycan vətəndaşlarını aeroporta gəldikdə fakt qarşısında qoyurlar və oradan vətəninə göndərirlər. Bu müxtəlif kateqoriyalı vətəndaşlardır – onların arasında Rusiya ali təhsil ocaqlarının tələbələri, hərdən məktəblilər, tranzitlə gedən vətəndaşlar, deportasiya nəticəsində üzvləri biri-birindən ayrı düşən ailələr və s. Hətta iki epizodda Rusiya XIN-də rəsmi akkreditasiyası olan Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Rusiya ərazisinə buraxılmayıblar”.
Polad Bülbüloğlunun bu açıqlamasının qarşılığında Arif Rəhimzadənin Rusiyada baş verənlər barədə xırda məsələ kimi təəccüb doğurur. Bu nədir “balans siyasəti”, yoxsa məlumatsızlıq? Digər tərəfdən baş nazirin sabiq müavini Abbas Abbasov da Rusiyada baş verənlər barədə təxminən Arif Rəhimzadə kimi danışmışdı. Amma hökumət mediası bunu Abbas Abbasova bağışlamadı.